Hüquqşünas: “Hətta müharibə şəraiti olsa belə, bütün plaformanın qapadılması Azərbaycanın qoşulduğu Konvensiyalara ziddir”
Azərbaycanın “antiterror əməliyyatı” adlandırdığı hərbi əməliyyatların bitməsindən 1 aydan çox müddət keçsə də, “TikTok” sosial şəbəkəsinin fəaliyyəti bərpa edilmir.
Elektron Təhlükəsizlik Xidmətinin (ETX) sektor müdiri Ləman Hüseynzadə Abzas Media-ya bildirib ki, platformaya girişin bərpa olunması ilə bağlı qərar yoxdur:
“Məsələ ondadır ki, “TikTok”a giriş aiddiyatı dövlət qurumunun qərarı ilə məhdudlaşdırılıb. Hazırda məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar yoxdur. Belə bir qərar olarsa, açıqlama veriləcək”, – deyə o, bildirib.
Ancaq Ləman Hüseynzadə söhbətin hansı qurumdan getdiyini açıqlamayıb.
Ölkədə “TikTok” sosial şəbəkəsinə giriş sentyabrın 19-dan məhdudlaşdırılıb. Rəsmi açıqlamada səbəb kimi keçirilən əməliyyatlar göstərilməsə də, bu platformaya girişin məhdudlaşdırılması lokal hərbi əməliyyatların başlaması ilə eyni vaxta təsadüf edib.
Azərbaycanda hərbi əməliyyatlar dövründə internet platformalara girişin məhdudlaşdırılması ilk hal deyil.
Bundan əvvəl 27 sentyabr 2020-ci ildə, İkinci Qarabağ Müharibəsi başlayanda Azərbaycanda ümumilikdə internetə giriş məndudlaşdırılmışdı. Ancaq həmin vaxt rəsmi açıqlamada məhdudiyyət hərbi əməliyyatlarla əlaqələndirilmişdi. 12 noyabrda internetə giriş bərpa olunmuşdu.
Hüquqşünas Xalid Ağaliyev deyir ki, ifadə azadlığı hüququ bəzi məqsədlər üçün məhdudlaşdırıla bilər, ancaq bu, bütün platformanı əhatə edə bilməz.
Onun bildirir ki, Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə görə, milli təhlükəsizlik, ərazi bütövlüyü, asayişin qorunması, iğtişaşların, cinayətlərin önlənməsi, sağlamlığın, şəxslərin hüquqlarının qorunması, ədalət mühakiməsinin nüfuz və qərəzsizliyinin təmin olunması məqsədləri üçün ifadə azadlığı məhdudlaşdırıla bilər. Amma bu halda bütün platforma qapadıla bilməz.
"Bu məqsədlər naminə “TikTok”a, “Facebook”a və digər sosial media platformalarına məhdudiyyət təbiq etmək olar. Ancaq bu məhdudiyyət heç bir halda bütünlüklə platformanın özünə tətbiq edilə bilməz. Bu ifadə azadlığı hüququnun pozuntusu sayılacaq. Yəni, bir və ya bir neçə yüz zərərli, qanunla qadağan olunan məzmunda paylaşım, bütün platformanın qapadılmasına əsas verə bilməz.
Hər hansı səhifə, hər hansı profil və ya hansısa paylaşımlar bloklana bilər. Bu zaman ifadə azadlığı hüququ pozulmamış olar. Bu, ifadə azadlığı hüququnun tələbidir.
Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulayıb ki, ayrı-ayrı məzmunlara görə, bir platformanı, bir jurnalı, qəzeti qapatmaq olmaz, belə məhdudiyyət ifadə azadlığı hüququ ilə ziddiyət təşkil edir”, – deyə o, bildirib.
Hüquqşünas deyir ki, hətta müharibə şəraiti olsa belə, bütün plaformanın qapadılması Azərbaycanın qoşulduğu Konvensiyalara ziddir:
“Əgər müharibə şəraitidirsə, hökumət Avropa Şurasına müraciət etməli və Konvensiya ilə üzərinə götürdüyü öhdəliklərdən geri çəkildiyini bəyan etməlidir. Belə bəyandan sonra daxili qanunlara istinad edib hansısa məhdudiyyətlər tətbiq etmək olar”.