Elm və Təhsil Nazirliyi idmançıya şərait yaradarkən onun psixoloji testdən keçib-keçmədiyini açıqlamayıb
Aprelin 29-da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında məşqdən sonra 7 yaşlı Fərid Bakarov həyatını itirib.
İdman zalının video görüntülərindən aydın olur ki, uşaqlara sambo dərsi keçən idmançı Mehman Xəlilov Fərid Bakarova xüsusi fənd tətbiq edərkən onun zədələnməsinə səbəb olub. Kadrlardan həm də görünür ki, Mehman Xəlilov uşaqların saçlarından dartaraq onları sürüyür, təpik vurur, onlara ayaq və boyun nayihələrindən müxtəlif fəndlər tətbiq edir.
Sumqayıt Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, uşaq xəstəxanaya daxil olarkən vəziyyəti həddən artıq ağır olub. O, reanimasiya şöbəsinə yerləşdirilib.
"Baxış zamanı hər iki bazunun yuxarı 1/3 hissəsində böyük ölçülü, kürək nahiyəsində hər iki aşağı ətraflarda müxtəlif ölçülü qançırlar qeyd alınıb.
Reanimasyon tədbirlər aparılsa da, xəstə saat 19:50 radələrində həyatını itirib.
Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə göndərilib.
Təşrihə göndərilən zaman diaqnoz dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub"- açıqlamada bildirilib.
Hadisə ilə bağlı Elm və Təhsil Nazirliyi yaydığı açıqlamada bildirib ki, M. Xəlilov bir sıra nüfuzlu idman yarışlarının qalibi olduğu üçün ona məktəbin idman zalında sambo məşqçisi kimi işləməsinə imkan yaradılıb.
Qeyd olunub ki, Fərid Bakarov azyaşlı olsa da, Mehman Xəlilovun təşəbbüsü ilə qeydiyyatdan kənar məşqə cəlb edilib.
Ancaq nazirlik idmançıya şərait yaradanda onun psixoloji vəziyyəti və bu sahədəki pedaqoji bacarıqlarının nəzərə alınıb-alınmadığına dair sualları cavablandırmayıb.
Azyaşlının babası Ələsgər Məlikov Baku TV-ə bildirib ki, uşaq müəllimin ən sevimli tələbəsi olub: “Bir yerdə şəkilləri, videoları var. Rayonlara getməliydilər... Məşq zamanı nə olub, dəqiq təfərrüatı ilə sizə çatdıra bilmirəm”.
Məşqçinin əmisi Əfqan Xəlilov isə qeyd edib ki, uşaq məşqdən sonra özünü yaxşı hiss eləməyib: “Mehman da onu həkimə aparıb. Həkimdən qayıdıb gəliblər, uşaq həyətdə oynayıb. Bundan sonra uşağın halı dəyişib. Nəsə içəridə zədələnib”.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev Abzas Media-ya deyib ki, idman növləri üzrə dərs keçən müəllimlər federasiyalardan lisenziya almalıdırlar.
Azərbaycan Cüdu Federasiyasının mətbuat katibi Ülkər Abbasova da Abzas Media-ya bildirib ki, bu cür klublar lisenziya alıb fəaliyyət göstərməlidirlər, ancaq almayanlarla mübarizə aparmaq federasiyanın işi deyil. Çünki onların belə səlahiyyəti yoxdur.
19 nömrəli orta məktəb isə sualları cavablandırmaqdan imtina edib.
İdman jurnalisti Rəşad Ergün deyir ki, hazırda Azərbaycanda idmanın müxtəlif növlərində fəaliyyət göstərən müəllimlərin əksəriyyəti tələblərə cavab vermir.
Onun sözlərinə görə, söhbət uşaqlardan gedirsə, təhlükəsizlik tədbirləri mütləq olmalıdır:
“Bizdə məşqçilərin böyük əksəriyyəti "uşaqlar gəlsin, 5-10 manat pul qazanım" deyirlər. Nəticədə də belə hadisələr baş verir. Onlara nəzarət edən təşkilatlar olmalıdır, amma yoxdursa, Gənclər və İdman Nazirliyi özü nəzarət etməlidir. Hansı rayon şöbələri varsa, onların vasitəsilə nəzarət olunmalıdır. Təftişlər olmalıdır ki, xüsusən pullu məktəblərdə hansı əsaslarla, hansı qaydalarla uşaqlar hazırlaşdırılır? Təhlükəsizlik tədbirləri təmin olunurmu? Baxılmalıdır ki, ümumiyyətlə bu məşqçilərin lisenziyaları varmı? Yəni, xüsusi bir mexanizm yoxdursa, nazirlik bu işi öz üzərinə götürməlidir”.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Sumqayıt şəhər Məhkəməsi Xəlilov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.