Qaldırılmış yüzə yaxın vəsatət təmin olunmayıb, jurnalistlər 70 gündür ailələrilə görüşə bilmirlər
“Abzas Media” işi üzrə həbs edilənlərə qarşı ağır qadağalarla yanaşı, onların müdafiə olunmaq hüquqları da məhdudlaşdırılır.
Jurnalistlərin vəkilləri deyirlər ki, məhkəmə və istintaq orqanı müdafiə işinin təşkili üçün verilmiş vəsatətlərin hamısını rədd edir:
“Təkcə Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı verilmiş 30 vəsatət və şikayətin heç biri təmin olunmayıb. Hətta vəsatətlərimizdən biri o idi ki, aşkar edildiyi iddia olunan pulun üzərində ekspertiza aparılsın və əl-barmaq izləri götürülsün. Bizə 2 aydan sonra cavab gəldi ki, bu vəsatəti də təmin etmirlər”, – deyə vəkil Elçin Sadıqov bildirib.
E.Sadıqov deyib ki, istintaq getdiyi müddətdə müdafiə tərəfinə heç bir sənəd təqdim olunmayıb. Halbuki Avropa Məhkəməsi dəfələrlə qeyd edib ki, istintaq başladığı müddətdən etibarən sübutlara çatımlılıq baxımından tərəflərin imkanları bərabər olmalıdır:
“Məhkəmələr istintaq orqanının vəsatətlərini və təqdimatlarını heç bir əsas olmadan təmin edirlər. Biz müraciət etdikdə isə həm istintaq orqanı, həm də məhkəmələr heç bir qanuni əsas göstərmədən müraciətlərimizi rədd edirlər”, – vəkil deyib.
Demək olar ki, heç bir prossesual hüquqların təmin olunmadığı iş üzrə həbs edilənlər beynəlxalq humanitar qaydaları pozan ağır qadağalarla da üzləşiblər.
Onlar artıq 70 gündür ailələrilə görüşə və danışa bilmirlər. Təcridxanadan vəkilə və Ombudsmana zəng etmək qadağan olunub. Ədliyyə Nazirliyi və Penitensiar Xidmət isə məsələ ilə bağlı verilmiş heç bir sualı cavablandırmır.
Bu iş üzrə vəkillərdən biri Fariz Namazlı deyib ki, bu qadağalar jurnalistlərin hüquqlarını pozmaqla yanaşı, onları öz vəkillərinin xidmətlərindən də məhrum edir:
“Təqsirləndirilən şəxs qapalı şəraitdə saxlanılır, heç kimlə telefonla danışa bilmir. Bu da müəyyən çətinliklər yaradır. Məsələn, bir neçə gün əvvəl Sevinc Vaqifqızını vəkillərinə xəbər vermədən Apellyasiya Məhkəməsinə aparıblar və ona dövlət hesabına vəkil təyin ediblər. Həmin gün onun vəkillərindən biri təsadüfən məhkəmədə olmasaydı, bundan xəbər tutmayacaqdıq və beləcə şikayətə Sevinc Vaqifqızının öz vəkilləri olmadan baxılacaqdı”, – deyə F.Namazlı bildirib.
Cinayət işinə şahid qismində cəlb olunmuş şəxslər də prosessual qanunvericilikdə nəzərdə tutulmuş ən ağır məhdudiyyətlərə məruz qalıblar.
“Abzas Media” işi üzrə həbs edilənlərə münasibətdə nəinki yerli və beynəlxalq hüququn tələbləri pozulur, onlar ən elementar humanitar imkanlardan da məhrum edilirlər:
“Son vaxtlar Azərbaycanda həbs olunmuş bəzi jurnalistlərə qarşı olan alçaldıcı münasibətdən, əsasən gənc qadınların məhkəmə zalında əllərinin qandallanması, şüşə qəfəsə salınması və ya əsas insani ehtiyaclarının qarşılanmasına icazə verilməməsilə bağlı xəbərlərdən dəhşətə gəldim. Hər kəsin ləyaqət və hörmətlə rəftar görmək hüququ var”, – bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko yanvarın 17-də “X” hesabında yazıb.
Qərbin yerli və beynəlxalq qurumları “Abzas Media” işini bu medianın apardığı korrupsiya araşdırmaları ilə əlaqələndirir və jurnalistlərin azad edilməsinə çağırırlar.
Yanvarın 24-də AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələri ratifikasiya edilməyib. Səbəblərdən biri kimi də qeyd olunub ki, Azərbaycanda siyasi həbslər artıb. Çıxışçılar bu xüsusda “Abzas Media”nın həbs edilən əməkdaşlarını da nümunə kimi göstəriblər.
Hökumət tərəfi isə jurnalistlərin həbslərilə bağlı bütün iddiaları rədd edir.
“Abzas Media” işi
Noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları rədd edirlər və həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və jurnalistlərin dərhal azad edilməsinə çağırıblar.