Hüquqşünas: “Etika və hüquq ayrı-ayrı sahələrdir, sadəcə hökumət bizi “sutka” xalqına çevirib”
Son günlər Azərbaycanda ard-arda 10 nəfərə yaxın tiktoker həbs olunub.
Onların arasında “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov, “Miri” ləqəbli Mirnamiq Mirələmzadə, “Roşka” ləqəbli Rövşən Süleymanov, “Po jizni Cesi” adı ilə tanınan Cəsarət Cavadov da var.
İnzibati qaydada həbs olunan bu şəxslərə rəsmi olaraq hansı maddələr üzrə ittiham irəli sürüldüyü açıqlanmasa da, Daxili İşlər Nazirliyinin (DİN) məlumatlarında deyilir ki, həbslərin səbəbi bu şəxslərin sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etməsidir.
Vəkil Fariz Namazlı deyir ki, iş üzrə hansı maddə ilə məsuliyyətə cəlb olunmasına dair qərarı görmədən kiminsə qanuni və ya qanunsuz həbs edildiyini demək olmaz. Ancaq rəsmi açıqlamadakı səbəblər yerli qanunvericilikdə hüquqi məsuliyyət nəzərdə tutmur.
“Çünki İnzibati Xətalar Məcəlləsində milli-mənəvi dəyərlərin pozulmasına dair hər hansı inzibati xəta yoxdur. Məcəllədə ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar bölməsi var, amma orada da milli-mənəvi dəyərlərin pozulması kimi xətalar mövcud deyil”.
Hüquqşünas Xalid Bağırov isə “Meydan TV”yə deyib ki, tiktokerlərin həbsi çox absurd, heç bir işə yaramayan addımdır.
“Etika və hüquq ayrı-ayrı sahələrdir. Belə çıxır ki, kimsə Novruzu bayram kimi qəbul etmirsə, Aşura günü matəm saxlamırsa, 30 sutka həbs cəzası almalıdır? Əslində, bu, dövlətin Azərbaycan cəmiyyəti ilə “sutka” dili ilə danışmasıdır. Hökumət bizi “sutka” xalqına çevirib. Ancaq həbs edib, içəri atılması mümkün olan xalqa çevirib”.