Qərbdən üz döndərib Orta Asiyanı seçmək kimin maraqlarına xidmət edir?

Qərbdən üz döndərib Orta Asiyanı seçmək kimin maraqlarına xidmət edir? Foto: Sesli Makale
7 May 2024
Mətni dəyiş

Cəmil Həsənli: “Mənimsədikləri vəsaitləri Avropada yerləşdirir, Azərbaycan vətəndaşını isə Avropadan uzaq saxlayırlar”

Azərbaycan hakimiyyəti uzun illər həm Qərblə, həm də Rusiya ilə balanslı siyasət apardığını təbliğ edib. Həm ölkə başçısı, həm də məmurlar çıxışlarında ölkənin bu yöndə xarici siyasətini ən uğurlu nümunə kimi təqdim ediblər. Ancaq İkinci Qarabağ Müharibəsindən sonra balans sürətli şəkildə pozulmağa başlayıb. Azərbaycan rəsmiləri Qərb ölkələrilə bağlı ittihamedici ritorikanı sərtləşdirib, Rusiya ilə isə münasibətlər inkişaf etdirilir.

Bununla da Ukraynaya işğal əməliyyatından sonra Avropa Şurasından çıxarılan və sanksiya qoyulan Rusiya üçün Azərbaycan azsaylı müttəfiqlərindən birinə çevrilib.

Bu il Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququ dondurulandan sonra prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində ölkənin Orta Asiyaya yön alacağına dair mesajlar verib:

“Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, – deyə İlham Əliyev bildirib.

Qeyd edək ki, TDT-yə üzv ölkələr əsasən qeyri-demokratik hesab olunan Orta Asiya ölkələridir.

“Freedom House” təşkilatının hazırladığı “Keçid ölkələri 2024” adlı hesabata görə, Mərkəzi Asiya ölkələri ilə bahəm Azərbaycan da 29 ölkə arasında demokratiyanın vəziyyətinə görə ən pis yerdə qərarlaşıb. Bu hesabata görə, ölkə ən aşağı 1 balla oturuşmuş avtoritar rejimlə idarə olunan ölkələr sırasındadır. Elə əksər Orta Asiya ölkəsində də vəziyyət belədir.

Türk Dövlətləri Təşkilatı

Üzv ölkələr

OA

Demokratiyanın vəziyyəti

Azərbaycan

 

Oturuşmuş avtoritariya

Qazaxıstan

+

Oturuşmuş avtoritariya

Qırğızıstan

+

Oturuşmuş avtoritariya

Özbəkistan

+

Oturuşmuş avtoritariya

Türkiyə

 

 

 

Müşahidəçi ölkələr

OA

Demokratiyanın vəziyyəti

Macarıstan

 

 

Türkmənistan

+

Oturuşmuş avtoritariya

Şimali Kipr Türk Respublikası

 

 

Bəs Azərbaycanın Qərblə pisləşən münasibətləri fonunda Orta Asiyanı seçməsindən kim itirəcək, kim qazanacaq?

Demokratik qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənli deyir ki, Azərbaycanın maraqları Avropaya inteqrasiya olunmaqdadır. Bunun əvəzinə Orta Asiyanı seçmək ilk növbədə Azərbaycanın birinci ailəsinin maraqlarına xidmət edir.

Cəmil Həsənli, Demokratik qüvvələrin Milli Şurasının sədri, professor

“Orta Asiya ölkələrinin yanında durmaq, Azərbaycanın yox, Əliyevin yoludur. Bizim Qafqazdakı qonşularımız da Avropaya inteqrasiya olunur. Bunlar ölkədə əyri yollarla mənimsədikləri vəsaitləri aparıb Avropada yerləşdirirlər, Azərbaycan vətəndaşını isə Avropadan uzaq saxlayırlar. Çünki Avropaya inteqrasiya edirsənsə, gərək Ümumdünya Ticarət Təşkilatına üzv olasan. Üzv olanda da gərək hakim ailənin monopoliyasından imtina edəsən. Qapıları açsan xarici banklar ölkəyə daxil olacaq və Əliyevlərin bank monopoliyasını dağıdacaq”, –  deyə Cəmil Həsənli vurğulayıb.

Sərhədsiz Reportyorlar təşkilatının Beynəlxalq Mətbuat Azadlığına dair son indeksi: Azərbaycan 180 ölkə içərisində 151-ci yerdə qərar tutub:

İran

177-ci yer

Türkmənistan

176-cı yer

Türkiyə

165-ci yer

Rusiya

164-cü yer

Belarus

157-ci yer

Tacikistan

153-cü yer

Azərbaycan

151-ci yer

Özbəkistan

137-ci yer

Qazaxıstan

134-cü yer

Qırğızıstan

122-ci yer

Qonşu Ermənistan 49-cu, Gürcüstan isə 77-ci yeri tutub.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyir ki, Azərbaycanın Qərbdən üz döndərməsi onun Konstitusiyası və milli təhlükəsizlik konsepsiyası ilə ziddiyyət təşkil edir. Müsavat funksionerinin sözlərinə görə, Qərbdən üz döndərən ölkələrdə avtoritar və ya diktaturaya yaxınlaşan hakimiyyətlər  yaranır.

Gülağa Aslanlı, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri

“Özlərinə Qərb dövlətlərində mülklər alan, pullarını bu ölkələrin banklarında saxlayan məmurların Orta Asiyaya üz tutması, onların son dərəcədə qorxu içində yaşadığının göstəricisidir. Bu da Qərb demokratiyasının inkişafının, Rusiyanın qərb qarşısında ağır vəziyyətə düşməsinin nəticəsidir. İlham Əliyev hələ iki qütb arasında qalmağa cəhd edir”, – deyə Gülağa Aslanlı fikrini tamamlayıb.

Azərbaycan rəsmiləri çıxışlarında bildirirlər ki, Qərbin Qarabağ məsələsinə yanaşması ikili standarta əsaslanır, Azərbaycana təzyiq etmək və Ermənistanı gücləndirmək niyyəti güdür. Seçki mütəxəssisi Məmməd Məmmədzadə isə deyir ki, Qərblə münasibətlərin gərginləşməsi müharibədən əvvələ təsadüf edir. Onun fikrincə, Rusiya-Ukrayna müharibəsinin ilkin nəticələri də bu prosesə stimul verib.

Məmməd Məmmədzadə, seçki mütəxəssisi

“Hamı gözləyirdi ki, Rusiya məğlub olacaq və bölgədə geosiyasi vəziyyət dəyişəcək. Ancaq Rusiya Ukraynada müəyyən uğur əldə etdi. Bu da ona gətirdi ki, Azərbaycan və Belarus kimi ölkələr Orta Asiyaya meylləndi. Açıq şəkildə Rusiyanın qütbündə yer alırıq demirlər, amma Orta Asiyanı seçmək də bu qütbdə yer almaq deməkdir. Görünür, Azərbaycan da seçimini edib, Rusiyanı seçib.

Əsasən qaz və neftdən asılı olan Azərbaycan iqtisadiyyatının yarıdan çoxu Avropa Birliyi və Qərb dövlətlərindən asılıdır. Azərbaycan Avropa Şurasının üzvüdür və mədəniyyətlə, idmanla bağlı müxtəlif sahələrində Qərb təşkilatlarında iştirak edir. Əgər Azərbaycan Avropa Şurasından çıxıb Orta Asiyaya meyillənsə, bu məsələlərdən də kənarda qalacaq. Hazırda Qərb dövlətləri rifah dövlətləridir və yüksək yaşam standartları ordadır”, - deyə Məmməd Məmmədzadə bildirib.

Avropaya inteqrasiyanın həm də siyasi azadlıqlara təminat verməklə assosiasiya olunduğunu deyən C.Həsənli əlavə edir ki, bu da hökumətin öz maraqlarına ziddir.

“Avropaya inteqrasiya olursansa, gərək azad seçki keçirəsən, adamların cibinə narkotik atıb tutmayasan, yalançı “qaçaqmalçılıq” ittihamı ilə jurnalistləri həbs etməyəsən. Əliyevin Avropaya inteqrasiyadan üz döndərib Orta Asiyanı seçməsi və Azərbaycanı aparıb Türkmənistanla yan-yana qoyması məhz bununla bağlıdır. İlham Əliyev nəinki Orta Asiya, bir az da o tərəfə gedib, Şimali Koreyanın yanında dayanmaq istəyir. Ölkə sərhədlərini qapalı saxlayıb, siyasi azadlıqları məhdudlaşdırması da buna görədir”,  –  deyə o, bildirib

Cəmil Həsənli sonda bir daha vurğulayıb ki, Avropanın sərhədləri Xəzərə qədər genişlənəcəyindən Azərbaycanın Orta Asiya xəttini tutması uğurlu fikir deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun