Məhkəmə Meydan TV əməkdaşlarının ölkədən çıxışına "stop" qoyulmasının qanunsuz olduğuna qərar verib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 21-də Azərbaycandan göndərilmiş 44 ərizə üzrə 7 qərar və qərardadı elan edib. Bu barədə məlumatı aihmaz.org saytı yayıb. Qeyd olunub ki, qərarların əksəriyyəti hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsasən çıxarılıb.
“Məhkəmə “Aynur Qənbərova, Natiq Cavadlı və Aytac Əhmədova Azərbaycana qarşı” işi üzrə hesab edib ki, Meydan TV-nin əməkdaşlarının prokurorluqda aparılan cinayət işilə bağlı ölkədən çıxışlarına qadağa qoyulması yanlışdır. Məhkəmə hərəkət azadlığı və effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozulduğuna qərar verib, digər iddiaları isə incələməyə ehtiyac görməyib. Qərara görə, hökumət ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 5000, məhkəmə xərc və məsrəflərinə görə isə 500 avro ödəməlidir.
Amma Avropa Məhkəməsinin qərarı ərizəçiləri tam qane etməyib. Meydan TV-nin redaktoru Aynur Elgünəş (Qənbərova) Abzas Media-ya bildirib ki, 18-ci maddənin tanınmamasını ədalətli hesab etmir.
Sözügedən 18-ci maddənin izahı belədir: “Hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır”. Başqa sözlə, bu maddə dövlətin öz vətəndaşlarının hüquqlarını hər hansı məqsədlə məhdudlaşdırmasını qadağan edir.
“Faktiki axtarışa məruz qalmışdım, hesab edirəm ki, bu qanunsuzdur. Həmin iddiamın qəbul olunacağını gözləyirdim. Bunun üçün 3 ilə qədər gözlətməyin mənası yox idi, digər əməkdaşlarla eyni vaxtda qərar verilə bilərdi. Ümumilikdə isə Azərbaycan hakimiyyətinin cəzalandırılmasına şadam”, - deyə o bildirib.
Xatırladaq ki, Meydan TV-nin on nəfərə yaxın əməkdaşı ölkədən çıxışlarına qadağa qoyulması ilə əlaqədar 2016-cı ilə Avropa İnsan Haqları
Məhkəməsinə müraciət etmişdilər. Bu şikayətlərlə bağlı ilk qərar 2020-ci ildə verilib.
Məhkəmə “Murad Muradov Azərbaycana qarşı” işi üzrə də pozuntu hallarını tanıyıb. Ərizəçi nümayişdə saxlanılaraq həbs olunmuşdu. Qərardadda bildirilib ki, bu işdə tərəflər dostca anlaşıblar. Həmin anlaşmaya əsasən ərizəçiyə və onun vəkilinə 3500 avro təzminatın ödənilməsi nəzərdə tutulur”, – deyə məlumatda qeyd olunub.
Məhkəmənin çıxardığı digər qərar və qərardadlar inanclı və ictimai fəallara qarşı təqiblərlə bağlıdır.
Belə ki, “İlham Əliyev və Sərdar Babayev Azərbaycana qarşı”, “Laçın Vəliyev Azərbaycana qarşı”, “Zaur Məmmədov və başqaları (daha 7 ərizəçi) Azərbaycana qarşı”, “Samir Babayev və 20 başqa ərizəçi Azərbaycana qarşı”, “Samir Aşurov və 7 başqa ərizəçi Azərbaycana qarşı” işləri üzrə də pozuntu halları tanınıb və təzminatlar təyin olunub.
Bütün bu işlərlə bağlı Azərbaycan hökuməti ümumilikdə 80 min avro təzminat ödəməlidir.