Ekspertlər regionun Rusiya təsirindən azad olmasının bu qədər asan olmadığını düşünür və hesab edirlər ki, sülhməramlıların bölgədən getməsinin əvəzində Azərbaycan hakimiyyəti Rusiya ilə hansısa razılığa gəlib
Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti aprelin 17-dən etibarən iki ölkə rəhbərlərinin razılaşması ilə bölgəni vaxtından əvvəl tərk edir.
Öncədən mətbuatda bununla bağlı yayılmış məlumatları daha sonra Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev təsdiqləyib. Ancaq sülhməramlıların bölgəni hansı müddətdə və hansı şərtlərlə tərk etməsilə bağlı rəsmi açıqlama yoxdur.
İkinci Qarabağ Müharibəsinin yekununda - 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatda sülhməramlı missiyanın bölgəyə ən azı 5 illik yerləşdirildiyi qeyd olunurdu.
Maddə 3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (CDSI) rəhbəri Cəsur Məmmədov deyir ki, sülhməramlıların Qarabağı tərk etməsi gözləniləmədən baş versə də, real hərbi vəziyyət onların bölgədəki əhəmiyyətinin artıq azaldığını göstərirdi.
“2020-ci razılaşmasından sonra Rusiya Müdafiə Nazirliyi Qarabağdakı vəziyyətlə bağlı hər gün bülletenlər yayırdı, ancaq bu il yanvardan etibarən bu, dayandırıldı. Bu da o deməkdir ki, bölgənin əhəmiyyəti qalmayıb, hansısa dəyişikliklər baş vermir. Müşahidələr göstərirdi ki, son aylarda sülhməramlılar Xankəndi və Xocalı ətrafına toplaşırlar.
Ötən ilin sentyabr əməliyyatından sonra Rusiya sülhməramlılarının hansı sayda hərbçi ilə haralarda mövqe qurması açıqlanmadı. Ancaq erməni sakinlər Qarabağı tərk etdikcə, sülhməramlılar da müxtəlif istiqamətlərdəki məntəqələrinin ləğv edilməsilə bağlı açıqlamalar yayırdılar”, - deyə o bildirir.
2023-ci ilin sentyabrındakı lokal hərbi əməliyyatlar dövründə Azərbaycanın Xankəndi şəhərində yaşayan erməni əhali kütləvi şəkildə şəhəri tərk etməyə başladılar. Beynəlxalq təşkilatlar bunun Bakının təzyiqləri fonunda baş verdiyini desələr də, Azərbaycan rəsmiləri köçün könüllülük əsasında olduğunu bildirirdilər.
"Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan ərazisini tərk etməsi onların könüllü və fərdi qərarıdır”, - bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ötən il sentyabrın 28-də deyib.
Sülhməramlıların Azərbaycanı tərk etməsi həm də bu səbəblə izah edilir. Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, Rusiya hərbçilərinin əsas missiyası orda yaşayan ermənilərlə bağlı humanitar fəaliyyət göstərmək, kommunikasiyalara nəzarət etmək idi. Ancaq indi buna gərək yoxdur:
“Ancaq mən sülhməramlıların Azərbaycanı çox sakit şəkildə tərk edəcəyinə inanmıram. Sözsüz ki, onların planları var. Əgər Rusiya regionu tərk etmək niyyətində olsaydı, bu gün Gürcüstanda müşahidə etdiyimiz hadisələr olmazdı”, - Rauf Mirqədirov belə düşünür.
Lakin belə düşünən təkcə R.Mirqədirov deyil, hərbi ekspert Cəsur Məmmədov da ortada hansısa razılaşmanın olduğuna inanır.
“Ola bilər ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olsun. Azərbaycanın yaxın vaxtlarda Rusiyadan dəyəri milyardlarla ölçülən hərbi texnika alacağını da proqnozlaşdırıram. Düşünürəm ki, Azərbaycanın müdafiə sənayesi kompleksində Rusiyanın rolu artırılacaq. Birgə müəssisələrin də yaradılması mümkündür.
Bu proses Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına zidd olsa da, paralel şəkildə aparılacaq. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı NATO standartlarına uyğunlaşmaqla bağlıdır. Azərbaycan-Rusiya hərbi əməkdaşlığı isə bunun əleyhinə olan bir proses olacaq”, - C.Məmmədov belə deyir.
Sovet ittifaqı dağılandan sonra Rusiya keçmiş ittifaq respublikalarına nəzarəti bu ölkələrdə müxtəlif adlarla ordu yerləşdirərək həyata keçirirdi. Hazırda Ermənistanda, Gürcüstanda, Ukraynada, Moldovada Rusiya hərbi kontingenti var. Uzun illər sonra bir yolla Azərbaycana da gəlmişdi. Ancaq çox qalmadı.
Siyasi şərhçi Azər Qasımlı deyir ki, Rusiya hərbi kontingentinin Azərbaycan ərazisində olub-olmaması əsas məsələ deyil. Əsas məsələ odur ki, Azərbaycan hökuməti ölkəni avtoritar düşərgədə saxlayır.
“Rusiya üçün əsas məsələ də budur. Qarabağda olan hərbi kontingent isə simvolik olaraq önəm daşıyırdı ki, Rusiya bu bölgədə var. Müəyyən mənada Rusiya üçün zəmanət idi ki, Azərbaycan nə vaxtsa Qərbə doğru meyillənməyəcək.
Azərbaycan tam olaraq Belarus kimi Rusiyanın yanında yer tutub. Ölkə daxilində Qərblə əlaqəsi olan hamını həbs ediblər. Yəni, tam Putinin istədiyi kimi davranıblar. Bunu nəzərə aldıqda, Azərbaycan iqtidarı heç də öz iradəsilə hərəkət etmir. Yəni, bu bölgədə oyun qurucu Azərbaycan iqtidarı deyil. Ona görə də Rusiyanın hərbi kontingentini bizim təzyiqimizlə çıxartdığını düşünmək düz deyil. Rusiya əlindən gələni edəcək ki, Ermənistanı Avrointeqrasiyadan çəkindirsin və bunu da müttəfiqi Azərbaycanın əli ilə etməyə çalışacaq”, - Azər Qasımlı belə deyir.
“Rusiya sülhməramlılarının Azərbaycandan çıxması Rusiyanın bütövlükdə Qafqazda və Ukrayna cəbhəsində yaşadığı hərbi-siyasi proseslərlə bağlıdır”, - AXCP sədrinin müavini Seymur Həzi deyir ki, Rusiya Ermənistanda çox ciddi müqavimətlə qarşılaşıb. Hazırda Gürcüstanda da siyasi müqavimətlə qarşılaşmaqdadır. Eynilə Ukrayna cəbhəsində də çox ciddi humanitar fəlakətlər yaşayır.
“Ard-arda hadisələrin belə irəliləməsi Rusiya qoşunlarının mərkəzdə güclənməsinə zərurət yaradıb. Yəni, Rusiyada şəxsi heyətə ehtiyac var. Görünür, Azərbaycan hökuməti bu fürsətdən istifadə etmək istəyib. Biz bilmirik Azərbaycan bunun qarşılığında nə edəcək, ancaq onu bilirik ki, Rusiyanın enerji və iqtisadi məsələlərdəki problemlərinin həlli üçün dəstəyə ehtiyacı var, Azərbaycan hökuməti bu istiqamətdə hansısa yardımlar edə bilər. Ancaq bütövlükdə Rusiya qoşunlarının Azərbaycandan çıxarılması çox ciddi bir səhvin düzəldilməsidir.
Regionda siyasətə təsir edən amil burada Rusiya ilə eyni dəyərləri bölüşən hakimiyyətlərin olmasıdır. Bu baxımdan Cənubi Qafqaz Rusiya siyasətindən arınmış bir bölgə hesab oluna bilməz”, - S.Həzi belə düşünür.
Son aylar Ermənistanın Avrointeqrasiyaya doğru sürətlə irəliləməsi, Gürcüstanda yeni “Xarici təsirin şəffaflığı haqqında” qanunun fonundakı baş tutan etirazlar regionun gələcəyilə bağlı ciddi suallar doğurur.
Rauf Mirqədirov deyir ki, Rusiya regiondakı qüvvələr nisbətində hansısa dəyişikliklərə hazırlaşır. Çox güman, bu dəyişikliklər Ermənistandan başlayacaq.
“Ermənistanda yaxın vaxtlarda çevriliş cəhdi olacaq. Hakimiyyətə yeni gələn ruspərəst qüvvələr əvvəlki razılaşmalardan, yəni, Azərbaycanın ərazi bütövlüyünün, keçmiş Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ərazisi kimi tanınmasından imtina edə bilərlər. Bu halda Rusiya Ermənistanın təhlükəsizliyilə bağlı öhdəliklərini yerinə yetirə bilər və istisna etmirəm ki, Rusiya Azərbaycan-Ermənistan sərhədini tam nəzarətə götürməyə hazırlaşır”, - deyə o bildirir.
Azərbaycanın hökumət nümayəndələri və parlamentariləri isə baş verənləri hökumətin düzgün diplomatik siyasətilə əlaqələndirirlər.