Deputat Anar İsgəndərov: “İş yerləri var, ancaq açılan iş yerlərilə əhalinin sayı arasındakı mütənasiblik tərsdir”
Fevralın 22-də Dövlət Statistika Komitəsi 2022-ci ildə Azərbaycanda baş verən cinayət halları ilə bağlı rəqəmləri açıqlayıb.
Məlumata görə, il ərzində ümumilikdə 36. 494 cinayət hadisəsi qeydə alınıb və cinayət törətmiş şəxslərin 72,8 faizini heç yerdə işləməyən, təhsil almayanlar təşkil edib.
2022-ci ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 886 milyon, sosial sahəyə isə 3 milyard 728 milyon manat ayrılıb. Bəs görəsən cinayət törətmiş şəxslərin əksəriyyəti niyə təhsilsiz və işsiz qalıblar?
Deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov Abzas Media-ya deyir ki, cinayət törədən şəxslərin arasında təhsilsiz, işsiz olanların sayının çox olması normalıdır.
Onun sözlərinə görə, insanın işi olmayanda ehtiyacı çox olur, ehtiyacını təmin etmək üçün də oğurluq edir və ya başqa cinayət törədir:
“Biz də cinayətkarların sayını azaltmaq üçün dövlət olaraq əlimizdən gələni edirik. Təbii ki, yeni iş yerləri açılır, istehsal sahələri yaradılır, ancaq ədalət naminə demək lazımdır ki, müharibədən yeni çıxan dövlət qısa müddət ərzində bu qədər iş yeri yarada bilməz”.
Millət vəkili deyir ki, işsizliyi aradan qaldırmaq üçün zavod və fabriklər açılmalıdır.
“Dövlətin qəbul etdiyi qərarlara fikir versəniz, görərsiniz ki, bir nömrəli vəzifə iş yerlərinin yaradılmasıdır. Lap istehsal oldu, əgər o, satılmayacaqsa, kimə lazımdır? İş yerləri var, ancaq açılan iş yerlərilə əhalinin sayı arasındakı mütənasiblik tərsdir. Bundan əlavə, Qarabağda onminlərlə iş yeri açılıb, siz bunu görə bilmirsiniz? İşğaldan azad olunmuş ərazilərdə gecə-gündüz iş gedir. Mən inanmıram ki, hansısa ölkədə tam işsizlik olsun”.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyir ki, bu məsələ Milli Təhlükəsizlik Konsepsiyasında birbaşa göstərilmir, ancaq dövlət müəyyən addımlar atmalıdır.
Onun sözlərinə görə, cinayətlərin artması tam olaraq təhsilsizliklə bağlı deyil, əsasən işsizliklə bağlıdır:
“İşsiz və təhsilsiz adamların cinayət törətməsində bir təbiilik var, ona görə ki, işsiz, təhsilsiz adam cinayətkarlığa meyilli olur. Dövlət sosial-iqtisadi tədbirlər həyata keçirməlidir. Bunun üçün iş yerləri açılmalı, təhsilə diqqət yetirilməli, təhsildən kənar peşə məktəblərinin sayı artırılmalıdır. Böyük proqram olmalıdır. İşsizlik və yoxulluq ona gətirib çıxarır ki, cinayət törədirlər. İş yeri problemi həll olunarsa, cinayətkarlıq xeyli miqdarda azalacaq. Əsas odur ki, insanın gəlir yeri olsun”.
Sosioloq Sahib Altay deyir ki, cəmiyyətdə cinayətkarlığın səviyyəsini azaltmaq istəyiriksə, insanlar işlə təmin olunmalıdır:
“Hər kəs heç olmasa, minimal yaşam səviyyəsində öz təlabatlarını ödəmək gücünə malik olmalıdır. Çünki biz tək yaşamırıq, toplum və ailə halında yaşayırıq. Bizim özümüzə, ailəyə bağlı və ictimai məsuliyyətlərimiz var ki, biz onları işlə ödəyə bilirik. Bizdə çox vaxt mütəxəssislər əmək fəaliyyətini maddiyata bağlayırlar, amma bunun mənəvi tərəfi də var. İşsiz insan ona görə psixoza tutulur ki, birincisi maddi ehtiyaclarını ödəyə bilmir, ikincisi isə öz içində əksiklik kompleksləri yaranır. Bu da insanda şəxsiyyət əksikliyi yaradır və sonradan psixoza çevrilir və cinayətkarlığa meyl edir. Bu, elmi tədqiqatlarda sübut olunmuş səbəbdir” – deyə sosioloq Sahib Altay bildirib.