Araşdırma nəticəsində kuryerlərin əmək hüquqlarının pozulduğu aydın olub
Son illər ölkədə kuryerlər iş saatına, ödənişlərinin azlığına etiraz olaraq aksiyalar keçirirlər. Onlar tələb edirlər ki, ödənişləri artırılsın, əmək hüquqları qorunsun.
Kuryerlərin iş şəraiti, gəlirləri, xərcləri ilə bağlı Bakı Araşdırmalar İnstitutu Bakı və Xırdalanda 118 kuryer arasında sorğu keçirib. Məlum olub ki, Bakıda 6 min nəfərdən çox şəxs kuryer kimi çalışır.
Sorğu iştirakçılarının 47.86 faizi aylıq 301-600 manat, 17.09 faizi 601-900 manat, 12.82 faizi 300 və 901-1200 manat, 9.40 faizi isə 1200 manat qazanc əldə etdiklərini açıqlayıblar.
İnstitut apardığı araşdırma zamanı kuryerlərin qazancı və iş fəaliyyəti ilə bağlı xərcləri hesablamaqla yekunda onlara ortalama 304-493 manat vəsait qaldığı qənaətinə gəlib.
Sorğuda iştirak edənlərin 56 nəfəri və ya 47%-i məhz kirayədə qalır. Onların ortalama kira xərci 250 AZN təşkil edir.
Regiondan gəlib Bakıda kirayə qalan və kuryer işləyən şəxslərin xərcləri çıxılandan sonra onlara daha az vəsait qalır- 54-188 manat arası.
Bu məbləği qazanmaq üçün onların 33 faizi bir ay ərzində hər gün işləməli olub.
Əmək Məcəlləsi gündə 8 saatdan çox işləməyi qadağan edir. Ortalama iş saatı kuryerlərdə gündəlik 9 saatdır. Başqa sözlə, əgər Əmək Məcəlləsi həftəlik iş saatını 40 saat ilə məhdudlaşdırıbsa, kuryerlərdə bu göstərici 54 saatdır.
"Kuryer işinin Əmək Məcəlləsi ilə tənzimlənməməsinin yaratdığı ən böyük problemlərdən biri də kuryerlərin istifadə etdikləri vəsaitlərlə bağlıdır. İşəgötürənin onları işçi kimi yox, məhz xidmət göstərən kimi qəbul etməsi nəticəsində kuryerlər göstərdikləri xidmət ilə bağlı bütün xərcləri faktiki olaraq özləri qarşılamağa məcbur olurlar. Yəni kuryerlərin istifadə etdikləri motosikl və ya mopedin yanacaq, təmir xərcləri və eyni zamanda işçilərin qidalanma xərcləri, digər bütün xərclər onların şəxsi hesabına həyata keçirilməlidir"- araşdırmada bildirilir.
Sorğu nəticəsində aydın olub ki, kuryer kimi çalışanların əsas hissəsi tələbədir və qeydiyyat ünvanları Bakıdan kənardır.
"Kuryer fəaliyyəti faktiki olaraq gənclər arasında işsizlik problemini həll edir. Uğurlumu həll edir? Bunu demək çətindir. Kirayədə qalan şəxslərin gəlirlərinin əhəmiyyətli hissəsi məhz icarə ödənişlərinə gedir. Başqa tərəfdən, əyani oxuyan tələbələrin çox olmasından təxmin edə bilərik ki, onların böyük hissəsi təhsil haqlarının vacib hissəsini məhz kuryer fəaliyyətindən qazanc hesabına qarşılayırlar"- araşdırma müəllifləri bu qənaətə gəliblər.
Sorğu iştirakçılarının 39.8 faizi bu işi sərbəst iş qrafikinə görə seçdiyini, elə o qədəri də maddi məcburiyyətdən işlədiyini bildirib.
Rəyi soruşulanların 86%-i subay, 14%-i isə evli olduğunu bildirib.