Tələbə: “Elmi Şuranın iclasında rektor deyib ki, hərbi xidmətdən möhlət almaq üçün heç kimə arayış verilməsin”
Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbəsi Sənan İsmayılov təhsil hüququndan məhrum ola bilər.
Tələbə Abzas Media-ya deyir ki, kəsirlərinə görə təhsilini vaxtında bitirə bilməyib, indi də universitetdən təhsilinə davam etməsilə bağlı arayış ala bilmədiyi üçün hərbi xidmətə çağırılır.
Onun sözlərinə görə, universitet heç bir əsas göstərmədən arayışı verməkdən imtina edir.
“Bakı Mühəndislik Universitetindən arayış alıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmək istəyirdim ki, möhlət hüququ verilsin, hərbi xidmətə aparılmayım. Ancaq universitet arayış vermir. Mən dekanla, prorektorla, təhsil şöbəsinin müdiri ilə görüşmüşəm, deyirlər ki, Elmi Şuranın iclasında rektor deyib ki, "heç kimə arayış verilməsin, çünki uşaqlar o sənədi alıb sonra universitetə gəlmirlər”.
Tələbə deyir ki, Elm və Təhsil Nazirliyinə də müraciət edib, ancaq onlar da məktubu universitetin təhsil şöbəsinə yönləndiriblər. S. İsmayılov bildirir ki, ona universitetdən arayış verilməsə, 1 il 6 ay müddətinə qədər hərbi xidmət çəkməli olacaq.
Bakı Mühəndislik Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məsələ ilə bağlı açıqlama verəcəklərini bildirsə də, sonradan zənglərimizə cavab verməyib.
Hüquqşünas Səməd Rəhimli bildirir ki, “Hərbi vəzifə və hərbi xidmət” haqqında AR Qanunun 21.1.4-cü maddəsinə əsasən, təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir, əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək.
“Qeyd edək ki, “təhsilini bitirənədək” ifadəsi sabit müddət ehtiva etmir və təhsil müəssisəsinin tətbiq etdiyi hüquqi rejimdən asılıdır. Buna görə də həmin ifadə şərh edilərkən hazırkı işin hallarına əsasən ali təhsil müəssisəsinin hansı tədris və imtahan rejimi tətbiq etdiyi nəzərə alınmalıdır. Hazırda Bakı Mühəndislik Universiteti daxil olmaqla Azərbaycan universitetləri əsasən kredit sistemi adlandırılan tədris planlaşdırmasından istifadə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 4.3-cü bəndinə əsasən, tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Göstərilənlərə əsasən akademik borcu olan tələbələr ali təhsil müəssisəinin tələbələri sırasından xaric edilməyib və həmin tələbə kontingentində saxlanılır. Buna görə də akademik borcu ağlabatan müddətdə ödəyənə qədər möhlət hüquqlarının davamiyyəti təmin edilməlidir” – deyə hüquqşünas qeyd edib.