Mehriban Zeynalova: “Məktəbli formasını Bakı Tikiş Evindən verəcəklərini demişdilər, vermədilər”
Yeni dərs ilinin başlamasına iki gün qalıb. Əksər valideynlər uşaqları üçün forma və məktəbli ləvazimatlarını artıq alıb. Qiymətlər çox valideynin cibini yandırsa da, bir də məktəb alış-verişinə ümumiyyətlə imkanı olmayanlar var. Sığınacaqlarda yaşayan uşaqlar kimi.
Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadənin Abzas Media-ya dediyinə görə, yeni dərs mövsümündə bu sığınacaqdan ümumilikdə 40 uşaq məktəbə gedəcək. Onlardan 14-ü birinci sinfə, 8-i isə peşə təhsili müəssisəsinə gedəcək, qalanlar isə orta məktəbin müxtəlif siniflərində təhsil alacaqlar.
K.Ağazadə deyir ki, uşaqların təminatı ilə bağlı əsasən xeyriyyəçi insanlar kömək edirlər.
“Bu il 12 uşağın məktəbli geyimini 246 saylı məktəb təmin edib. Ancaq hər il hansısa konkret dəstək yoxdur. Buradan məktəbə gedən uşaqların təminatı ilə bağlı mütəmadi dövlət dəstəyi olsaydı, çox yaxşı olardı.
Bizim ötən il də, bu il də əsas problemimiz uşaqların fərdi təhsilə cəlb olunmasıdır. Hazırda 12 uşaq fərdi təhsilə cəlb olunmalıdır, hələlik o məsələ açıq qalıb. Hazırda Elm və Təhsil Nazirliyi bu istiqamətdə iş aparır ki, onlar təhsilə cəlb olunsalar, tədris müddətində heç bir mane ilə qarşılaşmasınlar. Ən böyük problem 13-15 yaşlı, məktəb yaşı keçmiş uşaqlardır ki, fərdi təhsilə cəlb edilə bilmirlər”, – deyə o, bildirib.
Bundan əvvəl sığınacaqlarda yaşayan uşaqların təhsilə cəlb edilməsilə bağlı Elm və Təhsil Nazirliyinə göndərilən sorğuya cavab olaraq bildirilmişdi ki, prosesin uzun çəkməsi prosedurla bağlıdır, nazirliklə bağlı deyil.
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə deyir ki, bu il onların sığınacağından 3-ü birinci sinif olmaqla 25 uşaq məktəbə gedəcək.
Zeynalovanın sözlərinə görə, dərslərin başlamasına 2 gün qalsa da, hələ də məktəbli geyimi olmayan uşaqlar var:
“Uşaqların məktəb paltarları ilə bağlı problem hələ də qalır. Bakı Tikiş Evindən verəcəklərini demişdilər, vermədilər. Görünür, müraciətlər çox olub, dedilər çatdıra bilmədik. Biz də dəstək göstərilməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişik. Adətən xeyriyyəçi insanlar kömək edirlər. Bu dəfə də çanta, dəfər, qələm, ayaqqabı məsələsinə onlar kömək etdilər, amma geyimlə bağlı problem yarandı”, – deyə o, bildirib.
Mehriban Zeynalova da hesab edir ki, bu məsələdə dövlət dəstəyi olsa, daha yaxşı olardı.
Məsələ ilə bağlı Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına görə, bu il idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 481 131 şagird təhsil alacaq. Ölkə üzrə ümumi rəqəmlər isə açıqlanmayıb.