Gülnarə Mehdiyeva: “Hesabatda yalnız erkən nikah qeyd olunur, ancaq yetkin qızlar da məcburi evliliyə məruz qalırlar”

Gülnarə Mehdiyeva: “Hesabatda yalnız erkən nikah qeyd olunur, ancaq yetkin qızlar da məcburi evliliyə məruz qalırlar” Foto: Arqument az
21 Dekabr 2023
Mətni dəyiş

Feminist fəal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatını yarımçıq sayır və bir çox sualların açıq qaldığını deyir

Dekabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentə 2022-ci il üzrə illik hesabatlarını təqdim edib. Hesabatda qeyd olunub ki, il ərzində üzrlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən nikaha girməyə icazə verilib:

“Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) rayonlarında daha çox erkən evlilik faktı müəyyən edilib. İl ərzində 146-sı qısamüddətli, 12-si uzunmüddətli olmaqla ümumilikdə 158 mühafizə orderi icraatda olub. Onlardan 151-i qadınlar, 7-si kişilər barədə verilib.

“Qadın Dəstək Xətti”nə müxtəlif problemlərlə bağlı 2050 müraciət daxil olub. Bunlar ailədaxili münaqişə (676), məişət zorakılığı (361), boşanma prosesinə dəstək (182) və digər sahələrlə bağlı olub.

Bakının 12 rayonu üzrə 26463, Azərbaycanın bölgələri üzrə 58157 aliment ödəyicisi var. Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır”, - hesabatda qeyd olunub.

Sənəddə üzrlü səbəbdən erkən evliliyə hüquqi əsas yaradan istisnaların da aradan qaldırılması təklif edilib.

Feminist fəal Gülnara Mehdiyeva deyir ki, Ombudsmanın hesabatı ilə bağlı xeyli açıq suallar qalır. Onun fikrincə, hesabat bu istiqamətdə bütün problemləri əhatə etməyib:

“Gördüyüm budur ki, kuir qadınlarla bağlı məsələ yer almır. Komitə trans qadınları qadın hesab edirmi və onlar üçün hər hansı dəstək həyata keçirirmi? Komitənin qaynar xəttinə məişət zorakılığı ilə bağlı məlumatlar daxil olanda bu zorakılıqlar əgər zərərçəkənin oriyentasiya və genderi ilə bağlı olubsa, bunun da ayrıca bildirilməsi zəruri olardı. Yəni neçə qadın məhz lezbiyan olduğu üçün zorakılıq və təcridə məruz qalıb?

Komitə bildirir ki, onların qaynar xəttinə müraciətlər gəlib. Bəs o müraciətlərin taleyi necə olub? Yəni hüquqi yardım göstərilibmi? Neçə qadına psixoloji yardım göstərilib? Ümumiyyətlə, qaynar xətt nədir və zərərçəkənlər zəng etməklə nə cür faydalana bilərlər?

Ölkədə çox az sayda adam var ki, komitənin qaynar xətti olduğundan məlumatlıdır. Mənə müraciət edən zərərçəkənlərin 90 faizi nə xəttin mövcudluğunu bilir, nə də hansı işə yaradığını. Qaynar xəttin varlığının təbliği üçün hansı işlər görülür?” - Gülnarə Mehdiyeva sual edir.

Feminist fəal deyir ki, kuir qadınlarla bağlı statistikanın olması homofobiya, bifobiya və transfobiya barədə təsəvvürlərin olmasına kömək edərdi:

“Görmədiyim növbəti məqam isə məcburi evliliklərdi. Burada yalnız erkən nikah qeyd olunur, amma mən dəfələrlə yetkin qızların da zorla evliliyə məruz qaldıqlarını görmüşəm. Onlar da müraciət edirmi, onlara da dəstək verilirmi? Verilirsə, necə? Çünki patriarxat bizim ölkədə 18 yaşla məhdudlaşmır.

Ən vacib məqamlardan biri də odur ki, ölkədə televiziya proqramlarında istər azyaşlı uşaqlara, istərsə də yetkin qadınlara qarşı seksizm, ayrı-seçkilik, alçaltma, qınama, zorakı mühit yaratma halları yaşanır və bu səhnələr sosial şəbəkələrdə gündəm olur. Mən bu yaxınlarda bilmişəm ki, efirlərdə gender ayrı-seçkiliyi qanunla qadağandır. Komitə bununla bağlı nəzarəti nə vaxt öz üstünə götürəcək?" - deyə Gülnarə Mehdiyeva bildirib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun