Media eksperti: “Azərbaycanda nəzarətdə olmayan media qurumları arzulanmır”
“Abzas Media-nın öncəliklə hədəfə alınması apardığı araşdırmalarla bağlıdır”. Bu sözləri hüquqşünas, media eksperti Ələsgər Məmmədli deyir.
Bu günlərdə hökumətə yaxın bir sıra media orqanlarında Abzas Media da daxil olmaqla müstəqil medianı və vətəndaş cəmiyyəti təmsilçilərini hədəfə alan məqalələr dərc olunur. Media eksperti deyir ki, bu cür məqalələri dərc edənlərə ümumiyyətlə media demək olmaz:
“Onsuz da hökumətin təbliğatı ilə məşğul olan resurslar var. Ancaq təəssüf ki, APA, Report kimi bəzi özünə media deyən, peşəkar görünən qurumlar imza qoymadan, “analtik qrup” adı altında uydurma, yalan məlumatlarla fərdləri və qrupları böhtana məruz qoyurlar. Beləliklə, dırnaqarası ictimai rəy yaradırlar. Ancaq ictimai rəy birmənalı olaraq bu proseslərin qondarma olduğuna dairdir.
Ölkədə sosial media reallığı var. Belə olan halda 3-5 min auditoriyası olan Abzas Media, Toplum Tv və bu cür digər media orqanları bağlansa da, informasiya axınının qarşısını almaq mümkün olmayacaq”, - deyə hüquqşünas bildirib.
O, həmçinin qeyd edir ki, baş verənlər media və ifadə azadlığına birbaşa basqıdır.
“Çox təəssüf ki, Azərbaycanda nəzarətdə olmayan, mərkəzdən gələn məlumatları yaymayan media qurumları arzulanmır. Buna görə də mövcud olan məhdud resurslu həmin media orqanları hədəf alınıb ki, bunlardan da biri Abzas Media-dır.
Bu media korrupsiya araşdırmaları edir və bu araşdırmalar da xeyli sayda insanın diqqətinə çatır. Odur ki, arzu olunmur. Heç bir halda bu cür məsələlər yekunda istənilən nəticəni vermir. Azad medianı yox etməklə, Azərbaycan cəmiyyətini inkişaf etdirmək mümkün deyil.
Çox az sayda olan tərəfsiz, tənqidi, hadisələrə obyektiv yanaşan medianın ümumiyyətlə mövcud olmaması ifadə azadığına mənfi təsir edər. Bu hücumlar dayandırılmalıdır, mediaya, jurnalistlərə qarşı qondarma ittihamlara yol verilməməlidir”, - deyə o, bildirib.
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, hökumətin müstəqil mediaya qarşı davamlı düşmənçiliyi məlum bir həqiqətdir, çünki mətbuatın ən vacib rolu hökumətin fəaliyyətini izləməkdir.
“Hökumətdə korrupsiyanın çiçəkləndiyi hallarda şəffaflığın olmaması bu cür qanunsuzluqlar üçün münbit zəminə çevrilir. Müstəqil media isə dövlət layihələrinə işıq salmağa və korrupsiyanın miqyasını ifşa etməyə çalışır və bununla da hökumətin məsuliyyətə cəlb edilməsində mühüm rol oynayır. Bu da hökumət üçün vacib ictimai nəzarət funksiyanı yerinə yetirməyə çalışan Abzas Media kimi media orqanlarına qarşı əsas düşmənçilik motividir”, - deyə Mehman Əliyev bildirib.
Onun sözlərinə görə, zaman-zaman ayrı-ayrı mediaya və ya media qruplarına artan təzyiq tez-tez özünüsenzurada acınacaqlı bir sıçrayışa səbəb olur.
“Bu cür təzyiq altında olan media təşkilatları müstəqilliklərindən imtina edə bilər və bu səbəbdən təsirli ictimai nəzarət agentləri kimi çıxış etmək qabiliyyətlərini təhlükə altına ala bilərlər.
Müxaliflərinə qarşı siyasi və məcburi hərəkətlər edən səlahiyyətlilər ardıcıl olaraq hökumətyönlü medianın təbliğat mexanizminə güvənirdilər. Siyasi gündəmi təşviq etmək üçün medianın bu cür strateji istifadəsinə ümumiyyətlə siyasi kampaniyanın informasiya dəstəyi deyilir və əlverişli narrativlərin yayılması yolu ilə müxalifləri nüfuzdan salmaq üçün yaxşı qurulmuş bir nümunədir”, - deyə o bildirib.