“Biz Azərbaycanın Tərəfdaşlıqda qalmaq şərtlərini yerinə yetirə bilməməsindən və vətəndaş cəmiyyəti üçün şərtlərin çətin olaraq qalmasından dərin məyusluq hiss etdik"
Açıq Hökumət Tərəfdaşlığının (OGP) Rəhbər Komitəsi Azərbaycanı OGP-dən həmişəlik çıxarmaq qərarına gəlib. Azərbaycan bundan sonra Açıq Hökumət Tərəfdaşlığının üzvü sayılmayacaq.
OGP daha şəffaf, inklüziv və hesabatlı hökumətlər qurmaq üçün minlərlə vətəndaş cəmiyyəti təşkilatı ilə işləyən 75 ölkə və 104 yerli hökumətin qlobal birliyidir.
Azərbaycan Açıq Hökumət Tərəfdaşlığına 2011-ci ildə qoşulub və sosial xidmətlər, açıq məlumatlar, büdcə şəffaflığı və digər sahələrdə öhdəlikləri özündə əks etdirən üç fəaliyyət planı hazırlayıb.
Bununla belə, 2015-ci ildə vətəndaş cəmiyyəti təşkilatları Açıq Hökumət Tərəfdaşlığına narahatlıq məktubu göndərərək, onların fəaliyyətlərinə məhdudiyyətlərin “vətəndaş cəmiyyəti təşkilatlarının Açıq Hökumət Tərəfdaşlığı prosesində effektiv iştirak etmək imkanlarını ciddi şəkildə təhlükə altına aldığını” ifadə etdi. Hərtərəfli araşdırmadan sonra narahatlıqların əsaslı olduğu müəyyən edilib və bu prosesin nəticəsi olaraq Rəhbər Komitə 2016-cı ildə Azərbaycanın fəaliyyətini müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.
2017-ci ilin iyununda Rəhbər Komitə 2015-ci il cavab siyasəti məktubunda qaldırılan əsas məsələlərin və tövsiyələrin həmin vaxt həll olunmamış qaldığını nəzərə alaraq, Azərbaycanın "dondurulmuş" statusunun bir il müddətinə uzadılması barədə qərar qəbul edib. Növbəti il, 2018-ci ilin dekabrında Rəhbər Komitə əvvəlki 12 ayda vətəndaş cəmiyyətində arabir yaxşılaşmalar olsa da, Azərbaycan hökumətinin verilən tövsiyələrə tam cavab verən sistematik dəyişikliklər və ya islahatlar həyata keçirmədiyini qeyd edib.
Rəhbər Komitə fəaliyyət planının tam dövrü üçün Azərbaycanın dondurulmuş statusunun uzadılması barədə qərar qəbul edib və Azərbaycan hökumətinin əldə etməli olduğu bir sıra mərhələləri qeyd edib, bu mərhələlərin yerinə yetirilməməsinin avtomatik olaraq cavab siyasətinin nəzərdən keçirilməsinin tamamlanmasına gətirib çıxaracağı və Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında iştirakının daimi olaraq dayandırılmasını şərtləndirəcəyi vurğulanıb.
Açıq Hökumət Tərəfdaşlığının Müstəqil Hesabat Mexanizminin 2023-cü ilin mayında apardığı qiymətləndirmə göstərir ki, hökumət birliyin tövsiyələrini yerinə yetirməyib və 2018-ci il qətnaməsinin şərtlərinə əməl etməyib. Bununla əlaqədar, Açıq Hökumət Tərəfdaşlığı Rəhbər Komitəsi yekdilliklə Azərbaycanın Tərəfdaşlığa üzvlüyünü həmişəlik dayandırmaq və ləğv etmək barədə qərar qəbul edib. Üzvlüyünü bərpa etmək üçün Azərbaycan ilk növbədə birliyin uyğunluq meyarlarına cavab verməlidir, o cümlədən dəyər yoxlanışından keçməli və Açıq Hökumət Tərəfdaşlığı Rəhbər Komitəsi tərəfindən təsdiqlənməlidir.
“Biz Azərbaycanın Tərəfdaşlıqda qalmaq şərtlərini yerinə yetirə bilməməsindən və vətəndaş cəmiyyəti üçün şərtlərin çətin olaraq qalmasından dərin məyusluq hiss etdik. Azərbaycan artıq Tərəfdaşlığın üzvü olmasa da, biz açıq hökumət prinsiplərini irəli sürməyə çalışan hökumət və vətəndaş cəmiyyətində islahatçılara dəstək verməyə hazırıq”, - Açıq Hökumət Tərəfdaşlığının icraçı direktoru Sanjay Pradhan bildirib.
“Mən həmin islahatçıları nəticədə ölkənin tərəfdaşlığa yenidən giriş şərtlərini yerinə yetirməsinə yardımçı olmaq üçün təcrübə mübadiləsi və öyrənmə imkanları vasitəsilə Açıq Hökumət Tərəfdaşlığı ilə əlaqəni davam etdirməyə çağırıram”, - Pradhan deyib.
Açıq Hökumət Tərəfdaşlığının əsası 2011-ci ildə hökumət liderləri və vətəndaş cəmiyyəti təmsilçilərinin hesabatlı, məsuliyyətli və inklüziv idarəetməni təmin etmək məqsədilə bir araya gəlməsi nəticəsində qoyulub.
75 ölkə və 2 milyarddan çox insanı təmsil edən, getdikcə artan yerli hökumətlər, eləcə də minlərlə vətəndaş cəmiyyəti təşkilatı Açıq Hökumət Tərəfdaşlığının üzvləridir.