Beynəlxalq həmrəyliyin birgə nümayişi olaraq 240 təşkilat, alim və hüquq müdafiəçisi bir müddət əvvəl ev dustaqlığına buraxılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, akademik Qubad İbadoğlunun üzərindən ittihamların tamamilə götürülməsi tələbilə açıq məktub dərc edib.
Məktubda bildirilib ki, Dr.İbadoğlu tanınmış korrupsiya araşdırmaçısı, Böyük Britaniya sakini və London İqtisadiyyat Məktəbi (LSE) ilə əməkdaşlıq edən alimdir.
“Azərbaycan hökuməti onu 2023-cü il iyulun 23-də pul saxtakarlığı və terrorla əlaqə kimi əsassız ittihamlarla saxlayıb və 22 aprel 2024-cü ildə ev dustaqlığına buraxılana qədər 9 ay müddətinə istintaq təcridxanasında qalmalı olub. Onun məhkəməsi mayın 20-də başlaya bilər”, – sənəddə qeyd edilib.
“UNCAC Koalisiyası və sənədi imzalayan əlavə 239 dostumuz və həmkarımız Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azad edilməsini qətiyyətlə tələb edir”, - deyə UNCAC Koalisiyasının icraedici direktoru Matias Huter bildirib.
“Qubad İbadoğlu bizim şəbəkəmizin üzvü və qlobal antikorrupsiya hərəkatında görkəmli söz sahibidir. Ona qarşı irəli sürülən ittihamlar əsassızdır və görünür, bu, Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətini sarsıtmaq və tənqidi, antikorrupsiya səslərini susdurmaq cəhdidir”, – koalisiyanın direktoru əlavə edib.
Məktubda o da qeyd edilib ki, doktor İbadoğlu şəkərli diabetdən, ürək xəstəliyindən və yüksək qan təzyiqindən əziyyət çəkir. Onun səhhəti həbsxanada olduğu müddətdə Azərbaycan hakimiyyətinin qeyri-adekvat qayğısı nəticəsində xeyli pisləşib. Əgər vaxtında lazımi tibbi yardım göstərilməsə, o, ciddi infarkt riski ilə üz-üzə qala bilər.
Bildirilib ki, Qubad İbadoğlu Azərbaycanda korrupsiyaya qarşı mübarizənin öndə gedən nümayəndələrindəndir.
“O, ölkənin neft və qaz sektorlarında əhəmiyyətli korrupsiya faktlarını ifşa edib, büdcənin şəffaflığını müdafiə edib və azərbaycanlı oliqarxlar tərəfindən oğurlanan və ofşorlarda gizlədilən aktivlərin ələ keçirilməsinə təşviq edib. O, həmçinin ələ keçirilən aktivləri azərbaycanlı tələbələr üçün təqaüdlərə çevirmək məqsədilə Böyük Britaniyada təhsil fondu yaradıb”, - sənəddə belə yazılıb.
“Ömrünü Azərbaycan xalqının rifahının yüksəldilməsinə həsr etmiş bir insanın indi belə ağır aqibətə məruz qalması dəhşətlidir. Qubada qarşı irəli sürülən ittihamların heç bir mahiyyəti yoxdur və Azərbaycan hakimiyyəti onları dərhal ləğv etməlidir”, - deyə Huter bildirib.
Açıq məktub 164 təşkilat və 76 yüksək profilli şəxs, o cümlədən “Transparency International” və “Publish What You Pay” (PWYP) təşkilatları tərəfindən imzalanıb.
Məktub Azərbaycan hakimiyyətinə və bütün dünyada bu işi izləyən hökumətlərə göndərilib. Məktubu alanlar arasında UNCAC İştirakçı Dövlətlərin Konfransının hazırkı prezidenti ABŞ, Qubad İbadoğlunun həbs olunanadək yaşadığı Böyük Britaniya və bu yaxınlarda professorun dəstəklənməsi üçün Avropa institutlarına çağırış qətnaməsi qəbul edən Avropa İttifaqı da var.
“UNCAC Koalisiyası beynəlxalq ictimaiyyəti Qubad İbadoğlunun və hazırda Azərbaycan həbsxanalarında saxlanılan bütün digər siyasi məhbusların sağlamlığını və azadlığını qorumaq məqsədilə çevik və qətiyyətli addımlar atmağa çağırır. Biz qarşıdan gələn COP iqlim konfransına ev sahibliyi edən Azərbaycanı beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət etməyə və vətəndaş cəmiyyəti fəalları, jurnalistlər və hüquq müdafiəçiləri üçün təhlükəsiz və əlverişli mühiti təmin etməyə çağırırıq”, - deyə Huter sonda qeyd edib.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham irəli sürülüb.
Ötən il iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə professor barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilmiş, noyabrın 16-da isə həbs müddəti daha 3 ay uzadılmışdı. Bu il fevralın 24-də bu müddət daha 3 ay uzadılıb.
Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.