Gürcüstanda “Xarici təsirin şəffaflaşdırılması haqqında” qanuna etiraz aksiyaları davam edir.
Aprelin 15-dən bəri davam edən aksiyalarda vəziyyət son günlər gərginləşib. Mayın 1-də paytaxt Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. DİN aksiyada 63 nəfərin saxlanıldığını, 6 polisin xəsarət aldığını deyib.
Qarşıdurmaya səbəb “Xarici təsirin şəffaflaşdırılması haqqında” qanun layihəsinin parlamentdə ikinci oxunuşdan da keçməsi olub. Qanun layihəsinə Gürcüstan parlamentinin 83 deputatı səs verib. Müxalifət deputatları səsverməni boykot ediblər. Bu qanun layihəsinə görə maliyyələşməsinin 20 faizini “xarici qüvvədən” alan QHT-lər, yayımçılar və KİV sahibləri xarici qüvvənin maraqlarına xidmət edən təşkilat kimi qeydiyyatdan keçməyə borcludurlar.
Müxalifət və Qərb ölkələri qanunu avtoritar və Rusiyadan ruhlanan qanun kimi qəbul edir, ölkəni avrointeqrasiyadan uzaqlaşdıracağını deyirlər.