Baş Prokurorluq jurnalist Elmar Hüseynovun qətli ilə bağlı suallardan yayınır
Martın 2-si "Monitor" jurnalının baş redaktoru, jurnalist Elmar Hüseynovun qətlə yetirilməsinin 18 ili tamam olur.
Qətlin törədilməsindən 18 il keçsə də, onun icraçıları və sifarişçiləri hələ də həbs edilməyib.
Bundan başqa, jurnalist-publisist Rafiq Tağının qətli və boğazından bıçaqla hədələnən jurnalist Aytən Məmmədovaya qarşı edilən hücumla bağlı heç kim məsuliyyətə cəlb olunmayıb.
Bəs görəsən, jurnalistlərə qarşı törədilən cinayətlər niyə açılmır?
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Abzas Media-ya deyib ki, Elmar Hüseynovun qətlinin araşdırılması üçün müxtəlif qurumlara sorğular göndərilib:
“Sonuncu dəfə elə iki il əvvəl Mətbuat Şurası olaraq Dövlət Təhlükəsizlik Xidmətinə sorğu ilə müraciət etmişdik. Ondan əvvəl də Milli Təhlükəsizlik Nazirliyinə sorğu göndərib işin nə yerdə olduğu ilə maraqlanmışıq. Həmişə də təqribən eyni cavabları alırdıq ki, cinayətin törədilməsi ilə bağlı şübhəli bilinən şəxslər ölkə xaricində və əlçatmaz olduğuna görə, məsələni tamamlamaq mümkün deyil. Biz də rəsmi versiya olaraq bunu qəbul edirik”.
Müşfiq Ələsgərli səlahiyyətli şəxslərin bu cinayətlərin açılmasında maraqlı olmaması və siyasi sifariş hesab edilməsi ilə bağlı fikirlərə cavab olaraq bildirib ki, cinayətin üstü açılmayana qədər bu nəticəyə gəlmək düzgün deyil.
“Bu qətldə siyasi sifariş və səlahiyyətli şəxslərin maraqlı olması barədə fikirləri müxalifətin çıxışlarından eşidirəm. Amma özünə hörmət edən beynəlxalq təşkilatların hesabatlarında belə bir ehtimalla rastlaşmıram. Sadəcə şərh olaraq verilir ki, jurnalistlər cəmiyyətin aktiv və üzdəgörünən təbəqəsi olduğuna görə, bu qətlləri hazırlayanlar daha dərin və məkrli oyun qururlar. Amma konkret siyasi hakimiyyətlərin cinayətlərin açılmasında maraqlı olmaması barədə faktla rastlaşmamışam”.
Müşfiq Ələsgərli qeyd edib ki, Elmar Hüseynovun qətlinin illərdir araşdırılmaması hökumətə daha çox ziyan vurur, nəinki xeyir verir:
“İmkan olsaydı, yəqin ki, bu cinayətləri açardılar ki, qınaq obyektinə çevrilməsinlər. O baxımdan mən bu ehtimalı istisna edirəm”.
Millət vəkili Fazil Mustafa isə Abzas Media-ya bildirib ki, bu kimi cinayətlərin açılması olduqca çətindir.
“Ola bilsin ki, işin içində elə detallar var onu araşdırmaq mümkün olmur. Bu, həm də peşəkarlıq məsələsidir. Düşünürəm ki, bu işin açılmaması narahatedici amillərdəndir. Bu, gələcəkdə belə cinayətlərin baş verməsini adiləşdirir. Əgər bu cinayət açılmırsa, demək istənilən belə cinayətin açılmaması riski ola bilər”.
Fazil Mustafa deyib ki, belə cinayətlərin açılmaması cəmiyyəti təhlükə altında qoyur:
“Bu gün tanınmış şəxslərin qətlə yetirilməsi, sıradan çıxarılması məchul qalanda dövlətin etibarına da təsir göstərir. Mən düşünmürəm ki, Elmar Hüseynovun qətli birbaşa siyasidir. Ola bilsin ki, hansısa konkret şəxslərin marağına toxunduğu üçün bu hadisə baş verib. Ancaq siyasi qətl kimi yanaşılsa belə, yenə də bu işin üstü açılmalıdır, çünki burada söhbət dövlətin etibarından gedir. Əgər qatil tapılmayıbsa, demək bu qatil obrazı istənilən adamı öldürə bilər” – Fazil Mustafa bildirib.
Mövzu ilə bağlı Baş Prokurorluğa göndərdiyimiz suallar cavabsız qalıb.
Jurnalist Elmar Hüseynov 2005-ci ilin martın 2-də yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib.
Baş Prokurorluq qətl faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4 və 228 (bilərəkdən xüsusi amansızlıqla adam öldürmə və qanunsuz odlu silah saxlama, gəzdirmə) maddələri ilə cinayət işi qaldırıb.
Prezident İlham Əliyev bu qətli Azərbaycanın imicinə vurulan "qara ləkə" adlandıraraq cinayətin tezliklə açılması, sifarişçilərin və qatillərin cəzalandırılması üçün mümkün olan hər şeyin ediləcəyini bildirmişdi.