Rübabə Quliyeva: “Görünür, qızımıza yaşatdıqları işgəncə ilə də öz aləmlərində qisas alırlar”
“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin 1 yaşlı qızı ilə görüşünə icazə verilmir. Bu barədə onun həyat yoldaşı Rübabə Quliyeva “Facebook” hesabında yazıb.
Rübabə Quliyeva bildirib ki, sonuncu dəfə martın 8-də körpə qızı ilə birlikdə həyat yoldaşı Ülvi Həsənlinin görüşünə gediblər. Ancaq 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov normal şəkildə görüşə icazə verməyib.
“Bir gün qabaq bizə deyildi ki, Ülvi ilə təkbətək görüşə icazə veriləcək və qızımızı da gətirim. Səhər Suadı (qızım) yuxusundan oyadıb təcridxanaya apardım. Soyuq havada 1 saat gözlətdilər. İçəri girəndə nəzarətçi onun geyimini davamlı yoxlamağa başladı və o, gərginləşib ağladı”, – deyə o yazıb.
Rübabə Quliyeva deyir ki, Ülvi Həsənli gələndə isə onlara məlumat verilib ki, təkbətək görüşə icazə verilməyəcək. Təcridxana rəisi və nəzarəçilər gün ərzində bir neçə dəfə təklif ediblər ki, uşağı atasına özləri göstərib geri qaytarsınlar:
“Əlbəttə ki, uşağımı onlara heç vaxt vermərəm və təbii ki, bundan imtina etdim. Etirazımı bildirdim, nəticədə bizə yenə də şüşə arxasında görüş təklif edildi. Ülvi və mən onlara qətiyyən şüşə arxasından görüşməyəcəyimizi bildirdik. Bu görüşə Ülvi qızımızı görsün deyə gəlmişdik! Qızıma görə çox gərgin idim. Etirazımı bildirdim ve baş verən hadisəni ictimailəşdirəcəyimi deyib qızımla oradan çıxdım. Qızım bu 2 saat ərzində yetərincə travma aldı”.
Rübabə Quliyevanın sözlərinə görə, təcridxana rəisi daha sonra xəbər göndərib ki, Ülvi Həsənlinin övladını görməsi üçün 1 dəqiqəlik şərait yarada bilər.
“Ülvi qızını görsün deyə, məcbur yenidən eyni gərginliyi uşağıma yaşatmalı oldum. Biz içəri girən kimi qızım yenə ağlamağa başladı. Ülvi onu qucağına aldı, öpdü və otaqdan dərhal çıxarıldıq. Haqqımız olan görüşü ala bilmədik”, – deyə R.Quliyeva bildirib.
Qeyd edək ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 19.6-cı maddəsində deyilir ki, həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə ayda dörd dəfə 4 saatadək müddətdə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Həbs edilmiş şəxs görüşlər zamanı daxili intizam qaydalarını pozduqda görüşlər vaxtından əvvəl dayandırıla bilər və bu halda həmin fakt protokollaşdırılmalıdır.
Vəkil Elçin Sadıqov bildirib ki, ölkədə xüsusi karantin rejimi süni şəkildə uzadıldığına görə, şüşə arxasından görüşlərlə bağlı qərar da qüvvəsində qalır.
“Qanunvericiliklə həftədə bir dəfə görüş, iki dəfə də 15 dəqiqədən az olmayaraq telefonla danışıq haqqı nəzərdə tutulub. Məhbus istənilən yaxın qohumu ilə, o cümlədən körpə uşağı ilə görüşmək istəyirsə, bu, təmin edilməlidir. Karantin müddətinə istinad edib, görüşləri də o qaydalar əsasında tənzimləyirlər. Xüsusi karantin rejimi uzadılmasa, qanunvericilikdə şüşə arxasından görüş nəzərdə tutulmayıb”.
Elçin Sadıqov bildirib ki, dünyada pandemiyanın bitdiyi elan edilib, Azərbaycan isə karantin rejimində olan yeganə ölkədir. Onun sözlərinə görə, şəxslərin səhhətində hər hansı problem yoxdursa, məhbusların yaxınları ilə görüşünə qadağa qoyula bilməz. Vəkil hesab edir ki, qoyulan məhdudiyyət məhz bu baxımdan qanunsuzdur.
Ədliyyə Nazirliyi, Penitensiar Xidmət və Ombudsman Aparatı “Abzas Media”nın suallarını cavablandırmayıb.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Sonradan Nərgiz Absalamova, Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddətləri uzadılıb.
Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edir və Azərbaycan hökumətini jurnalistləri dərhal azad etməyə çağırır.