“Forbidden Stories”in koordinasiya etdiyi layihə 15 media orqanı ilə əməkdaşlıq edən 40 jurnalisti bir araya gətirməklə Azərbaycanda həbsdə olan həmkarlarının işini davam etdirmək məqsədi daşıyır. Bu gün həbsxana divarları arxasında saxlanılan “Abzas Media” jurnalistləri ölkədə İlham Əliyevin sərt rejiminin fəaliyyəti altında baş verən korrupsiya, ətraf mühitin çirklənməsi və insan haqları məsələlərini araşdıran sonuncu jurnalistlərdən olublar.
Son aylar Azərbaycanı ölkədə media azadlığını risk altına salan dalğa sarsıdıb. 2023-cü ilin noyabrında Azərbaycan hakimiyyəti “Abzas”ın jurnalistləri Ülvi Həsənli, Sevinc Vaqifqızı və komandanın inzibati işləri ilə məşğul olan üzvü Məhəmməd Kelakovu həbs edib. “Abzas Media” ölkədə korrupsiya faktlarını araşdıran sonuncu müstəqil media qurumlarından biridir.
Həbslərə cavab olaraq, “Forbidden Stories”, “OCCRP” və “PTM” noyabrın 23-də birgə bəyanat yayıblar. “Abzas”ın susdurulmuş işini davam etdirmək məsuliyyəti təkcə konsorsium deyil, “Abzas”ın komandası tərəfindən də dəstəklənib. Cəmi bir neçə gündən sonra layihə 15 qlobal media təşkilatını və 40 jurnalisti bir araya gətirməyə müvəffəq olub: “France 24”, “RFI”, “OCCRP”, “Paper Trail Media”, “The Guardian”, “RTS”, “IRPI”, “Le Monde”, “Radio France”, “Knack”, “Le Soir”, “NRC”, “ZDF” və “Der Standard”. “Abzas” jurnalistləri həbs olunandan etibarən bütün layihə tərəfdaşları birlikdə işləyiblər. Əldə etdiyimiz nəticələr hakimiyyətin boğmağa çalışdığı işin əzmli davamıdır.
Bu günə qədər “Abzas Media”nın 6 əməkdaşı “qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” ittihamı ilə həbs ediliblər. Qeyd edək ki, həbslər məhz “Abzas Media”nın Azərbaycan həbsxanalarında baş verən işgəncələri, ölkənin ən güclü qızıl mədənlərindən birinin ətraf mühitə mənfi təsiri və bu kimi digər məsələləri araşdırmaq planları ilə eyni vaxta təsadüf edib.
Hələ 2023-cü ilin iyununda “Abzas Media” jurnalistləri Azərbaycanın qərbində qızıl hasilatının arxasında dayanan çirkli əməlləri daha dərindən araşdırmağa cəhd göstərərkən buna görə təhdid edilib və həbs edilmişdilər. İndi “Forbidden Stories” və tərəfdaşları qızıl yolunun izinə düşərək bu qiymətli metalın “Tesla”, “Apple” və “HP” kimi məşhur korporasiyalarla əlaqələrini ortaya çıxarıblar.
Layihənin araşdırmaları Azərbaycanda həbsxanaların şübhəli formada idarə olunması ilə bağlı məsələlərə də işıq salır. 2014-cü ildən Azərbaycan inkişaf proqramları məqsədilə Avropa Şurasından 23 milyon avrodan çox vəsait alıb. “Forbidden Stories” və onun tərəfdaşları tərəfindən incələnən rəsmi sənədlər onu göstərir ki, vəsaitlər “məhkəmə sisteminin potensialının artırılması”, “kadrların təlimi”, “həbsxana şəraitinə nəzarətin gücləndirilməsi” və “şəffaflığın artırılması və korrupsiya hallarının qarşısının alınması üzrə fəaliyyət” üçün nəzərdə tutulub. Buna baxmayaraq, Azərbaycan həbsxanalarındakı şəraitin qeyri-şəffaf olması bu vəsaitlərin faktiki təsiri ilə bağlı ciddi suallar ortaya çıxarır.
Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca Ülvi Həsənlinin bu yaxınlarda həbsxana kamerasından yazdığı məktubda qeyd etdiyi kimi, komanda üzvləri təcrid və sükutla üzləşsə də, “Abzas Media” saytı jurnalistika azadlığı uğrunda mübarizənin sübutudur.
Hakimiyyətdə olanların bütün var-gücü ilə gizlətməyə çalışdığı hekayələri “Forbidden Stories” və tərəfdaşları yorulmadan araşdırmağa davam edəcəklər.
Həsənli məktubunu Eynşteynin sözləri ilə belə bitirib: “Haqq incələr, amma üzülməz”.
“Baku Connection” layihəsinin media tərəfdaşları: : “France 24”, “RFI”, “OCCRP”, “Paper Trail Media”, “The Guardian”, “RTS”, “IRPI”, “Le Monde”, “Radio France”, “Knack”, “Le Soir”, “NRC”, “ZDF” və “Der Standard”.