“Human Rights Watch” illik hesabatını yayımladı: “Azərbaycanda narahatedici insan haqları pozuntuları davam edir”

“Human Rights Watch” illik hesabatını yayımladı: “Azərbaycanda narahatedici insan haqları pozuntuları davam edir” Foto: Human Rights Watch
12 Yanvar 2024
Mətni dəyiş

“Azərbaycanda uzun müddətdir narahatlıq doğuran insan haqlarının pozuntusu halları 2023-cü ildə də davam edib”

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı yanvarın 11-də 2024-cü il üçün Dünya Hesabatını yayımlayıb.

Hesabatda digər ölkələrlə yanaşı, Azərbaycanda 2023-cü il ərzində baş vermiş insan haqları pozuntularından bəhs edilib, ayrı-ayrı hadisələr xronoloji ardıcıllıqla geniş təsvir edilib.

Qeyd olunub ki, Azərbaycanda uzun müddətdir narahatlıq doğuran insan haqlarının pozuntusu halları 2023-cü ildə də davam edib.

Sənəddə deyilir ki, hökumət ifadə, toplaşma və təşkilatlanma azadlıqlarını sərt şəkildə məhdudlaşdırıb.

İşgəncələrlə bağlı hay-küylü bir işlə bağlı müəyyən irəliləyişə baxmayaraq polisdə və saxlanma yerlərində pis rəftar və işgəncə halları davam edib.

Əlavə edilib ki, may ayında prezidentin imzaladığı əfv fərmanı ilə ittihamlarının siyasi motivli olduğuna inanılan işlər üzrə bir neçə nəfər azadlığa buraxılıb, bununla belə qanunsuz məhbus edilmiş onlarca başqaları həbsdə saxlanılıb.

Hesabatda qeyd edilib ki, hakimiyyət qeyri-qanuni məhkəmə prosesləri vasitəsilə çoxsaylı tənqidçiləri 30 günlük müddətə məhkum edib və uzun müddətlik azadlıqdan məhrum edilə biləcək iki vətəndaş fəalı Bəxtiyar Hacıyev və Qubad İbadoğlunu həbs edib.

Bildirilib ki, Azərbaycan hakimiyyətinin ekoloji problemlərlə bağlı iki ayrı kütləvi etirazı zorakılıqla əzməsi onların qanuni narahatlıqların ictimai ifadəsinə dözümsüzlüyünü, habelə hökumətin ətraf mühiti mühafizə etməməsi ilə bağlı ictimai məyusluğu bir daha göz önünə sərib.

Təşkilatın hesabatında qeyd edilib ki, prokurorluq 2014-cü ildə hədəfə alınmış bir neçə QHT-yə qarşı cinayət təhqiqatlarını bağlayıb. Digərlərinə qarşı istintaqın açıq qaldığı görünür. Məhdudlaşdırıcı qanunlar vətəndaş cəmiyyəti qruplarının müstəqil fəaliyyət göstərməsinə və maliyyə vəsaitlərinə çıxışına mane olub.

Qarabağ

Hesabatın Qarabağla bağlı olan bölümündə Azərbaycanın Laçın dəhlizi ilə hərəkətə mane olmasından, Qarabağda humanitar böhranın yaranmasından, daha sonra 19 sentyabr əməliyyatının ardınca demək olar bütün erməni əhalinin bölgəni tərk etməsindən bəhs edilib.

Vurğulanıb ki, Azərbaycan bu hadisələrlə bağlı Beynəlxalq Məhkəmənin iki keçid tədbirini tətbiq etməkdən imtina edib.

Qeyd olunub ki, sentyabr hərbi əməliyyatından sonra Azərbaycan tanınmamış hakimiyyətin bir neçə liderini həbs edib, onları terrorçuluğu maliyyələşdirməkdə, qanunsuz silahlı birləşmələr yaratmaqda və sərhədi qanunsuz keçməkdə ittiham edib.

2023-cü ilin dekabrında Ermənistan və Azərbaycan rəhbərliyi arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara dair tarixi birgə bəyanatda Azərbaycanın “32 erməni hərbçisini”, Ermənistanın isə “2 azərbaycanlı hərbçini” azad etmək niyyətində olduğu bildirilib.

Hesabatda əlavə edilib ki, hökumətlər və hökumətlərarası təşkilatlar humanitar vəziyyətdən narahat olduqlarını bildiriblər. Oktyabr qətnaməsində Avropa Parlamenti Azərbaycanı “erməni əhalisinin təhlükəsiz qayıtmasına imkan verməyə” və “onların hüquqlarının müdafiəsi ilə bağlı əsaslı təminatlar verməyə” çağırıb, həmçinin BMT-nin himayəsi altında beynəlxalq monitorinq missiyasının yaradılmasını istəyib.

“Oktyabrda BMT-nin İnsan Hüquqları Şurasının yaydığı birgə bəyanatda 34 ölkə Azərbaycanı etnik ermənilərin “könüllü, təhlükəsiz, ləyaqətli və davamlı qayıdışı üçün təcili şərait yaratmağa” və vəziyyətin beynəlxalq monitorinqini təmin etməyə çağırıb” – təşkilatın hesabatında deyilib.

Hesabatda bildirilib ki, Azərbaycan hakimiyyəti Qarabağda 19 sentyabr hərbi əməliyyatını onlayn tənqid edən azı doqquz vətəndaş fəalını həbs edib. Onların arasında hər biri 30 sutka inzibati həbs cəzası almış internetdə qadağan olunmuş məlumatları paylaşmaq ittihamı ilə Əmrah Təhməzov, Nurlan Qəhrəmanlı, Emin İbrahimov, polisə tabe olmamaq ittihamı ilə Nemət Abbasov, narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə Ruslan Vahabov, xuliqanlıq və qəsdən sağlamlığa xəsarət yetirməkdə Afiyəddin Məmmədov var.

Hökumət tənqidçilərinin təqibi

Hesabatın bu hissəsində xatırladılır ki, prezidentin əfv fərmanı ilə azadlığa çıxanlar arasında 2022-ci ildə müxtəlif siyasi motivli ittihamlarla 3,5 il müddətinə azadlıqdan məhrum edilmiş siyasətçi Əli Əliyev də olub.

Hakimiyyət aparıcı fəalları, müxalifət siyasətçilərini və müxalif siyasi partiyaların sıravi üzvlərini hədəf almaqda davam edib.

Qeyd edilib ki, 2022-ci ilin dekabrında hakimiyyət tanınmış fəal Bəxtiyar Hacıyevi xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edib, Hacıyev bunu təkzib edib. İyun ayında Bəxtiyar Hacıyev dörd yeni ittihamla üzləşib. O, məhkəməyə qədər həbsdə qalıb. Fəalı 6 il həbs cəzası gözləyir.

O da əlavə edilib ki, may ayında məhkəmə müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) aparıcı siyasətçisi Əlizamin Salayevi cinayət xuliqanlığı ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edib.

Təşkilatın hesabatının davamında qeyd edilib ki, iyul ayında hakimiyyət tanınmış iqtisadçı və korrupsiya ilə mübarizə aparan fəal Qubad İbadoğlunu saxtalaşdırma və dini ekstremist materialların saxlanması ittihamı ilə həbs edib. Həbs zamanı polis İbadoğlu və həyat yoldaşına hücum edib. Nəticədə Qubad İbadoğlunun həyat yoldaşının bədənində çoxlu qançırlar var idi. İstintaq təcridxanasına salınan İbadoğlunu 12 il həbs cəzası gözləyir. Rəsmilər onun həbsdə adekvat tibbi müalicə almasına icazə vermir, bu da onun əvvəlki sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb olub.

İfadə və Media Azadlığı

Hesabatda deyilir ki, Azərbaycanda sosial mediada yazdıqları postlara, müsahibələrinə və başqa fəaliyyətlərinə görə təqib olunanlar var.

Sənəddə deyilir ki, məsələn fevral ayında AXCP üzvü Orxan Baxışlı Bəxtiyar Hacıyevin həbsini pisləyən müsahibə verdikdən bir gün sonra saxlanıb.

Qeyd olunur ki, müstəqil jurnalist Vəli Şükürzadə jurnalist təhqiqatı üçün informasiya istəyəndən, AXCP fəalı Zaur Usubov Facebook postları yazandan, sosial media fəalı Əmrah Təhməzov isə Facebook-da prezidenti Əlzamin Salayevin azad olunmasına çağırdıqdan sonra saxlanıblar.

Bildirilib ki, iyul ayında hakimiyyət “Hürriyyət” onlayn xəbər agentliyinin baş redaktoru Vüqar Məmmədovu onun verilişinin qonağı ilə birlikdə Müdafiə Nazirliyindəki korrupsiyanı tənqid etdikdən sonra saxlayıb. Məhkəmə hər ikisini qadağan olunmuş məlumatları onlayn yaymaq ittihamı ilə 30 sutkalıq inzibati həbs cəzasına məhkum edib, bu qanunda ciddi şəkildə müəyyən edilməyən və tez-tez hökuməti tənqid edənlərə qarşı istifadə edilən bir cinayətdir.

Sənəddə deyilib ki, noyabr ayında hakimiyyət korrupsiyanı araşdıran və ifşa edən müstəqil media orqanı “Abzas Media”nın rəhbərləri Ülvi Həsənli və Sevinc Vaqifqızını və həmin qurumla işləyən sosial sahibkar Məhəmməd Kekalovu saxta qaçaqmalçılıq ittihamı ilə həbs edib.

Sərbəst toplaşmaq azadlığı

Hesabatda bildirilib ki, hakimiyyət etirazlara düşmən münasibət bəsləyir, onlardan bir neçəsini zorakılıqla, bəzi hallarda qanunsuz olaraq dağıdır və dinc nümayişçiləri həbs edir.

Fevralda məhkəmə fəallar Afiyəddin Məmmədov və Samir Sultanovu Bəxtiyar Hacıyevin saxlanmasına qarşı icazəsiz etiraz aksiyasında iştirak etdiklərinə görə itaətsizlik ittihamı ilə 30 sutka həbs cəzasına məhkum edib.

Hesabatda Saatlı rayonunda polisin su qıtlığına etiraz olaraq ylou kəsmək istəyənlərə qarşı gözyaşardıcı qazadan və rezin güllələrdən istifadə etdiyi, bu zaman 15 yaşlı oğlan da daxil iki nəfərin xəsarət aldığı deyilir.

Mart ayında məhkəmə Əlizamin Salayevin azad edilməsi tələbi ilə icazəsiz, dinc aksiyada iştirak etdiklərinə görə iki AXCP üzvü Səhlədar İsgəndərli və Ceyhun Novruzov və jurnalist Nurlan Cəfərlini müvafiq olaraq 25, 30 və 15 sutka müddətinə azadlıqdan məhrum edib.

Hesabatda habelə Söyüdlü kəndində kimyəvi tullantıların axıdılması üçün süni gölün yaradılmasına etiraz edənlərə qarşı polis zorakılığından bəhs olunur.

Bildirilib ki, polis etirazçılara qarşı gözyaşardıcı qaz və fiziki zorakılıq tətbiq edib, onlarla insan yaralanıb. Bir neçə həftə ərzində kəndə giriş-çıxışı məhdudlaşdırılıb, ən azı üç jurnalist fiziki olaraq oradan çıxarılıb və mobil telefonları müsadirə edilib. Rəsmilər ən azı səkkiz kənd sakinini inzibati ittihamlarla cəzalandırıb və daha üç nəfəri saxta narkotik ittihamı ilə məhkəməyə qədər həbs edib.

Bu etirazla əlaqədar aksiyanı koordinasiya etməkdə ittiham olunan keçmiş deputat Nazim Bəydəmirlinin həbs olunduğu vurğulanıb.

İyun ayında fəallar Elmir Abbasov və Qiyas İbrahimov Söyüdlü kəndindəki etirazların polis tərəfindən zorakılıqla yatırımasını tənqid etdiklərinə görə 32 və 20 sutkalıq müddətə həbs olunublar.

Hesabatda qeyd edilib ki, iyul ayında polis jurnalist Elməddin Şamilzadəni Söyüdlü aksiyasının dağıdılmasında iştirak etdiyini söylədiyi polisin fotolarını yaydığına görə döyüb.

İşgəncə və pis rəftar

Hesabatda bildirilib ki, polis idarələrində işgəncə və pis rəftar adi hala çevrilib. Buna görə cəzasızlıq norma olaraq qalır.

“Fevral ayında polis Müsəlman Birliyi Hərəkatının fəalı Ceyhun Balaşovu saxta narkotik saxlamaq ittihamı ilə həbs edib. Onunla daha sonra həbsxanada görüşən atası müstəqil mediaya bildirib ki, oğlunun qollarında aydın qançırlar var və ayaq üstə durmaqda çətinlik çəkib” – hesabatda qeyd edilib.

Təşkilatın sənədindəbildirilib ki, işgəncələrin cəzasız qalması nümunəsinə bir istina olaraq, 2017-ci ildə Tərtər rayonunda Ermənistanın xeyrinə casusluqda ittiham olunan yüzlərlə hərbçinin işgəncəyə məruz qalması ilə bağlı proseslər davam etdirilib. 2023-cü ildə dördü prezidentin əfv fərmanı, biri isə məhkəmənin qərarı ilə azadlığa buraxılıb. 2022-ci ilin dekabrında 19 nəfər vətənə xəyanət ittihamından bəraət qazanıb və sərbəst buraxılıb. İşgəncədə təqsirləndirilən 4 nəfərin məhkəməsi davam edib. Ən azı yeddi başqa haqsız yerə həbs edilmiş hərbçi öz müddətlərini çəkməyə davam edib.

Cinsi Orientasiya və Gender Kimliyi

Hesabatda deyilib ki, Azərbaycanda LGBT icmasına daxil şəxslərlə pis rəftar, onların diskriminasiyası və qanunsuz saxlanmaları yer alıb.

Əsas Beynəlxalq Aktyorlar

Təşkilatın yaydığı hesabatın sonunda bildirilib ki, Azərbaycan ötən il ərzində insan haqları pozuntuları ilə bağlı beynəlxalq təşkilatların tənqidləri, Avropa Parlamentinin qətmanamələri ilə üzləşib.

Çoxsaylı hökumətlər və hökumətlərarası təşkilatlar Qubad İbadoğlunun həbsindən danışaraq, Azərbaycanı onun prosesual hüquqlarını və lazımi dərmanlara çıxışını təmin etməyə çağırıblar. Sentyabrda Avropa Parlamenti onun dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən “təcili qətnamə” qəbul edərək, Aİ-Azərbaycan arasında gələcək tərəfdaşlıq sazişinin yekunlaşdırılmasının bütün siyasi məhbusların azadlığa buraxılması ilə şərtləndiyini və Azərbaycan insan hüquqlarının pozulmasına yol vermiş şəxslərə qarşı məqsədyönlü sanksiyaların tətbiq edilməsini tələb etdiyini bildirib.

ABŞ Konqresinin müxtəlif üzvləri və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəsmisi İbadoğlunun dərhal azad edilməsinə çağırıb. Həmçinin sentyabr ayında Avropa İnsan Hüquqları Məhkəməsi hökumətə İbadoğlunun sağlamlığının qorunması üçün təcili addımlar atmağı tapşıran müvəqqəti tədbirlər qəbul edib.

May ayında Ədliyyə, Azadlıq, Təhlükəsizlik və İnsan Haqları və Demokratiya üzrə Alt Komitənin Azərbaycanla keçirdiyi illik iclasında Avropa İttifaqı ölkədə müstəqil səslərin davamlı təqib olunmasından narahatlığını ifadə edib.

Xarici hökumətlər və hökumətlərarası təşkilatlar Bəxtiyar Hacıyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıblar. Fevral ayında ABŞ Dövlət Departamenti Hacıyevə qarşı ittihamların “siyasi motivli kimi başa düşüldüyünü” bəyan edib. Aİ-nin Bakı nümayəndəliyi hakimiyyəti Hacıyevi “tezliklə” azad etməyə çağırıb.

May ayında ABŞ-ın Azərbaycandakı səfirliyi “əsas azadlıqlarından istifadə etdiklərinə görə həbsdə olan azərbaycanlılar”ın prezident tərəfindən əfv olunmasını alqışlayıb, bir çoxlarının bu hüquqlardan istifadə etdiklərinə görə həbsdə qaldığını qeyd edib və onların da azadlığa buraxılmasına çağırıb.

Mart ayında AŞ-nin Venesiya Komissiyası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) birgə rəyində “Siyasi partiyalar haqqında” Qanunun bəzi müddəaları ilə bağlı ciddi narahatlıq ifadə olunub. Aİ həmçinin Azərbaycanı hesabatın tövsiyələrini yerinə yetirməyə çağırıb və bildirib ki, “dinamik, hesabatlı və inklüziv çoxpartiyalı sistemlər təmin edilməlidir”.

İyun səfəri zamanı AŞPA həmməruzəçiləri toplaşmaq və birləşmək azadlıqlarına qoyulan məhdudiyyətlərin qalmasından narahatlıqlarını ifadə edərək, QHT-lərin “çox məhdudlaşdırıcı bir mühitdə fəaliyyətini davam etdirdiyini” qeyd ediblər. Onlar “siyasi motivli ittihamlarla” həbsin davam etdiyini bildiriblər və hakimiyyəti KİV haqqında qanuna dəyişiklik etməyə çağırıblar.

Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili Dunya Miyatoviç iyul ayında daxili işlər nazirinə ünvanladığı məktubunda Söyüdlüdə qeyri-mütənasib güc tətbiqi ilə bağlı narahatlıqlarını dilə gətirib.

Azərbaycan hökuməti bir qayda olaraq beynəlxalq insan haqları təşkilatlarının hesabatlarındakı tənqidləri qəbul etmədiyini bildirir və bunları qərəzli adlandırır.

Hökumət vurğulayır ki, Azərbaycanda heç kəs siyasi baxışlarına görə təqib olunmur və buna görə də ölkədə siyasi məhbuslar yoxdur.

Rəsmi Bakı bəyan edir ki, Azərbaycanda təməl insan haqlarına və azadlıqlarına hörmətlə yanaşılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun