Gülağa Aslanlı: “Natiq Mehdinin kiminləsə mübahisə edəcəyini təsəvvür edə bilmirəm”
Müsavat Partiyasının üzvü, bir müddət əvvəl partiya başqanlığına namizəd olmuş Natiq Mehdi (Ulubəy) qətlə yetirilib.
Bu barədə məlumatı Daxili İşlər Naziliyi (DİN) yayıb. Məlumatda qeyd olunur ki, Natiq Mehdinin iş yoldaşı tərəfindən qətlə yetirildiyinə dair şübhələr var.
“Natiq Mehdinin iş yoldaşı 1966-cı il təvəllüdlü Elsəvər İslamov tərəfindən qətlə yetirilməsinə şübhələr müəyyən edilib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib”, - deyə məlumatda qeyd olunub.
Natiq Mehdi Bakının Günəşli qəsəbəsindəki məktəblərin birində gecə gözətçisi işləyib.
Müsavat Partiyası qətllə bağlı rəsmi açıqlama yaymasa da, partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı deyir ki, Natiq Mehdinin kiminləsə mübahisə edə biləcəyinə inana bilmir:
“Çox sakit, təmkinli və rahat adam idi. Onun kiminləsə mübahisə edəcəyini təsəvvür edə bilmirəm. El dili ilə desək, mənim tanıdığım Natiq heç kimin toyuğuna daş atan adam deyildi.
Səbəblə bağlı ehtimalım yoxdur, ancaq onu bilirəm ki, bunu ancaq insanlıqdan kənar bir adam edə bilər. Heç bir siyasi motiv görmürəm, istintaq gedir, səbəbləri məlum olacaq”, - deyə Gülağa Aslanlı bildirib.
N.Mehdi mayın 10-dan etibarən itkin düşüb, sonuncu dəfə avtomobili ilə evdən gedib və geri qayıtmayıb. Yaxınları onun itkin düşməsilə bağlı polisə və Ombudsmana müraciət edib.
O, Müsavat Partiyasının Səbail Rayon Təşkilatının sədr müavini idi. Aprel ayında partiyanın qurultayında başqanlığa namizədliyini irəli sürüb, lakin qurultaya bir neçə gün qalmış namizədliyini geri götürüb.