Sərhədsiz Reportyorlar Təşkilatının Ümumdünya Mətbuat Azadlığı Günündə yaydığı reytinq siyahısında Azərbaycan 13, Gürcüstan 26 pillə gerilədiyi halda Ermənistan 6 pillə irəliləyib
Sərhədsiz Reportyorlar Təşkilatı mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə dünyadakı media azadlığının indeksini dərc edib. Azərbaycan 2023-cü il üzrə qiymətləndirmədə 180 ölkədən ibarət siyahıda 164-cü yerdə – Rusiyadan sonra Nikaraqua ilə Banqladeşin arasında qərarlaşıb.
Bu il Azərbaycanda media azadlıqlarının vəziyyəti olduqca pisləşib. Belə ki, əvvəlki il 151-ci yerdə olan Azərbaycan reytinq siyahısında 13 pillə geriləyib və media azadlığının “çox ciddi” pozuntulara məruz qaldığı ölkələrin kateqoriyasına daxil edilib.
Bu geriləmə Azərbaycanda 2023-cü ilin noyabrında müstəqil və tənqidçi media qurumu olan “AbzasMedia”ya basqın və saytla əməkdaşlıq edən jurnalistlərin həbsi ilə başlayan repressiyadan sonra qeydə alınıb.
“Müharibənin səfərbərlik gücünü itirməsindən narahat olan Prezident İlham Əliyev Azərbaycanda hələ də fəaliyyət göstərən, reportajları ilə onun legitimliyinə şübhə yarada bilən bir neçə müstəqil medianı susdurmağa çalışır”, – deyə Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Janna Kavelye “OC Media”ya açıqlamasında deyib.
O əlavə edib ki, Prezident Əliyev istənilən plüralizm təzahürünü məhv edib, öz sülaləsini qorumaq üçün Toplum TV-də çalışan jurnalistləri hədəfə almaqda davam edir.
Hesabatda bildirilir ki, media qurumlarının və jurnalistlərin azadlıqları məhz mətbuat azadlığına təminat verməli olan hökumətlər tərəfindən pozulur.
“Əliyev diqqətini mətbuat azadlığına qarşı növbəti basqıları dərhal dayandırmağa və ölkəsini uçurum reytinqindən çıxarmaq üçün konkret islahatlar həyata keçirməyə yönəltməlidir”, – deyə təşkilatın bəyanatında vurğulanır.
Cənubi Qafqaz ölkələrindən Gürcüstanın illik indeksdəki mövqeyi əvvəlki illə müqayisədə 26 pillə geriləyib. Azərbaycan və Gürcüstanla müqayisədə Ermənistanda media azadlığının vəziyyəti daha yaxşı olub. Ölkə 43-cü pillədə qərarlaşaraq əvvəlki reytinqlə müqayisədə 6 pillə irəliləyib.
“Ermənistanda mətbuat azadlığının vəziyyəti “qənaətbəxş”dir. Ona görə də, bunu Qafqaz regionunun “yeni ümidi” adlandırmaq olar”, – deyən Kaveyle Ermənistan hökumətinin ölkədəki jurnalistlərin üzləşdiyi problemləri həll etməli olduğunu vurğulamağı da yaddan çıxartmayıb.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını əsaslı sayarsa, jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.
Fevralın 24-dən başlayaraq “Abzas Media işi” üzrə həbs edilən bütün jurnalistlərin həbs müddəti daha 3 ay uzadılıb.
Bu il martın 6-da polis “Toplum TV” onlayn televiziyasında əməliyyat keçirib. Bu media qurumuna qarşı da “AbzasMedia” işində olduğu kimi Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi açılıb.
Akif Qurbanov, Müşfiq Cabbarov, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev əməliyyatlar çərçivəsində cinayət məsuliyyətinə cəlb olunaraq həbs ediliblər. Fərid İsmayılovla Elmir Abbasov isə cinayət məsuliyyətinə cəlb olununaraq polis nəzarətinə buraxılıblar.
Martın 8-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni cinayət işi üzrə saxlanılaraq məsuliyyətə cəlb olunublar. Saxlanıldığı gün Ələsgər Məmmədlinin yaşadığı mənzildə axtarış aparılıb. Rəsmi açıqlamada media mütəxəssisinin mənzilindən 7300 avro tapıldığı bildirilib. Məmmədli bu pulun ona məxsus olmadığını bildirib.
Martın 9-da Bakının Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin dörd ay istintaq təcridxanasında saxlanılması barədə qərar verib. Martın 15-də Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
Saxlanılan şəxslər ittihamları rədd edir, həbslərinin siyasi sifariş əsasında peşə fəaliyyətləri ilə əlaqəli olduğunu bəyan edirlər.