Prezident Salome Zurabişvilinin apreldən etibarən paytaxt Tbilisidə kütləvi etirazlara səbəb olan bu qanuna veto qoyacağı gözlənilir
Gürcüstan parlamenti mayın 14-də “Xarici təsirin şəffaflaşdırılması haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
“OC Media” xəbər verir ki, bu gün keçirilən plenar iclasda səsverməyə çıxarılan qanun layihəsinin lehinə 84, əleyhinə isə 30 deputat səs verib.
Bundan sonra növbə Gürcüstan Prezidenti Salome Zurabişvilidədir.
Zurabişvili bir müddət öncə qanuna veto qoyacağını bəyan etmişdi. Bununla belə, parlament prezidentin vetosunu ləğv edə və qanunu sadə səs çoxluğu ilə qəbul edə bilər.
Qanun layihəsinin qəbulundan sonra Tbilisidə etiraz aksiyaları daha da şiddətlənib. Etirazçılar parlamentin binasına daxil olmağa çalışıb.
İncəsənət xadimləri Azadlıq Meydanına doğru əsas küçələrdən birini bağlayaraq yürüş keçirib.
Aksiyalarda bir neçə etirazçının saxlanıldığı bildirilsə də, Daxili İşlər Nazirliyi hələlik rəsmi açıqlama yaymayıb.
Mayın 13-də Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi qanun layihəsini üçüncü oxunuşda dəstəkləmişdi. Qanun layihəsi müxalifət deputatlarının iştirakı olmadan 1 dəqiqə ərzində həyata keçirilib.
Ötən gün Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri qanunun qəbuluna etiraz edənləri zorakılıqla dağıdıb, azı 20-yə yaxın fəal saxlanılıb.
Gürcüstanın böyük universitetlərində təhsil alan tələbələr qanunun oxunuşdan keçməsinə etiraz olaraq küçə yürüşlərinə qatılıb.
Tələbələr parlament qarşısında etirazçılara qoşulduqdan az sonra Tbilisinin mərkəzi Rustaveli prospekti hərəkətə bağlanıb. Batumidəki universitet və lisey tələbələri də “xarici agent” qanununa etiraz əlaməti olaraq yürüş ediblər.
Qafqaz Universitetinin İqtisadiyyat fakültəsinin keçmiş dekanı Soso Berikaşvili apreldə Dövlət Təhlükəsizlik Xidmətinin tələbi ilə işdən çıxarıldığını yazıb.
Berikaşvili bildirib ki, onu “Gürcü arzusu”nun qurucusu Bidzina İvanişviliyə “söyüş”də ittiham ediblər. “Mən sadəcə olaraq qanunu sərt tənqid etdim”, – deyə o vurğulayıb. Berikaşvili tənqidinin məzmununa aydınlıq gətirməyib.
Gürcüstandan olan Aleksandre Motserelia Abxaziyanın oxşar qanun layihəsini qəbul etməkdən imtina etdiyini əsas gətirərək hakim partiyanı xarici agent qanununa səsverməyə yenidən baxmağa çağırıb.
Gürcüstanın Ombudsmanı Levan İoseliani də parlament çoxluğunu xarici agent haqqında qanun layihəsinə səs verməkdən çəkinməyə çağırıb. O, ya qanun layihəsinə, ya da xarici maliyyələşməni tənzimləyən mövcud qanunvericiliyə düzəlişlərin edilməsi ilə bağlı əvvəlki tövsiyəsini təkrar edib.
“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struthers xarici agent haqqında qanun layihəsini “repressiv” adlandırıb və Gürcüstan hökumətini qanunu “təcili olaraq rədd etməyə” çağırıb.
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps xarici agent qanun layihəsini “Rusiyanın Gürcüstana müdaxiləsi” kimi qiymətləndirib.
“Biz insanları Rusiyanın bu təsirinə qarşı durmağa çox təşviq edirik”, – deyə o, Britaniyanın “Sky News” telekanalına müsahibəsində deyib edib.
Kremlin mətbuat katibi Dmitri Peskov Gürcüstan hökumətini alqışlayıb və ölkənin daxili işlərinə açıq-aşkar müdaxilədən sığortalamaq səylərini müsbət qiymətləndirib.
Rusiyanın dövlət agentliyi “RİA”nın məlumatına görə, Peskov həmçinin “Gürcü arzusu” rəhbərliyinə qarşı beynəlxalq sanksiya ehtimallarını “Gürcüstanın daxili işlərinə gizli müdaxilə” adlandırıb.
Almaniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rot Gürcüstan hökumətinin onunla və Litva, Polşa, Çex, finlandiyalı həmkarları ilə görüşməkdən imtina etdiyini bildirib.
Rot əlavə edib ki, onlar yalnız Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikolos Samxaradze ilə hakim “Gürcü Arzusu”nun Tbilisidəki qərargahında görüşə biliblər.
Bu ilin aprelində Gürcüstan parlamenti “Xarici təsirin şəffaflaşdırılması haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Qanunun məqsədi Gürcüstanda vətəndaş hüquqları ilə məşğul olan xarici qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarət və məhdudlaşdırmaqdır.
Hakim “Gürcü arzusu” Partiyası ötən il sənədi təsdiqləməyə çalışsa da, kütləvi etirazlardan sonra layihə geri götürülüb. Lakin etirazlar gözlənilən nəticəni verməyib. Qanun layihəsi yenidən parlamentə qaytarılıb. Hazırkı qanun layihəsinin mətni keçənilki ilə demək olar ki, tamamilə üst-üstə düşür. Əsas fərq ondan ibarətdir ki, “xarici agent” ifadəsi “xarici dövlətin maraqlarına uyğun fəaliyyət göstərən təşkilat” ifadəsi ilə əvəz edilib.
Təklif edilən sənəd Rusiyada uzun illər qüvvədə olan qanunun analoqu sayılır. Aprelin 30-da qanun layihəsinin ikinci oxunuşu ərəfəsində minlərlə etirazçı Tbilisinin mərkəzinə toplanandan sonra polislə şiddətli toqquşmalar baş verib. Buna baxmayaraq, mayın 1-də parlament üzvləri sənədi ikinci oxunuşda təsdiqləyiblər.
Mayın 11-də Tbilisidə ölkənin müasir tarixində ən böyük mitinq olan “Avropa yürüşü” baş tutub. Daha sonra Gürcüstan prezidenti Salome Zurabişvili kütləvi etirazlar fonunda təcili müraciət edib.
Prezident müraciətində hakim “Gürcü arzusu” Partiyasına qanunun qüvvəyə minmə tarixini noyabrın 1-nə qədər, oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonraya təxirə salmağı təklif edib.
“Bu, Rusiya qanunudur. Bizim hökumət də Rusiya üsullarından istifadə edir. Hətta baş nazirin bugünkü çıxışı da Rusiya üslubundadır”, – deyə o bildirmişdi.
Bir gün əvvəl ölkənin baş naziri demişdi ki, “xarici agentlər” haqqında nəzərdə tutulan qanun layihəsi vətəndaşların 60%-i tərəfindən dəstəklənib.
Gürcüstandakı vəziyyət Avropa İttifaqında da narahatlığa səbəb olub. Avropa rəsmiləri etirazçılara qarşı güc tətbiqini pisləyib və Gürcüstanı bloka qoşulmaq üçün namizəd statusundan məhrum edilməsinə dair çağırış ediblər.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.