Hesablama Palatası: “Təhsil haqqı üzrə gəlirlər 18 milyon 226,9 min manat az icra edilib”
Hesablama Palatası Naxçıvan Dövlət Universitetində pozuntular aşkar edib. Bu barədə qurum məlumat yayıb. Açıqlamada qeyd olunur ki, aparılmış audit 2021-2022-ci illəri əhatə edib.
Hesabata görə, universitetdə 5 ədəd doldurulmuş diplom rəsmi olaraq qeydə alınmayıb, 1997-2020-ci illəri və müxtəlif təhsil səviyyələrini əhatə edən doldurulmamış 185 ədəd diplom saxlanılıb.
“Bu il yanvarın 1-nə qədər universitetdə təhsilini başa vurmuş və ya müxtəlif səbəblərdən təhsilini dayandırmış tələbələrlə bağlanmış müqavilələrin tələblərinə əməl edilməyərək təhsil aldığı müddətdə təhsil haqqı borcu alınmadan audit dövrünün sonuna debitor borc yaranaraq təhsil haqqı üzrə gəlirlər 11 milyon 241,8 min manat, o cümlədən əcnəbi tələbələr üzrə 6 milyon 985,1 min manat az icra edilib”, – hesabatda qeyd olunub.
Həmçinin sənəddə göstərildiyinə görə, Azərbaycan vətəndaşı olmayan borclu təlbələr tədris planı üzrə təhsil almadıqları halda universitetdən xaric edilməyiblər.
Təhsil haqları Nazirlər Kabinetinin təsdiq etdiyi həddən aşağı müəyyən olununub, akademik borclar ləğv edildikdə məbləğlər düzgün müəyyənləşdirilməyib və ümumilikdə gəlirlərin 761,6 min manat məbləğində az icra edilməsinə səbəb olub.
Hesablama palatasının məlumatına əsasən, təhsilalanlar üzrə hesabatlılıqda yol verilmiş nöqsanlar dövlət sifarişi ilə kadr hazırlığına ayrılmış 297,2 min manat təhsil haqqı və təqaüd xərclərinin dövlət büdcəsinə qaytarılmaması ilə nəticələnib, eləcə də 94 min manat artıq maliyyələşmə məbləğinin formalaşmasına səbəb olub.
“Universitetdə müxtəlif xidmətlərin göstərilməsi üzrə bağlanmış icarə müqavilələri çərçivəsində icarə ödənişlərinin alınmaması hallarına da yol verilib”, - sənəddə deyilir.
Təhsil eksperti Nabatəli Qulamoğlu deyir ki, universitetin nəzərdə tutulan gəlirlərinin təmin olunmamasında iki əsas səbəb ola bilər:
“Birinci versiya odur ki, universitet tələbələrin böyük hissəsindən rəsmi ödənişlərin əvəzinə rüşvət alıb və tədrisin pillələri üzrə irəlilədib. Bu da universitet rəhbərliyinin yox, birbaşa elə Vasif Talıbovun tapşırığı ilə ola bilər. Onlar düşünüblər ki, oradadılar və məsələləri necəsə həll edəcəklər.
İkinci versiya isə odur ki, muxtar respublikanın rəhbərliyi həm respublikanın həm də universitetin perestijini saxlamaq üçün qərar verib ki, borcları olmasına baxmayaraq, həm yerli, həm də xarici tələbələr xaric edilməsin”.
21 dekabr 2022-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. O, 27 il ərzində bu vəzifədə olub. Talıbovun istefasından sonra Naxçıvanın bir sıra dövlət qurumlarında yoxlamlar başlayıb və idarəçilik üsulu dəyişdirilib. Vasif Talıbovun istefasından bir neçə gün sonra Naxçıvan Dövlət Universitetinin prorektoru olan oğlu Seymur Talıbov da vəzifəsindən azad olunub.
Audit onun prorektor işlədiyi dövrü əhatə edib.
Naxçıvan Dövlət Universitetindən açıqlama almaq istəsək də, zənglərimizə cavab verilmədi.