Vəkil deyir ki, təcridxanaların dolu olmasının əsas səbəbi məhkəmə-hüquq-cəza siyasətinin biznes kimi idarə edilməsidir
Azərbaycanda istintaq təcridxanalarında saxlanılan şəxslərin saxlanma şəraitinin acınaqlı olduğu bildirilir. Abzas Media-ya bu barədə vəkillər danışıb.
Vəkil Nemət Kərimli deyir ki, 3 saylı Bakı İstintaq Təcridxanasında vəziyyət daha acınacaqlıdır:
“Son dövrlərdə saxlanılanlar həddən artıq çoxalıb, bununla əlaqədar da saxlanma yerlərində sıxlıqdır. Məsələn, 3 saylı Bakı İstintaq Təcridxanasında saxlanma şəraiti heç bir beynəlxalq konvensiyaya uyğun deyil. Heç Azərbaycanın Cəzaların İcrası Məcəlləsinə də uyğun deyil. Yeni tikildiyi üçün 1 saylı Bakı İstintaq Təcridxanasında yuxarı və aşağı yerlər var, amma orada da bir kameraya normadan artıq adam yerləşdirilir. Müvəkkilərimdən də şəraitlə bağlı şikayətlər gəlir. Məhkəməyə müraciət etdikdə isə rədd edirlər. Hazırda həbsdə olan Aqil Hümbətovun saxlanma şəraiti ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərilib”, – deyə N.Kərimli bildirib.
Həbsdə olan iş adamı Nazim Bəydəmirlinin vəkili Aqil Layıc özünün “Facebook” hesabında yazıb ki, Bakı İstintaq Təcridxanasına o qədər adam “doldurulub” ki, insan ləyaqətinə hörmət çərçivəsində onları orada saxlamaq mümkün deyil:
“Nazim Bəydəmirli deyir ki, 12 nəfəri 6 nəfərlik otağa doldurublar. Nəfəs almaq belə çətindi. Bu ölkədə insan həyatına belə biznes kimi baxılır. Məhbəslərin və təcridxanaların dolu olmasının əsas səbəbi məhkəmə-hüquq-cəza siyasətinin biznes kimi idarə edilməsi və yarıtmaz fəaliyyətidir”.
Vəkil Əsabəli Mustafayev deyir ki, əyalətlərdə vəziyyət daha dözülməzdir:
“Rayonlarda bəzən istintaq dövrü üçün saxlanılan şəxslər polis idarələrinin saxlanma yerlərində qalırlar. Orada böyük sıxlıq ola bilir. Əslində ora istintaq təcridxanası deyil, müvəqqəti saxlanma yeridir. Bir də görürsən ki, adamları gətirirlər ora və bir kameraya 10-15 nəfər salırlar. Mən belə hallarla rastlaşmışam”, - deyə Əsabali Mustafayev bildirib.
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2022-ci il üzrə məruzəsində saxlanma şəraiti ilə bağlı problemlər qeyd olunub. Ombudsman bildirib ki, təcridxanalara başçəkmələr zamanı əksər müəssisələrdə sıxlıq yaşandığı məlum olub:
“2500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında bir başçəkmə zamanı 3300-dən, digər başçəkmə zamanı isə 3500-dən çox şəxsin, eyni zamanda 700 nəfər üçün nəzərdə tutulmuş 2 saylı İstintaq Təcridxanasında (Gəncə) 800 nəfərin, 1050 nəfər üçün nəzərdə tutulmuş 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan) 1400-dən çox şəxsin saxlanıldığı müəyyən edilib”.
Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov deyir ki, onların cəzaçəkmə müəssisələrinə məhdudiyyətsiz giriş imkanları olsa da, təcridxana və saxlanma yerlərinə ancaq xüsusi müraciətlər əsasında gedə bilirlər:
“1 saylı Bakı İstintaq Təcridxanasında olmuşuq, ora yeni, müasir binadır. Mən də eşitmişəm ki, bəzən sıxlıq olur. Orada əlavə çarpayılar yerləşdirmək üçün də yer yoxdur. Ora saxlanılanlar üçün kvadratmetrə uyğun hesablanaraq, Avropa standartlarına uyğun tikilib. Ola bilər ki, sayla mövcud yerlər arasında fərq yaranıb. Bizim ancaq cəzaçəkmə müəssisələrinə məhdudiyyətsiz giriş imkanlarımız var. Müraciət olsa, istintaq orqanının və ya məhkəmənin icazəsilə təcridxanalara da gedə bilərik”, – Sahib Məmmədov bildirib.