Qafqazda mübahisəli qanunlar və həbslər: Əliyevin “rus qanunu”na ehtiyacı varmı?

Qafqazda mübahisəli qanunlar və həbslər: Əliyevin “rus qanunu”na ehtiyacı varmı?
29 Aprel 2024
Mətni dəyiş

Xalid Bağırov: “Əliyevin qanuna ehtiyacı yoxdur, adamları birbaşa həbs edir və açıq şəkildə deyir ki, Avropa İttifaqına üzvlük haqda düşünmür”

Bir müddətdir Cənubi Qafqaz ölkələrində “rus qanunu” kimi təqdim olunan, “xarici agent” hesab olunanların dairəsini müəyyən edən qanun layihəsi müzakirə olunur. Gürcüstan parlamentində birinci oxunuşdan keçən qanun layihəsinə görə, maliyyə mənbəyinin 20 faizindən çoxu xaricdən qaynaqlanan media və qeyri-kommersiya təşkilatları xarici təsir altında olan qurum hesab olunacaq.

Sovet İttifaqı dağıldıqdan sonra eyni dövrdə müstəqillik qazanan iki qonşu Qafqaz ölkəsi - Gürcüstan və Azərbaycanda bu proses fərqli formalarda aparılır.

Gürcüstanda vətəndaş cəmiyyəti üzvlərinin böyük hissəsini potensial “xarici agent” elan edən və onları müəyyən şərtlərlə fəaliyyət göstərməyə məcbur edən qanun müzakirəyə çıxarılır.

Bakıda isə vətəndaş cəmiyyəti nümayəndələri hökumətyönlü media və Avropa İttifaqı ərazisində qadağan olunan və Kremlin propoqanda maşını hesab edilən “sputnik.az” saytında “xarici agent” adı ilə damğalanır, onların əleyhinə qarayaxma kampaniyası aparılır. Həmin məqalələrdə adları çəkilən vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlər qaçaqmalçılıq ittihamı ilə bir-birinin ardınca həbs olunurlar.

Azərbaycan ictimaiyyətini narahat edən bu qanun Azərbaycanda da qəbul oluna bilərmi?

Hökumət nümayəndələri hələlik bu mövzuda susqunluq nümayiş etdirirlər. 

Keçmiş millət vəkili, hökumətə yaxın Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə aprelin əvvəlində “Yeni Müsavat”a deyib ki, Azərbaycanda belə qanun layihəsinin qəbulu üçün təşəbbüs irəli sürülməsi istisna deyil.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli qeyd edib ki, Gürcüstanda etirazla qarşılanan qanunun müddəalarına oxşar maddələr Azərbaycan qanunvericiliyində də var. Məmmədlinin fikrincə, Azərbaycanda da beynəlxalq donor təşkilatların fəaliyyəti üçün ciddi manelər yaradılıb.

Anar Məmmədli, SMDT-nin rəhbəri

“Rusiyadakı qanun xarici donor təşkilatlarının ölkə ərazisində fəaliyyətini qadağan edir. Onlara xarici agent statusu verir. Azərbaycan qanunvericiliyində də belə müddəalar var.

2013-2014-cü ildə qəbul olunmuş normativ aktlar bunu tənzimləyir. Qanunla beynəlxalq donor təşkilatlarına elə şərtlər qoyublar ki, onların Azərbaycanda fəaliyyəti əngəllənib. Yerli qeyri-hökumət təşkilatları da (QHT) onlarla işləyə bilmir. Dediyim kimi, ad olaraq fərqli olsa da, mahiyyət etibarilə eyni maddələr burada da var”, – deyə o bildirib.

Ötən ilin noyabrından etibarən Bakıda onlarla jurnalist və vətəndaş cəmiyyəti nümayəndəsi əsasən “qaçaqmalçılıq” ittihamı ilə həbs olunub. Yerli və beynəlxalq hüquq müdafiəçiləri Azərbaycanda kəskin şəkildə artan siyasi motivli həbslərdən narahatlıq ifadə edirlər və hökuməti qondarma ittihamlarla həbs olunmuş ictimaiyyət nümayəndələrini azad etməyə çağırırlar.

Hüquqşünas Xalid Bağırovun fikrincə, Gürcüstanda birinci oxunuşda qəbul olunan “xarici agent” qanunu daha çox simvolik əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Gürcüstan hökuməti ictimai narazılığa səbəb olacağından açıq şəkildə Avropa İttifaqına tərəf getmədiyini bəyan edə bilmir, çünki bu, kəskin ictimai narazılıq yarada bilər.

Xalid Bağırov, hüquqşünas

“Bu qanunu qəbul etməklə Gürcüstanın Avropa İttifaqına üzvlük prosesini süni formada uzatmağa çalışır. Ancaq İlham Əlyevin vətəndaş cəmiyyətinə münasibəti daha radikaldır. Əliyev adamları həbs edir ki, xaricdən maliyyələşirsiniz. Açıq şəkildə deyir ki, Avropa İttifaqına üzvlük haqda düşünmür”, – Bağırov bildirib.

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərovun fikrincə, Azərbaycan hakimiyyəti ictimai rəyi səfərbər edən vətəndaş cəmiyyətini, hüquq müdafiə institutlarını, müstəqil medianı, müxalif mərkəzləri ağır repressiv tədbirlərlə əzir və bunu tam hesabatsız, məsuliyyətsiz şəkildə həyata keçirir. O hesab edir ki, məhdudlaşdırıcı xarakterli normativ hüquqi aktların qəbuluna qarşı heç bir ictimai müqavimət yoxdur.

Rüfət Səfərov, “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru

“Məsələn, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Media haqqında”, “Siyasi partiyalar haqqında” son dərəcə mürtəce xarakterli qanunların qəbuluna nail olan hökumət “xarici agentlər”lə bağlı qanunu da qəbul edər. Ali icra hakimiyyətinin “qanuni əlavəsi” kimi diqqət cəlb edən müxalifətsiz parlamentdə siyasi sistemin maraqlarına xidmət edən istənilən normativ-hüquqi aktı qəbul etdirmək problem deyil. Bu, günün acı təcrübəsidir”, - deyə o bildirir.

Hüquq müdafiəçisi bir müddət öncə rəsmi Kremlin propaqanda ruporu hesab olunan “sputnik.az” saytında müstəqil media və qeyri-hökumət təşkilatları haqqında qarayaxma xarakterli məqaləsinə istinad edərək deyir ki, YAP hakimiyyətinin məqsədi ictimai əhval-ruhiyyəni olduqca aşağı salmaqdır.

“Bunun nəticəsidir ki, bu gün cəza evlərində 300-dək müxtəlif kateqoriyalar üzrə siyasi və vicdan məhbusları var. Lakin tam şəkildə məsələ həll olunacaqmı, yəni sonuncu etirazçını belə neytrallaşdırmaq mümkün olacaqmı? Görünən budur ki, belə bir azğın niyyəti gerçəkləşdirmək elə də asan olmayacaq. Çünki kollektiv Qərb rəsmi Bakı ilə açıq danışmaq xəttini seçib. Sanksiyalar qapının kandarındadır. Əgər nəticə çıxarılmasa, mərhələ-mərhələ hakimiyyəti təmsil edən əsas simalar beynəlxalq sanksiyalara məruz qalacaqlar. Üstəlik, ölkənin iqtisadi və enerji maraqları tam təhlükə altına düşəcək", – deyə Rüfət Səfərov bildirib.

Qeyd edək ki, ABŞ Konsresinin bir qrup nümayəndəsi Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlayır. “Qanun layihəsində “ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan” məmurlara – Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, bir sıra hərbçilər, hakimlər də daxil olmaqla 40-dək məmurun adı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun