Hadisə bu ilin sonunda Bakıda keçiriləcək BMT-nin mühüm iqlim konfransı ərəfəsində medianın repressiyaya məruz qalması ilə bağlı narahatlıqları yeniləyib
Qərbli jurnalistlər bu ayın əvvəlində Azərbaycanda keçirilən enerji sənayesi konfransına buraxılmayıblar. “The Guardian” nəşri yazır ki, bu hal ilin sonunda Bakıda keçiriləcək BMT-nin mühüm iqlim konfransı ərəfəsində dövlətin mediaya təzyiq göstərməsi ilə bağlı narahatlığı yenidən alovlandırıb.
Böyük Britaniya və Fransadan olan ən azı üç jurnalist “The Guardian”a bildirib ki, bir neçə həftə əvvəl tədbirdə iştirakla bağlı qeydiyyatdan keçmələrinə baxmayaraq, onların Bakı Enerji Həftəsi forumuna girişinə rədd cavabı veriləndən sonra özlərini “təhlükəsiz” hiss etmirlər.
Jurnalistlərin sözlərinə görə, imtina cavabının əsaslı səbəbi göstərilməyib, lakin təşkilatçılarla “qorxulu” və “təhdid xarakterli” qarşılaşmadan sonra tədbirin keçirildiyi məkanı tərk etməli olublar.
Konfrans “Human Rights Watch” təşkilatının apardığı araşdırmalar nəticəsində Azərbaycanda son bir il ərzində ən azı 25 jurnalist və fəalın həbsi və ya məhkum olunmasıı faktını aşkar etməzdən bir müddət əvvəl keçirilib. Sözügedən jurnalistlərin demək olar ki, hamısı hələ də həbsdədir.
Kampaniyaçılar və vətəndaş cəmiyyəti qrupları bu ilin sonunda Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransı ərəfəsində iqlim təbliğatının boğulması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
“Montel News” enerji xəbər agentliyinin baş araşdırmaçı jurnalistləri Lourens Uoker və Kristofer İls “The Guardian”a bildiriblər ki, mayın ortalarında tədbir təşkilatçıları onların qeydiyyatdan keçdiklərini təsdiqləsə də, Bakı Enerji Həftəsi konfransı və sərginin keçiriləcəyi məkandan uzaqlaşdırılıblar.
Keçmişdə Azərbaycan hökuməti haqqında tənqidi yazılar yazan və adının açıqlanmasını istəməyən Böyük Britaniyada yaşayan başqa bir jurnalistin də həftələr öncə akkreditasiya almasına baxmayaraq, tədbirlərə girişi qadağan edilib.
Jurnalistlər telefonla danışarkən təşkilatçının rus dilində “onları uzaqlaşdırın” dediyini eşitdikdən sonra məkanı tərk ediblər. Onlar bunun məkanın təhlükəsizlik işçilərinə edilən çağırış olduğuna əmin olduqlarını söyləyiblər.
“Jurnalistlərin həbsə atıldığı, mətbuat azadlığının olmadığı bir ölkədəsənsə, bununla zarafat etmək olmaz”, – İls deyib.
“Caspian Event Organisers” şirkətinin sözçüsü baş verənləri “fundamental anlaşılmazlıq” adlandırıb və bildirib ki, jurnalistlər forum üçün deyil, sərgi üçün akkreditasiyadan keçiblər.
Jurnalistlərin “The Guardian”a təqdim etdiyi elektron yazışmalarından aydın olur ki, jurnalistlər Bakının müxtəlif məkanlarında keçirilən hər iki tədbirdə iştirak üçün müraciət ediblər.
Media nümayəndələri əlavə ediblər ki, konfrans təşkilatçıları məkanın rəsmilərinə “bu jurnalistləri diqqətdə saxlayın və çalışın ki, onlar sərgiyə daxil ola bilməsinlər” dedikdən sonra onlar sərgidən də uzaqlaşdırılıblar.
COP29 üçün media akkreditasiyası BMT-nin iqlim dəyişikliyi katibliyi vasitəsilə həyata keçiriləcək və tədbirə gələcək müxbirlər onlayn qeydiyyatdan keçəcəklər. COP29 təşkilatçıları məsələ ilə bağlı sualları cavablandırmayıblar.
Bakı Enerji Həftəsini Azərbaycan prezidenti İlham Əliyev açıq elan edib.
Bunun ardınca “bp”, Fransanın “TotalEnergies” və Almaniyanın “Uniper” enerji şirkətinin sponsorluğu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və digər qərb enerji şirkətləri rəhbərlərinin iştirak etdiyi iki günlük forum keçirilib.
“Montel News”un baş redaktoru Riçard Sverrisson bildirib ki, jurnalistlərin “sadəcə öz işlərini gördükləri üçün qorxudulması və əngəllənməsi” mətbuat azadlığı və qarşıdan gələn COP29 danışıqları üçün “dərin narahatlıq doğurur”.
“Onlar sağ-salamat evə qayıtdıqları üçün artıq rahatam. Ümid edirəm ki, digər jurnalistlərlə də sadəcə akkreditasiyadan keçib, beynəlxalq konfrans haqqında məlumat verməyə cəhd etdikləri üçün belə rəftar edilməyəcək”, – deyə Sverrisson əlavə edib.
“Global Witness” iqlim müdafiəsi qrupunun baş təbliğatçısı Mey Rozner deyib:
“Azad mətbuat və vətəndaş cəmiyyəti iqlim dəyişikliyinə darşı mübarizədə mühüm rol oynayır. Azərbaycan isə həm mətbuatı, həm də vətəndaş cəmiyyətini susdurmağa çalışır. Bunun ən dramatik nümunəsi Azərbaycanın mədən sənayesinin tanınmış tənqidçisi olan Qubad İbadoğlunun döyülməsi və həbs edilməsi olub. Avtoritar neft dövlətləri iqlim danışıqlarına cavabdeh ola bilməz”.
Nəşr yazının sonunda şərh üçün Azərbaycan hökumətinə müraciət edildiyini də yazıb.