Millət vəkili: “Qarabağda yaşayan hansı erməni aclıqdan və ya tibbi ehtiyacları təmin olunmadığı üçün həyatını itirib?”
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistanın bir-birinə qarşı şikayətləri ilə bağlı qərarlarını açıqlayıb.
Azərbaycan müraciətində Ermənistanın onun ərazilərinə mina basdırdığını və basıdırılan minaların xəritəsini təqdim etmədiyini bildirib. Bunun aradan qaldırılması üçün müvəqqəti tədbirlər görülməsini xahiş edib. Məhkəmə isə bunu tələblərə uyğun hesab etməyib.
Ermənistanın şikayəti isə Laçın dəhlizindəki aksiya ilə bağlı olub. Onlar müraciətlərində bildiriblər ki, Laçın dəhlizi Qarabağda yaşayan insanların əsas kommunikasiya vasitəsidir, xəstəxanaya, qidaya çıxış yalnız bu yolla mümkündür. Onlar Azərbaycanın həmin koridorda maneə yaradaraq hərəkəti dayandırdığını bildiriblər.
Müraciətdə xahiş edilib ki, bunun aradan qaldırılması üçün qərar qəbul edilsin. Hüquqşünas Xalid Ağaliyev Abzas Media-ya deyib ki, məhkəmə Ermənistanın müraciətini qismən təmin edib:
“Qərarda nəzərdə tutulub ki, Azərbaycan tərəfi insanların Laçın dəhlizi vasitəsilə maneəsiz hərəkətini təmin etmək üçün lazım olan bütün addımları atmalıdır. Biz bilirik ki, Rusiya sülhməramlıları vasitəsilə oradan maneəsiz hərəkət var. Ola bilsin ki, əvvəl maneə olub. Ancaq indi oradan insanların keçməsi, qidanın daşınması üçün bir problem yoxdur. Avropa Məhkəməsi də təxminən 1 ay əvvəl eyni motivdə qərar qəbul edib, indi də BMT-nin Ədalət Məhkəməsinin fərqli bir qərar çıxarmasını gözləmək olmazdı".
Hüquqşünas bildirib ki, bundan sonra Azərbaycan tərəfi oradakı vəziyyətlə bağlı gələn sorğulara cavab verəcək. Ermənistanın bir tələbi də o olub ki, aksiyanın qarşısı alınsın. Hüquqşünas deyir ki, "məhkəmə bu məsələnin üzərindən keçib”.
Siyasətçi Azər Qasımlı deyir, əvvəldən bilinirdi ki, "ekoaktivistlərin" aksiyasını dünya qəbul etməyəcək:
“Hamı bilir ki, yalandır. Biz də lap əvvəldən deyirdik ki, bunu etməyin. Nəticə etibarilə ermənilər buna görə məhkəmələrə, digər ölkələrə, təşkilatlara müraciət edəcəklər. Dünya ictimaiyyəti qarşısında bu məsələni gündəmə gətirəcəklər ki, ermənilərin hüquqları pozulur, azərbaycanlılar ermənilərlə birlikdə yaşaya bilmirlər, onlar humanitar böhran yaşayırlar və s. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı da bizim əvvəlcədən dediklərimizi təsdiq etmiş olur. Yəni, bu səs-küyə dəyməzdi. İndi bu qərardan sonra Azərbaycan tərəfi o yolu açmaq, aktivistləri oradan götürmək məcburiyyətində olacaq” – deyə Azər Qasımlı bildirib.
Millət vəkili Fəzail Ağamalı deyir ki, məhkəmənin qərarı qərəzlidir. Onun sözlərinə görə, bu aksiya dinc xarakter daşıyır və Qarabağda yaşayan ermənilər üçün humanitar koridor açıqdır:
“Biz onlarla müxtəlif təyinatlı maşınların oradan hərəkətini müşahidə edirik. Niyyət Qarabağda Azərbaycanın sərvətlərini talayanların, regiona bəd niyyətlə gedən terroristlərin, silah daşıyanların, təxribatçıların qarşısını almaqdır. Təəssüf ki, Beynəlxalq Ədalət Məhkəməsi də digər təşkilatlar kimi erməni lobbisinin pulu üzərində qurulan bu yalan təbliğatının girovuna çevrildi. Ədalət Məhkəməsi ədalətsiz qərar qəbul etdi. Azərbaycanın tələbləri təmin olunana kimi bizim aktivistlər öz fədakar fəaliyyətlərini davam etdirəcəklər. Bu, Azərbaycanın müstəsna hüququdur” – deyə millət vəkili bildirib.
Fəzail Ağamalı deyib ki, orada humanitar böhranın yaranması ilə bağlı deyilənlər həqiqət deyil: “Fakt odur ki, hər gün oradan Rusiya sülhməramlılarının içi ərzaqla dolu təminat maşınları keçir. Onlar dərman və digər zəruri məhsullarla təmin olunurlar. Sual olunur, Qarabağda yaşayan hansı erməni aclıqdan və ya tibbi ehtiyacları təmin olunmadığı üçün həyatını itirib?”.
Laçın yolundakı aksiya ötən ilin dekabrın 12-də başlayıb. Aksiya iştirakçıları bildiriblər ki, əsas tələbləri Azərbaycan ərazilərində aparılan ekoloji qazıntı işlərinin dayandırılması və həmin ərazilərdə monitorinq aparılmasına icazə verilməsidir. Aksiya 74 gündür davam edir.