“Əhaliyə içməli su maya dəyərindən aşağı satılır”
Azərbaycanda suyun qiyməti artırıla bilər. APA xəbər verir ki, bu təkliflə "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
"Əhaliyə içməli su maya dəyərindən aşağı satılır. Tariflər normal olsa, "Azərsu" ASC daha rentabelli fəaliyyət göstərə bilər. Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik".
E.Məmmədov bildirib ki, Bakıda ən çox su itkiləri Sabunçu, Suraxanı, Binəqədi və Abşeron rayonlarında qeydə alınıb.
O qeyd edib ki, tikililərin pərakəndə şəkildə salınması, tikinti norma və qaydalarına uyğun olmayan şəbəkələrin yaradılması bunun əsas səbəbləridir.
"Həmçinin mövcud şəbəkələrimizin 70 faizi öz istismar müddətini başa vurub və qanunsuz su xətləri çəkilib".
Etibar Məmmədov əlavə edib ki, son dövrlərdə su itkilərinin bir hissəsi də bir müddət əvvəl Lökbatan və Yasamal rayonu ərazisində baş vermiş qəzalardır:
"Qəzalarda itkiyə gedən suyun uçotu dəqiq aparılıb. Təxminən 30-40 min kub su itkiyə getmişdi. Bakıya sudaşıyıcı kəmərlərin istismar müddəti bitib. Bunların bərpası istiqamətində işlər aparılır".
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov deyib ki, bu gün suyun 1000 kubunun qiyməti dövlətə 70-80 manata başa gəlir. Lakin sudan istifadə birliklərinə suyun 1000 kubu 50 qəpiyə satılır:
"Onlar da xərclərinə uyğun olaraq müəyyən qədər vəsaiti üzərinə gəlməklə istifadəçilərə təqdim edirlər".
Rafiq Aslanov həmçinin söyləyib ki, Kürdə suyun həcmi 27 faiz, Arazda 34 faiz, Samur çayında isə 21 faiz azalıb. O bildirib ki, bunlar iri çaylarımızdır, digər çaylarda da suyun səviyyəsi aşağı düşüb:
"Buna baxmayaraq, Mingəçevir su anbarında toplanmış suyun həcmi ötən illərlə müqayisədə artırılıb. 2023-cü ildə toplanmış suyun həcmi 10,3 milyard kubmetrdir".
R.Aslanov deyib ki, ölkədə mövcud olan su ehtiyatlarının 94,5 faizi Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən paylanılır, həmçinin 5 faizi "Azərsu" ASC, 0,5 faizi də digər formada paylanılır:
"Ölkənin 25 milyard kub su ehtiyatı var. Bunun 16,5 milyard kubu yeraltı, 8,5 milyard kubu isə yerüstü sulardır".
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə bildirib ki, Azərbaycanın su ehtiyatlarının 70 faizə qədəri ölkə xaricində formalaşır və transsərhəd çaylar vasitəsilə yaranır.
“Ölkəmiz adambaşı su ehtiyatının miqdarına görə 100-lükdə 90-cı yerdədir” – V.Kərimov əlavə edib.
Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri Azərbaycanda da özünü göstərib: “Bütün bunlara görə məhdud su ehtiyatlarımızdan səmərəli istifadə edilməlidir. Son illər su ehtiyatlarımız azalır. 50-ci ilə qədər su ehtiyatlarımız 15-20 faiz azalacaq”.
Vüqar Kərimov əlavə edib ki, Mingəçevir su anbarına daxil olan suyun həcmi son 4 ildə 50 faizə qədər azalıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini deyib ki, Kür çayında vəziyyət elə də qorxulu deyil, lakin narahat olmağa əsaslar var.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə əhalini sudan səmərəli istifadəyə çağırıb:
“Söhbət təkcə suyun yığılmasından, ya da su ehtiyatlarımızdan getmir. Məsələ suyun düzgün istifadə edilməsiylə bağlıdır. Sudan məsuliyyətli qaydada istifadə etmək cəmiyyətdə trendə çevrilməlidir. Su ehtiyatlarımız nə qədər çox olsa, bundan səmərəsiz istifadə etsək, təbii ki, çatmayacaq”.
Suyun qiyməti sonuncu dəfə 2021-ci ilin yanvarın 31-də iki dəfə bahalaşdırlıb.