1
“Baxış sayı” dedikdə çoxumuzun ağlına gələn şey bəllidir: internet dünyasında videoların, fotoların, mətnlərin baxılma, oxunma sayı. Baxış sayının çoxluğu sevincimizin, azlığı kədərimizin yeni mənbələrindən biridir. Amma son illər baxış sayı dedikdə zehnimə yüklənən anlam dəyişib, fiziki dünyada baxılma sayına çevrilib. Bizi nə qədər insan güdür? Evdə yatdığımız, tualetdə təbii ehtiyaclarımızı ödədiyimiz, sekslə məşğul olduğumuz, kafedə, restoranda oturub bir tikə çörək yediyimiz zaman bizi izləmək, dinləmək, qeydə almaq ehtimalı olanların sayı, yəni baxış sayımız hər gün artır. Qəfil bir amerikan şirkətinin, evdən sizi gülə-gülə yola salan arvadınızın, sizdən şübhələnən ərinizin, ya da Parlament prospektində yerləşən bir qurumun hədəfinə çevrilə bilərsiniz. Hələ bir az ictimai-siyasi fəallığı olanların vəziyyəti daha çətindir. Düzdür, yaxın tarix göstərdi ki, ictimai fəallığı olmayıb, cinsi fəallığı olan məmurlar da arada ümumxalq sərgisinə çıxarılırlar. Amma yenə də ictimai-siyasi fəalların günü daha qaradır. Ölkəmiz də, göz dəyməsin, ən yüksək texnologiyaların ən aşağı məqsədlərlə istifadəsində xeyli inkişaf edib.
Yaxşı ki, yazıçılarımız, sənət adamlarımız siyasətə çox qarışmırlar deyə, ən azından, hələlik sərgidə nümayiş olunmaq ehtimalını azaldıblar. Amma xatırlayanlar bilir, bir zamanlar qarışanlar vardı və xalq öz yazıçısının, publisistinin yalnız zəkası ilə deyil, qapalı bədən üzvləri ilə də arabir tanış olurdu. Lakin siyasətə qarışmıram deyib çox arxayınlığa da yol vermək olmaz. Hər an hər şey ola bilər.
2
Milli kütləvi vuayerizmin (oxu: insanların intim fəaliyyətlərini güdmək və ya buna qarşı cinsi maraq duymaq) növbəti dəfə çiçəkləndiyi son günlərdə amerikalı mədəniyyət tarixçisi Robert Darntonun “Polis müfəttişi qovluqlarını sahmana salır: Ədəbiyyat Respublikasının anatomiyası” adlı essesini xatırladım.
Bu essenin da daxil olduğu “Böyük pişik qətliamı” kitabında R.Darnton iddia edir ki, 19-cu əsrdən əvvəl çoxluğun oxuma-yazma bilmədiyi Avropada cəmiyyətin aşağı təbəqələrinin, tarix kitablarına düşməyən kütlələrin dünyagörüşlərini, yanaşmalarını və dəyərlərini bilsək, tarix gözümüzdə tamam fərqli formada canlanar. Çünki yazılan rəsmi tarix bizə bunları söyləyə bilmir. Darnton bunu “zehniyyət tarixi” adlandırır və özünəməxsus metodlarla “Böyük pişik qətliamı” kitabında da Aydınlanma dövrünün Fransasındakı müxtəlif sosial qrupların düşüncələrini, inanclarını, tarix kitablarına düşməyən həyat tərzlərini araşdırır.
Müəllifin hədəfinə gələn qruplardan biri ədəbiyyatçılar, yazıçılardır. 18-ci əsrin ortalarında Parisdə adı-sanı olmayan, uğursuz, bohem həyat sürən yazarların necə yaşadıqlarını, nələrlə məşğul olduqlarını, şəxsi həyatlarının, düşüncə və inanclarının necə olduğunu öyrənmək üçün tamamilə fərqli sahədə çalışan bir nəfərin köməyindən istifadə edir. O bir nəfərin, yəni polis müfəttişi Jozef Demerinin məqsədi isə bizə uğursuz qələm əhlinin tarixçələrini danışmaq deyil, öz müqəddəs kralını və krallığını qorumaq üçün təhlükəli “ünsürlər”lə mübarizə aparmaqdı. İctimai-siyasi fəallığı olan, ya da nə vaxtsa fəal olmaq, təhlükəli olmaq ehtimalını daşıyan Paris yazıçıları onun gözlərindən və qulaqlarından yayına bilmirdilər.
3
Demerinin müfəttiş kimi əsas işi kitab ticarətini, dolayı olaraq da, kitab müəlliflərini yoxlamaq, onları izləmək, mütəmadi nəzarətdə saxlamaqdı. Missiyası üzrə 1748-53-cü illərdə yazıçılar haqqında 500-dən çox hesabat hazırlayır və bu hesabatlar hazırda Fransanın milli kitabxanasında - “Bibliothèque nationale de France”da saxlanılır. Darnton hesabatları araşdıraraq 1750-ci illərdə yaşayan yazıçıların izinə düşür. Russo, Didro və Monteskyö kimi nəhənglər də onların sırasındadır.
Müfəttiş öz işinə çox peşəkar yanaşır. Bütün hədəflərini ayrı-ayrı, təfərrüatları ilə, hətta fiziki xüsusiyyətlərinə qədər qeyd edib bölmələrə, siniflərə ayırır. 501 yazıçını qeydə alsa da, onlardan 67-sinin əsərləri hələ çap olunmamışdı. Özünə qurban seçdikləri əsasən Paris yazıçıları idi. Bunlar arasında bir neçə çox tanınmış yazıçı olsa da, əksəriyyəti həvəskarlardı.
Darnton Demeri sayəsində dövrün yazıçılarının necə dolandıqlarını, yaşamaq üçün haradan pul qazandıqlarını da araşdırır. Onların təqribən 36 %-i jurnalist, fərdi müəllim, kitabxanaçı, katib və aktyor kimi dolanırdı, 6 %-i mətbəəçilik, sənətkarlıq və kiçik məmurluqla məşğul olurdu. Böyük bir hissəsi də kiminsə himayəsinə keçib yaşamaq kimi daha rahat yola baş vururdu.
Patronajlıq sistemi geniş yayıldığına görə yazıçılar himayəyə necə girəcəklərini yaxşı bilirdilər. Hansısa zəngin adamın rəqibi ola biləcək birisi vardısa, himayəyə girmək istəyən yazıçı həmin rəqibi tənqid etməyə başlayırdı. Sözarası da zəngin adamı rəqibi ilə müqayisə edərək, birincini üstün çıxaracaq şeylər yazırdı. Sonra zəngin adam özü yavaş-yavaş yazıçıya yaxınlaşır, onu himayədə saxlamaq, əvəzindəsə onun qələmindən həm rəqiblərinə qarşı, həm öz şanını yüksəltmək üçün istifadə etmək istəyirdi. Ya da, hansısa kitabxanada, xəstəxanada, kiminsə qəsrində “vakansiya” açılırdısa, şair asta-asta fəaliyyətə keçir, o yerin rəhbərini, qrafını tərifləyən yazılar, şeirlər yazmağa başlayırdı. Amma Demerinin qovluqlarından görünür ki, bu yazıçılar heç də sadiq deyildilər. Əksəriyyəti o qədər cəbhə dəyişdirirmiş ki, hesabatlarda öz hamilərinə sadiq qalan yazıçılar haqqında təəccüblə bəhs edilir.
Dövrün yazıçılarının çoxu həyatını ucuz içki və fahişələrin bol olduğu məclislərdə, ağır ehtiyac içində, tez-tez də həbsxanalarda keçirirdi. Çoxunun yolu ən azı bir dəfə Bastilyadan keçirdi. Darnton onları “Ədəbiyyat Respublikasının Qrab küçəsi”nə aid edir. Qrab küçəsi (“Grub street”) 19-cu əsrdə London yaxınlığında yerləşən, tanınmamış və sifarişlə mətnlər yazan yazıçıların, pirat naşirlərin, fırıldaqçı kitab satıcılarının, polisdən qaçıb siyasi publisistika ilə məşğul olanların yaşadığı bir məhəllə idi. Sonralar ədəbiyyat tarixində “Qrab küçəsi” bu cür məkanları və yazıçıları təsvir etmək üçün istifadə olunan terminə çevrilir. Polis Demerinin hədəfində olan yazıçılar da dövrünün Qrab küçəsinin uşaqları idi.
“Uşaq” sözünü təsadüfi işlətmədim. Çünki Demeri hesabatlarında yazıçıların tanınmamışlarını və kasıblarını “uşaq, oğlan uşağı” kimi qeyd edir. Tanınmışları və varlı olanları “kişi, centilmen” kimi fərqləndirir. 37 yaşlı Didro belə “oğlan uşağı” deyə xatırlanır. Bu ifadə ilə həm də onların marjinallıqlarını, təhlükəli olmalarını bildirmək istəyirdi.
Demeri yalnız məlumat toplayıb təsnifləndirməklə kifayətlənmir. İzlədiyi yazıçılar və onların əsərləri, düşüncələri haqqında öz ədəbi dəyərləndirmələrini də qeyd edir, yazıçı və ədəbi zövqü olan tənqidçi kimi davranır: Filan yazıçının nəsri yaxşıdır, amma şeirləri yaxşı alınmır; Şeirləri dahiyanədir, amma çox kobud və zövqsüzdür. Hətta təhlükəli olanların belə, əgər mətnləri xoşuna gəlirdisə, tərifləməkdən çəkinmirdi. “Çox ağıllı”, “çox zövqlü” kimi sözləri işlətməkdə xəsislik etmirdi. Bəzən zəkası güclü olanlara marjinallıqlarını bağışlayırdı. Volter barəsində “onda qartal ruhu var” deyə bəhs edir. Didronu “çox ağıllı, amma son dərəcə təhlükəli uşaq” kimi təsvir edir. Monteskyödən yazanda “Həddindən artıq ağıllı adamdır, insanı özünə cəzb edən əsərləri var” deyə qeyd etməyi unutmur.
Polis müxalif söhbətlərin getdiyi məkanları və insanları güdüb dinləyirdi, hər yerdə qulağı vardı. Ona görə də “artıq-əksik” danışan yazıçıların çoxu həbs olunurdu. Onları “libellist” adlandırırdı Demeri. Yəni, krallığı yıxa biləcək təhlükəli adam. Didroya “libellist” deməsə də, onu da təhlükəli hesab edirdi. Çünki Didro Demerinin çox önəmli saydığı başqa bir şeyə hücum edirdi: xristianlığa. Daha təhlükəli bir şeyi təbliğ edirdi: ateizmi. Müqəddəs olan hər şeyə lağ edirdi.
Bəzi yazıçıları da sırf azad düşüncəyə sahib olduğu üçün təhlükəli hesab edir və onlara “libertin” deyirdi. Bu sinfə daha çox elm, təkamül, tarix haqqında açıq fikirlər yazanlar daxil idi. Müfəttişin fikrincə, bu tip insanlar da krallıq və kral üçün təhlükə yaradırdı və mütləq izlənilməli, nəzarətdə saxlanılmalı, ehtiyac olanda tədbirlər görülməliydi.
4
Qayıdaq öz Qrab küçəmizin uşaqlarına. Fikirləşirəm, 200 il sonra arxivlərdə eşələnənlər bizim izlənilən, gündəlik həyatları qeydə alınan fəallar, siyasətçilər, yazıçılar haqqındakı hesabatları oxuyanda maraqlı nə tapacaqlar? “Boyu balaca olsa da, orqanı böyük idi.” “Yazılarını oxumamışam, deyirlər, sərt yazır, amma yataqda heç nə, biabırçılıq.” “Nə demək olar, adam masturbasiyanın ustasıdır.” “Onda qartal ruhu var, zənən xeylaqları onun caynağından qurtula bilmir.” Və sairə. Və ilaxır.
Rəşad Səfər
AbzasMedia