Britaniya mediasında “Harrods bədxərci” elan edilən Zamirə Hacıyevanın lüks alış-verişi haqda ilk dəfə tam təfərrüatlar açıqlanıb
Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın 20 milyon dollarlıq qızıl-zinət əşyaları müsadirə oluna bilər. Bu barədə məlumatı “The Evening Standard” nəşri verib.
Bildirilib ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA-National Crime Agency) Zamirə Hacıyevanın qanunsuz yolla əldə etdiyi dəbdəbəli zinət əşyaları ilə bağlı məlumatları tam açıqlayıb.
Məhkəmədə NCA agentliyinin maraqlarını müdafiə edən vəkil Ketrin Kallaqan Zamirə Hacıyevanın sırf dəbdəbə elementi olan 49 ədəd zərgərlik kolleksiyasını saxlamağa heç bir hüquqi əsasının olmadığını bildirib.
Vəkil Hacıyevanın həyat yoldaşının bank fırıldaqçılığına görə Bakıda həbsdə olması və proseslərdə iştirak edə bilməməsi arqumentindən yararlanaraq müsadirənin qarşısını ala biləcəyi təqdirdə, bunun digər xarici maqnatların məsuliyyətdən qaçmasını asanlaşdıracaq presedentə çevriləcəyini bildirib.
Məhkəmədə ilk dəfə olaraq Zamirə Hacıyevanın Londonun məşhur “Harrods” univermağından aldığı və “The Evening Standard” qəzetinin ətraflı sadaladığı zinət əşyalarının şəkilləri təqdim olunub.
Məhkəmə yekun qərar qəbul edənə qədər proses təxirə salınıb.
Zamirə Hacıyeva 2018-ci ildə MCA-nın qanunsuz əldə edilən vəsaitlərin Londonda “yuyulmasına” dair apardığı araşdırma zamanı diqqət çəkib.
Britaniyalılar Londonun şübhəli kapital üçün xəlvəti liman olmasından narahat idilər. Onlar hakimiyyətdən tələb edirdilər ki, bu vəziyyətə əncam çəkilsin.
Beləliklə, hüquq-mühafizə orqanları daşınmaz əmlak almaqla qanunsuz gəlirlərin leqallaşdırılması ilə mübarizə üçün yeni orderin tətbiqinə başladılar. Bu orderin tələbinə əsasən, 50 min funtdan yuxarı aktivləri olan şəxslər bu əmlakları dürüst yolla qazanılmış pulla aldıqlarını sübut etməyə məcburdurlar.
Hacıyevanın orderi – bu qəbildən olan ilk orderdir və hüquq-mühafizə orqanları tərəfindən 2018-ci ilin fevralında verilib. Onun qanunsuz olduğundan şübhələndikləri əmlakına 22 milyon funt-sterlinqdən çox dəyər biçilmişdi. Bura Londonun Naytsbricdə Uolton küçəsindəki 15 milyon funt sterlinq dəyərində evi də, Londonun kənarında qolf meydançası və bir sıra digər mülklər daxildir.
2018-ci ildə keçirilən məhkəmədə üzə çıxan informasiyaya görə, Hacıyeva 2006- 2016-cı illərdə təkcə Londonun “Harrods” univermağında ərinin bankının verdiyi 35 kredit kartıyla 16 milyon funt sterlinqdən çox pul xərcləyib.
60 yaşlı Zamirə Hacıyeva həm də Böyük Britaniyada çirkli pulların araşdırıldığı “McMafia” qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunan ilk xarici vətəndaşdır. O, Krallıqda ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində 2018-ci ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunub, 2 gün sonra isə sərbəst buraxılıb. Əmlakına qoyulan müsadirə qərarı isə qüvvədə qalıb.
İlk məhkəmə çəkişmələri zamanı Hacıyevanın vəkilləri bildirirdilər ki, onun əmlakı qanuni yolla qazanılıb, buna görə də “izaholunmaz varidat” haqda qanun ona şamil edilə bilməz. Amma proses zamanı Hacıyeva bu gəlirləri hansı qanuni yolla əldə etdiyinə dair sübutlar təqdim edə bilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Cahangir Hacıyev 2019-cu ildə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Eks-bankir Cinayət Məcəlləsinin “mənimsəmə və israfetmə”, həmçinin “vəzifə səlahiyyətindən sui-istifadə” maddələri ilə ittiham olunub.
Cahangir Hacıyev özünü təqsirli bilməyib. O, Beynəlxalq Bankdan kredit kimi götürülən vəsaitlərin layihələrə xərcləndiyini, əldə olunan gəlirlərdən kreditlərin ödənildiyini bildirib. Onun sözlərinə görə, kreditlər hesabına yaradılan işlək müəssisələr onun həbsindən sonra ələ keçirilib. Lakin onları nə satıb tam məbləği bağlayırlar, nə də əldə olunan vəsaitlərdən kreditləri ödəyirlər.