Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə bir sıra orijinal tikililərin səhvən tarixi irs siyahısına daxil edilmədiyindən sökülmək təhlükəsi ilə üzləşdiyi deyilib
Martın 2-də Bakı şəhər İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə bildirilib ki, bir sıra orijinal tikililər səhvən tarixi irs siyahısına daxil edilmədiyindən sökülmək təhlükəsi ilə üzləşiblər. Əlavə olunub ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın müdaxiləsindən sonra bir çox memarlıq binaları xilas edilib.
Bəs görəsən, tarixi tikililəri niyə müvafiq qurumlar yox, birbaşa prezident qoruyur?
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Abzas Media-ya bildirilib ki, tarixi-mədəniyyət abidələrinin son siyahısı Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilib.
Qeyd olunub ki, tarix, memarlıq və arxeoloji abidələr müvafiq prosedurlar həyata keçirildikdən sonra dövlət qeydiyyatına alınırlar.
“Son illər aparılan monitorinqlər nəticəsində əvvəlki siyahıya daxil edilməyən 1400-dən çox tarix, memarlıq və arxeoloji əlamət daşıyan obyektlər müəyyən edilərək qeydə alınıb. Yeni aşkar olunmuş abidələrə də mühafizənin ilkin dərəcəsi tətbiq edilərək qorunması işi təşkil edilib. Yeni qeydə alınanların içərisində Bakı şəhərində yerləşən memarlıq abidələri də var. Eyni zamanda Azərbaycan Memarlar İttifaqının təklif etdiyi binaların da memarlıq abidələri qismində reyestrə daxil edilməsi istiqamətində tədbirlər görülməkdədir” – deyə cavabda qeyd olunub.
Memar Elçin Əliyev deyir ki, bu tikililərə nəzarət etmək üçün Memarlar İttifaqı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti var, amma onlar öz üzərlərinə düşən işləri görmürlər:
“Onlar illərdir ki, heç nə etməyiblər. Memarlar İttifaqının sədri Elbay Qasımzadə 12 ildir sədrdir, bu 12 ildə nə edib? Hər il büdcədən 600 min manat köçürülür, bu pullar hara xərclənir? Memarlar İttifaqının borcudur ki, memarlıq abidələrini qorusun. Bununla axı şəhər meri məşğul olmamalıdır. İndi də tez-tez, tələsik bu siyahılar tərtib olunur” – deyə memar bildirib.
Elçin Əliyev deyir ki, gün ərzində şəhəri müşahidə etdikdə də tarixi tikililərlə bağlı problemləri sezmək olur. Amma müvafiq qurumlar bu problemləri görsələr də, reaksiya vermirlər:
“Uşağı şəhərin mərkəzilə məktəbə aparıram, görürəm ki, bina dağılır, müdaxilə olunub. Maraqlıdır, bunu bircə mən görürəm? Mədəniyyət Nazirliyində ərazi bölmələr, müfəttişlər var, bəs bunlar görmürlər? Çıxın şəhərin mərkəzində bir mıx vurun eyvanınıza, dərhal görüb tökülüşəcəklər. Amma abidələri görəndə qarışmırlar, birinci növbədə ona görə ki, onlar başa düşmürlər ki, bu memarlıq abidəsidir, bunu qorumaq lazımdır. Mütəxəssis deyillər. İşə problemi başa düşməyən işçilər qəbul olunur. İkinci məsələ, korrupsiyadır. Biz Bakıda yaşayırıq, bilirik ki, hər şeyin öz qiyməti var. Əlavə eyvanlar uzadırlar, birinci mərtəbələrin pəncərələrini açıb restoranlar edirlər. Bakıda olan binaların 90 faizinin fasadı dəyişib. Bu hamısı rüşvətin, korrupsiyanın nəticəsidir. Ona görədir ki, son illərdə ikinci mədəniyyət naziri də işdən qovulub və müavinləri həbs edilib. Bu, sistem problemidir. Yeni gələnlər dəyişdirmək istəsələr də, bu mümkün olmayacaq. Bunu dəyişmək istəyirsənsə, gərək kiminsə yoluna keçəsən. Şəhərin mərkəzindəki obyeklərin də əksəriyyətinin sahibi dövlət məmurudur. Heç kim də bunların yoluna keçmək istəmir. Ancaq xırda nələrsə dəyişəcək, köklü dəyişiklik olmayacaq” – deyə memar Elçin Əliyev bildirib.