Abbas Hüseynin ailəsi Ədliyyə Nazirliyinin qarşısında etiraz edib
“Nardaran işi” üzrə həbs edilən Abbas Hüseynin ailə üzvləri bu gün Ədliyyə Nazirliyinin qarşısında etiraz ediblər. Onlar Abbas Hüseynin həbsxanada təzyiqlərə məruz qaldığını bildiriblər. Ailə üzvləri şikayətlərini çatdırmaq üçün nazir Fikrət Məmmədovla görüş tələb ediblər.
“Bizi yenə keçən dəfə qəbul edən adamlar qəbul etdi. Deyirlər ki, nazirlə görüşmək üçün ərizə yazmalısınız. Bu da 2-3 ay çəkəcək. Niyə? Fikrət Məmmədov prezidentdir?”- deyə Abbas Hüseynin yaxını bildirib.
Ancaq əraziyə gələn polis əməkdaşları güc tətbiq edərək, onları ərazidən uzaqlaşdırıb.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev məhbus ailəsinin polis orqanlarının birində olduğunu Abzas Media-ya təsdiq edib: “Dəvət ediliblər, araşdırma aparılır, buraxılacaqlar. Onların saxlanılması ilə bağlı qərar yoxdur”.
Mayın 15-də həbsdə olan Abbas Hüseynin səs yazısı yayılıb. O, həyatının təhlükədə olduğunu bildirib: “Hər an təhlükə altındayam. Bu gün olmasa ,sabah, sabah olmasa, 5 gün sonra, 5 ay sonra məni öldürəcəklərinə heç şübhə etmirəm. Son 5 ayda olduğum həbsxanaların rəhbərliyi tərəfindən 5 dəfə ağır işgəncəyə məruz qalmışam. Əllərim arxadan qandallanıb, yerə yıxılıb döyülmüşəm. Əgər infarkt keçirsəm, beynimə qan sızsa, ölsəm, həyatımda pis nəsə olsa, bunun səbəbkarı olduğum həbsxanaların və Pentensiar Xidmətin rəhbərliyidir ki, sifarişi bu cür izah edirlər. Ölümdən qorxmuram, sadəcə ölümümdən sonra cinayətin gizlədilməsindən qorxuram"- A. Hüseyn bildirib.
Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Abbas Hüseyn 2015-ci ildə polisin Nardaranda keçirdiyi əməliyyat zamanı həbs edilib. O, terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd və digər bir neçə ağır cinayətdə ittiham olunub.
2017-ci il yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Abbasovla birlikdə MBH sədri Tale Bağırzadə və bir neçə üzv də həbs edilib. Onlar da oxşar ittihamlarla uzunmüddətli həbsə məhkum ediliblər. Abbas Hüseyn verilən ittihamlarla özünü təqsirli bilməyib. Hüquq müdafiəçiləri A.Hüseyni vicdan məhbusu kimi tanıyıblar.