Ötən il Heydər Əliyev Mərkəzinə 11,44 milyon manat xərclənib, amma 750 min manat qazancı olub
Azərbaycanın şəhər və rayonlarında ümumilikdə 70-dən çox Heydər Əliyev Mərkəzi var. Bu mərkəzlər prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncamdan sonra tikilib, istifadəyə verilib.
Mərkəzin əsasnaməsində qeyd olunur ki, onların məqsədi Heydər Əliyev irsinin təbliği və digər mədəni sahələrin inkişafına dəstək göstərməkdir. Ümumilikdə bütün mərkəzlərə ayrılan vəsait açıqlanmasa da, təkcə Bakıda yerləşən Heydər Əliyev Mərkəzinə 2023-cü ilin dövlət büdcəsindən ümumilikdə 12 milyon 682 min manat pul ayrılıb.
Bəs görəsən, bu mərkəzlərin dövlət büdcəsinə zərəri, mənfəəti nə qədərdir?
İqtisadçı Toğrul Vəliyev deyir ki, Hesablama Palatasının məlumatına görə, Heydər Əliyev Mərkəzi 2022-ci ildə iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətlərindən 750 min manat qazanıb. Həmin il mərkəzin saxlanılması üçün dövlət büdcəsindən 11,44 milyon manat ayrılıb.
İqtisadçının sözlərinə görə, bu sahədə şəffaflıq yoxdur.
“Mərkəzlər haradan və necə maliyyələşir? Bu maliyyə necə istifadə olunur? Təəssüflər olsun ki, bu suallara cavab yoxdur. Böyük binadır, konsert zalı, muzeyləri var. Orada əlbəttə ki, mərkəzin ən azı öz xərclərini təmin etməsi hesablanmalıdır. Ola bilər ki, binanın saxlanması dövlət büdcəsi hesabına olsun, amma ən azı mərkəzin xərclərini qarşılamalıdır. Orada maaşlar da yüksəkdir, bunun müqabilində fəaliyyətləri effektiv olmalıdır və ən azı öz fəaliyyətlərini təmin etməlidirlər. Amma reallıqda gördüyümüz odur ki, gəlirləri az, xərcləri çoxdur”- iqtisadçı bildirib.
Heydər Əliyev mərkəzləri illik hesabatlarını dərc etmirlər.
İş günü olmadığına görə, mərkəzdən suallara cavab almaq mümkün olmayıb.