Rəsmi qurumlar günahı təbiətdə, ekoloq isə çaydan qanunsuz qum-çınqıl daşınmasında görür
Xaçmazda Qudyalçay çayı üzərində avtomobil yolunun bir hissəsi olan körpü uçub. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. Bildirilib ki, yağıntılar nəticəsində yaranmış sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü çöküb.
Körpünün çökməsi nəticəsində avtomobillərdən biri çaya düşüb. Xəsarət alan 3 nəfər – Əlisafa Heybətov, Əfsun Qarayev, Elvin Səfərəliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Körpü 1974-cü ildə inşa edilib. 2018-ci ildə Xaçmaz-Xudat avtomobil yolunun (24-cü kilometrindən 48-ci kilometrinə qədər) təmiri çərçivəsində yenidən qurularaq, istifadəyə verilib.
Elə həmin il mayın 24-də ölkə başçısı İlham Əliyev yenidənqurmadan sonra yolun təntənəli açılışında iştirak edib.
Həmin açılış mərasimində Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov prezident qarşısında məruzə edərək bildirib ki, yolun beynəlxalq əhəmiyyəti də var.
Ötən il mətbuatda Qudyalçay yatağından qanunsuz qum-çınqıl daşınması ilə bağlı xəbərlər gedib.
Məsələn, 2022-ci ilin fevralın 14-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb ki, Quba və Xaçmaz rayonları ərazisində yerləşən Qaraçay, Vəlvələçay, Qudyalçay və Babaçay adlı cəmi 4 qum-çınqıl yataqlarında fəaliyyət göstərən qum-çınqıl karxanalarında araşdırma aparılıb. İlkin hesablamalara görə, 8 şirkət və 5 sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin fəaliyyətində 6 milyon manatdan çox məbləğdə ziyana səbəb olan qanun pozuntuları aşkar edilib. Onlar barəsində Cinayət Məcəlləsinin 188.1 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 13 cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.
Elə həmin ilin aprelin 19-da “Talıbqışlaq”, “Qaralçay” və “Qudyalçay” qum-çınqıl yataqlarında qanunsuz qum hasilatı nəticəsində təbiətə ümumilikdə 1 milyon 144 min manat ziyanın dəyməsi barədə Baş Prokurorluq məlumat yayıb. Cinayət Məcəlləsinin 5 maddəsi ilə cinayət işi açılıb və istintaqa göndərilib.
Cəmi 4 ay sonra, 29 avqust 2022-ci ildə Qudyalçayın Quba rayonu Zərdabi kəndi ərazisindən keçən hissəsindən qum-çınqılın daşınması ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
“Üç ay bundan əvvəl şikayət edilmişdi, iş saxlanılmışdı. Amma yenidən ərzidən qum-çınqıl daşınır”- deyə videonu göndərən şəxs bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi isə bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə “Azərbaycan - Rusiya Federasiyası Dövlət sərhədində “Xanoba-Samur” sərhəd məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsinin həyata keçirilməsi ilə əlaqədar Qudyalçay qum-çınqıl yatağından inert materiallarının daşınmasına icazə verilib.
“Qudyalçayın Quba rayonu ərazisindən keçən ərazidə çayın içindəki torpaq daşınır”,- deyə Agentlik bildirib. Ekoloq Sadiq Həsənov deyir ki, körpünün dağılmasının səbəblərdən biri elə çınqıl daşlarının daşınması ola bilər.
Onun sözlərinə görə, hadisə yerindən görüntülərə baxanda aydın olur ki, çökən körpünün aşağı hissəsi boşalıb, sel də o boşalmadan istifadə edərək daşları da vurub aparıb, nəticədə körpü uçub.
“Çayın içindəki çınqıl daşları normasında götürülə bilər. Bu normada 20-40 faiz arasıdır. Çünki bu daşlar axın üçün çox vacibdir. Normadan artıq götürülərsə, çay öz axın istiqamətini dəyişə bilər. Bu da həm ərazidə yaşayan insanlara, həm də infrastruktura ziyan verir. Çınqıl daşları götürüldükdə, körpünün aşağı hissəsi boşalır. Proses dövründə bu əlaqədar qurumlar tərəfindən monitorinq edilməlidir. Çünki çınqıl daşlarını götürənlər normada daş götürmək üçün tez-tez texnikaların yerlərini dəyişməlidirlər və müxtəlif yerlərdən götürməlidirlər. Ancaq onlar bir çox halda bir yerə fokslanırlar, bu da boşluğa səbəb olur, sel də gələndə belə hallar olur”.