QHT nümayəndəsi: “Bu, hökumətlə vətəndaş cəmiyyətinin əməkdaşlıq platformasına bir zərbədir”
Gədəbəyin Söyüdlü kəndində yaranmış ekoloji problemlə bağlı etirazlardan 3 aya yaxın vaxt keçsə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə müstəqil ekspertizaya hələ də şərait yaratmayıb.
Abzas Media-ya bu barədə məlumatı Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru İlham Hüseynli məlumat verib.
Koalisiya kənddə keçirilən etiraz aksiyalarından sonra iyulun 10-da Ekologiya və Təbbi Sərvlətlər Nazirliyinə müraciət edərək ərazidə monitorinqin aparılmasına şərait yaradılmasını xahiş edib. Bundan bir gün sonra ölkə başçısı İlham Əliyev də Söyüdlü hadisələrindən danışıb, əraziyə müstəqil ekspertlərin də cəlb edilməli olduğunu bildirib.
Ancaq İlham Hüseynli deyir ki, görünür, nazirlik bu məsələdə maraqlı deyil. Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə dəfələrlə əlaqə saxlasalar da, müsbət cavab almayıblar.
İ.Hüseynli nazirliklə sonuncu dəfə elə bu gün əlaqə saxladıqlarını, ancaq bu dəfə də “müraciətinizə baxılır” cavabı aldıqlarını deyir:
“Bizim istəyimiz daha etibarlı monitorinq idi. Adətən bu cür məsələlərdə dövlətin apardığı monitorinqlər olur, ancaq bir qayda olaraq yerli ictimaiyət daha çox vətəndaş cəmiyyətinin apardığı monitorinqlərin rəyini etibarlı hesab edir. Bu, həm də bizim təşkilatın missiyasi idi. Biz mədən sənayesində şəffaflıq təşəbbüslü koalisiyayıq. Biz buna görə müraciət etdik. Çox təəssüf, biz növbəti dəfə gördük ki, hökumətin bu qurumu vətəndaş cəmiyyətilə işləməkdə maraqlı deyil”, – deyə İlham Hüseynli bildirib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətilə əlaqə saxladıq, xidmətdən sualımızı eşitdikdən sonra telefonu söndürdülər.
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Rəsmi şəxslər aksiyadan sonra 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Bakıda Söyüdlü sakinlərinə dəstək üçün təşkil olunan İşçi Qrupu 11 nəfərin həbs olunduğunu açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə qarşı narkotik ittihamı ilə cinayət işi açılıb. İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ittiham olunublar.
DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, sonradan cəzalandırılan polisin olmadığını açıqlayıb.
11 iyulda ölkə başçısı İlham Əliyev də hökumət üzvləri ilə keçirdiyi müşavirədə Söyüdlüdə baş verən hadisələrdən danışıb. O bildirib ki, etirazlarda özünü ləyaqətli aparan təkcə polislər olub və onlar dözümlü davranıblar.