Millət vəkili: “Qarabağda doğulmuş və yaşamış şəxslərə məxsus əmlakı heç kim onların əlindən almır”
Sentyabrda Azərbaycanın başlatdığı son hərbi əməliyyatlardan sonra Xankəndi şəhərindən köçən ermənilərin əmlaklarının taleyi hələ də bilinmir.
Ermənistan tərəfinin rəsmi açıqlamasına görə, Azərbaycan Laçın dəhlizində sərhəd-keçid məntəqəsi qurduqdan sonra, Qarabağda, xüsusilə Xankəndidə yaşayan 100 mindən çox erməni bu əraziləri tərk edib.
Dövlət Miqrasiya Xidməti (DMX) oktyabrın 2-də 7 erməninin, daha sonra isə 15 erməninin Azərbaycan vətəndaşlığı üçün müraciət etdiyini bildirib. Ancaq köçənlərin böyük hissəsinin geri qayıtmaq fikrinin olmadığını nəzərə alsaq, ermənilərə məxsus mülklərdə kimlərin yaşayacağı sual altındadır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev Abzas Media-nın sorğusuna cavab olaraq bildirib ki, azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına köçürüləcəklər:
“1988-ci ildən Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi etnik təmizləmə prosesi və işğal nəticəsində doğma yurdlarından didərgin düşmüş, 35 il müddətində yurd həsrəti yaşayan məcburi köçkünlərin doğma torpaqlarında daimi məskunlaşdırılması təmin ediləcək”.
Ancaq İbrahim Mirzəyev bu şəxslərin Xankəndidə ermənilərə məxsus evlərə köçürülüb-köçürülməyəcəyinə aydınlıq gətirməyib.
Deputat, parlamentin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsrirov deyir ki, ermənilərin mülkiyyət hüququ qorunacaq. Ancaq o, alqı-satqı variantını da istisna etmir:
“Köçən ermənilərdən kim Xankəndiyə qayıtmaq istəmirsə, ancaq hesab edirsə ki, mülkün hüquqi sahibidir, mülkü elə boş qalası deyil ki?! Beynəlxalq praktikada alqı-satqı mexanizmləri var və o tətbiq edilməlidir.
Xankəndi daxil olmaqla işğaldan azad olan ərazilərdən ermənilərin köçü könüllü şəkildə olub. Köçənlərin geri qayıtmaq hüququ var. Köç prosesi olanda da Azərbaycan Xarici İşlər Nazirliyi onlara çağırış etmişdi ki, köçməyin, siz Azərbaycan vətəndaşısınız, vətəndaşlığı rəsmən də qəbul edib, qalın. İndi Ermənistan hökuməti də Qarabağda yaşayan ermənilərin əmlaklarının qorunması ilə bağlı beynəlxalq məhkəməyə müraciət edib. Azərbaycan hüquqi dövlətdir, Qarabağda doğulmuş və yaşamış şəxslərə məxsus əmlakı heç kim onların əlindən almır. Bununla bərabər 250 mindən çox soydaşımız Ermənistandan deportasiya edilib, etnik təmizləməyə məruz qalıb, mülkləri dağıdılıb. Ona görə hesab edirəm ki, burada məsələlər qarşılıqlı şəkildə olmalıdır”,- deyə o bildirib.
Sentyabrın 19-da Azərbaycan ordusu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə olan qanunsuz silahlı qruplaşmaya qarşı “antiterror” adlandırdığı hərbi əməliyyatlara başladığını elan edib. Sentyabrın 20-də isə tərəflər hərbi əməliyyatların dayandırılması və danışıqlara başlanması ilə bağlı razılığa gəliblər.
Sentyabrın 28-də Qarabağdakı qeyri-leqal hökumət yanvarın 1-nə qədər buraxılacağını elan edib.
Bununla paralel olaraq, Azərbaycanın bəzi dövlət qurumları Xankəndi şəhərində fəaliyyətlərini bərpa ediblər. Noyabrın 8-də şəhərdə hərbi parad keçirilib. Paradda ölkə başçısı İlham Əliyev və yüksək rütbəli dövlət məmurları iştirak ediblər.