Con Bass: “Azərbaycanı haqsız yerə həbs edilənləri azad etməyə çağırmaqda davam edirik”
Ölkə başçısı İlham Əliyevin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da görüşlər keçirir.
Bu barədə məlumatı Azərbaycanın ABŞ-dakı səfirliyi yayıb.
Səfər ABŞ Konqresinə Azərbaycanla bağlı sanskiya layihəsinin təqdim edilməsindən qısa müddət sonraya təsadüf edir.
Azərbaycan tərəfindən görüşlərdə nələrin müzakirə edilməsi detallı açıqlanmasa da, səfirlik “X” hesabında yaydığı məlumatda səmərəli görüşlər üçün ABŞ rəsmilərinə təşəkkür edib.
Hacıyev səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bassla görüşüb.
“Bu gün Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə regionda ləyaqətli və daimi sülhü, ABŞ-Azərbaycan əməkdaşlığını və ümumi prioritetləri, eyni zamanda, “COP 29”u müzakirə etmək üçün görüşdük.
Biz Azərbaycanı haqsız yerə həbs edilənləri azad etməyə çağırmaqda davam edirik”, - Con Bass "X" hesabında yazıb.
Hacıyev səfər çərçivəsində dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkrislə, katibin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kimlə də görüşüb.
Son bir ildə ABŞ və Azərbaycan arasında siyasi və diplomatik münasibətlərin kəskin pisləşməsi müşahidə olunur.
Prezident Əliyev də daxil olmaqla bir sıra Azərbaycan rəsmiləri ABŞ-ı Ermənistana dəstək verməkdə, Azərbaycana qarşı fəaliyyət göstərməkdə ittiham edirlər.
Bu müddətdə ölkə başçısı Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə bir neçə dəfə telefonla danışıb.
Sonuncu danışıqda Blinken Əliyevi haqsız həbs edilənləri azad etməyə çağırıb. Bundan bir gün sonra Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri, Vaslav Havel mükafatçısı Anar Məmmədli Bakıda saxlanılaraq həbs edilib.