Son 5 ildə müxalifətin mitinq tələblərinə ya icazə verilmir, ya da Bakının mərkəzindən kənar yerlər təklif olunur
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakıda kütləvi etiraz aksiyaları təyin etməklə bağlı müzakirələrə başlayıb. Bu barədə məlumatı AXCP sədri Əli Kərimli video-müraciətində verib.
O bildirib ki, bir neçə ay sonra parlament seçkiləri keçiriləcək və etiraz aksiyaları ilə vəziyyəti minimal da olsa dəyişmək istəyirlər:
“Tofiq Yaqubluya görə, Qubad İbadoğluna görə, “Toplum TV”nin, “Abzas Media”nın jurnalistlərinə görə, inanclı insanlara görə, ümumilikdə 289 siyasi məhbusa görə mintinq etmək fikrindəyik. Mitinq meydanlarında seçki islahatı tələb etmək niyyətindəyik. Azərbaycan hökuməti inflyasiyanı kompensasiya haqda düşünmür, sosial vəziyyət günü-gündən pisləşir. Buna görə biz sosial islahatlar da tələb etmək niyyətindəyik”, - deyə o bildirib.
Partiya sədri əlavə edib edib ki, hökumət etirazların fonunda heç olmasa minimum dəyişikliklərə getməlidir.
“Gün müəyyənləşdirib mitinq təyin edəcəyik və Azərbaycan hökumətini mövqe bildirməyə məcbur edəcəyik. Hakimiyyət bu məsələləri düzgün anlasa, minimum dəyişikliklərə belə olsa, getməlidir. Mitinqlərimizə konstitusion qaydada razılıq verilməlidir. Ya Azərbaycan hökuməti sərbəst toplaşmaq azadlığına tətbiq etdiyi 5 illik qadağanı götürüb parlament seçkilərində minimal iştirak üçün şərait yaradacaq, ya da bir daha göstərəcək ki, bu qədər təzyiqlərdən sonra zərrə qədər də olsa, dəyişmirlər və repressiya kursunda davam edirlər”, - partiya sədri video-müracətində deyib.
Hələlik bu fikirlərə rəsmi reaksiya yoxdur.
Ölkədə sonuncu böyük mitinq Milli Şuranın təşkilatçılığı ilə 2019-cu ilin yanvarında baş tutub. Mitinqdə Müsavat və Respublikaçı Alternativ partiyaları da iştirak ediblər. Bundan sonra hökumət elə həmin ilin sonunda yalnız 1 piketə razılıq verib.
Müxalifətin mitinq keçirməklə bağlı çoxsaylı müraciətlərinə ya rədd cavabı gəlib, ya da aksiyanı Bakının mərkəzi yerlərindən kənarda keçirmək təklif olunub.
Bu il Azərbaycanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Hüquq müdafiəçiləri bildirirlər ki, ölkədə repressiv dalğa davam edir, siyasətçilər, jurnalistlər, inanclı şəxslər qanunsuz olaraq kütləvi şəkildə həbs edilirlər.
Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın məlumatına görə, ölkədə 288 siyasi məhbus var. Hökumət isə təkidlə ölkədə siyasi məhbusların olmadığını bildirir.