Deputat: "Azərbaycanın əleyhinə işləyən təşkilatlarda qalmağın xeyri yoxdur"

Deputat: "Azərbaycanın əleyhinə işləyən təşkilatlarda qalmağın xeyri yoxdur" Foto: president.az
18 Avqust 2023
Mətni dəyiş

Hüquq müdafiəçisi: “Dövlət qurumları yanındakı İctimai Şuraları ayda bir dəfə yığıb sertfikat verirlər ki, sağ olun, bizi yaxşı təriflədiniz”

Avqustun 17-də Açıq Hökumət Tərəfdaşlığı (OGP) Azərbaycanı bu təşkilatdan çıxarıb. Təşkilatın qərarla bağlı açıqlamasında qeyd olunub ki, Azərbaycan üzvlük şərtlərini yerinə yetirməyib:

“Biz Azərbaycanın Tərəfdaşlıqda qalmaq şərtlərini yerinə yetirə bilməməsindən və vətəndaş cəmiyyəti üçün şərtlərin çətin olaraq qalmasından dərin məyusluq hiss etdik”, – deyə qeyd olunub.

Bundan əvvəl 2017-ci ildə ölkənin “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” (MSŞT) təşkilatındakı üzvlüyü də dayandırılmışdı.

Bəs görəsən, Azərbaycanın bəzi ixtisaslaşmış beynəlxalq təşkilatlardan çıxarılmasının səbəbləri nədir və ölkəyə necə təsir edəcək?

Hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyir ki, təşkilat Azərbaycana bir sıra islahatlarla bağlı möhlət vermişdi. Onun sözlərinə görə, bu dövrdə vəziyyət daha da pisləşib:

“Neçə ildir ki, vətəndaş cəmiyyəti, qanunvericilik, demokratik islahatlarla bağlı şərtlər qoyulmuşdu və şərtlərin həyata keçirilməsilə bağlı hökumətə möhlət verilmişdi. İndi müşahidə ediblər ki, nə vətəndaş cəmiyyəti qalıb, nə də başqa bir şey. Ölkədə bir qurum, bir koalisiya qalmayıb. Əvvəl seçkilərlə, mədən sənayesilə və digər sahələrlə bağlı koalsiyalar var idi, birlikdə fəaliyyət göstərirdilər. İndi heç biri yoxdur. Bir tərəfdən də media bu günə düşüb. Əslində Azərbaycan nə qədər çox beynəlxalq təşkilatın üzvü olsa, o qədər yaxşıdır”.

M.Qəhrəmanlı deyir ki, Azərbaycanda normal təşkilatların əksəriyyəti sıradan çıxarılandan sonra yerdə qalan təşkilatlar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kölgəsinə sığınıblar.

“Agentlik yazır, onlar da paylaşır. Burada məsələ şəffaflıq idi. Açıq Hökumət Koalisiyası yeni yaradılanda görüşlər keçirilirdi, bir tərəfdə hökumət, bir tərəfdə vətəndaş cəmiyyəti nümayəndələri oturub müzakirələr aparırdılar. Bu da hökumətə sərf eləmədi. Çünki orada korrupsiya haqda da müzakirələr gedirdi.

İndi dövlət qurumları yanında İctimai Şuralar var, ayda bir dəfə yığıb sertfikat verirlər ki, sağ olun, yaxşı təriflədiniz bizi.

İndi bu təşkilatdan çıxarılmaqla göstərildi ki, dövlət qurumları şəffaf deyil. Bu da ölkənin imicinə mənfi təsir edir”.

Millət vəkili Tahir Rzayev isə deyir ki, müəyyən beynəlxalq təşkilatlar var ki, onlar Azərbaycan həqiqətlərini heç vaxt ətraflı və dolğun əks etdirmirlər.

“Adlarını “beynəlxalq təşkilat” qoyublar, amma anti-Azərbaycan təbliğatı aparırlar. Sözsüz ki, Azərbaycan da bu təşkilatlara öz münasibətini bildirir və belə olan halda da müəyyən təxribatçı hərəkətlər edirlər.

Bu gün Azərbaycanda azad söz və mətbuat var, hər şey şəffafdır. Əgər o beynəlxalq təşkilat xarici, ermənipərəst qüvvələrin təsiri altına düşürsə, orada qalmağın yeri yoxdur. Düşünürəm ki, başqa elə təşkilatlar da var ki, Azərbaycan ordakı iştirakını geri götürməlidir. Əgər orada reallıqlar əks olunmursa, bu, Azərbaycanın əleyhinə işləyirsə, orada qalmağın xeyri yoxdur”.

T.Rzayevin sözlərinə görə, bu cür təşkilatlardan təcrid olunmaq Azərbaycanın nüfuzuna mənfi təsir edə bilməz:

“Ən böyük təşkilat BMT-dir, onlar da 26 ildən çox müddətdə öz qərarlarını Ermənistana icra etdirə bilmədilər. Ayın 16-sı BMT-nin iclasında dünyanın bir sıra ölkələri Azərbaycanın haqlı mövqeyinə dəstək oldu. Bu, onu göstərir ki, Azərbaycanın nüfuzu beynəlxalq aləmdə gündən-günə artır. Odur ki, Açıq Hökumət Tərəfdaşlığından çıxarılmağımız beynəlxalq nüfuzumuza xələl gətirə bilməz”.

OGP daha şəffaf, inklüziv və hesabatlı hökumətlər qurmaq üçün minlərlə vətəndaş cəmiyyəti təşkilatı ilə işləyən 75 ölkə və 104 yerli hökumətin qlobal birliyidir. Azərbaycan Açıq Hökumət Tərəfdaşlığına 2011-ci ildə qoşulub, sosial xidmətlər, açıq məlumatlar, büdcə şəffaflığı və digər sahələrdə öhdəlikləri özündə əks etdirən üç fəaliyyət planı hazırlayıb.

2016-cı ildə Azərbaycan vətəndaş cəmiyyətinin müraciətindən sonra təşkilat Azərbaycandakı hüquqi-siyasi vəziyyəti əsas götürərək, ölkənin bu təşkilatdakı fəaliyyəni müvəqqəti dayandırıb. Bu yeddi il ərzində müsbətə doğru dəyişiklik olmadığı üçün Azərbaycan təşkilatdan birdəfəlik çıxarılıb.

Azərbaycanda Açıq Hökumət Koalisyasının rəhbəri Əliməmməd Nuriyevdir. O, məsələ ilə bağlı zənglərimizə və mesajlarımıza cavab verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun