Saxlanılanların azadlığa buraxılması üçün Azərbaycan hökumətinə çağırış edən birliyin sözçüsü Peter Stano Aİ-nin sülh prosesinə dəstəyini əsirgəməyəcəyini deyib
Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülhü təbliğ edən gənc alim Bəhruz Səmədovun, eləcə də digər müstəqil jurnalistlər, insan haqları fəalları və vətəndaş cəmiyyəti təmsilçilərinin həbsindən narahatlığını bildirib. Aİ Azərbaycanı fundamental hüquqlarından istifadə etdiyinə görə saxlananları azadlığa buraxmağa, saxlananlar üçün ləyaqətli və təhlükəsiz şərait, o cümlədən onların tibbi və müstəqil hüquqi xidmətlərə tam çıxışını təmin etməyə çağırıb.
Bunu AzadlıqRadiosuna Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano bildirib. Sözçü birliyin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlığını daha öncə də açıq dilə gətirdiyini yada salır.
Müharibə əleyhinə fikirləri ilə tanınan Bəhruz Səmədov avqustun 23-də dövlətə xəyanət ittihamı ilə saxlanılıb. O özünə yönəlik bu ittihamı qəbul etmir.
Ötən ilin noyabrından başlayaraq ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. Onlar da bu ittihamla razılaşmır, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Təhlilçilər müharibə əleyhdarlarına son təzyiqləri ölkədəki ümumi həbs dalğasının davamı sayırlar.
Aİ-nin sözçüsü Peter Stano AzadlıqRadiosuna açıqlamasında Ermənistanla Azərbaycan arasında sülh prosesində hər iki tərəfin marağı əsasında yaxından iştirak etdiyini də vurğulayır. Onun dediyinə görə, beynəlxalq tərəfdaşlarla sıx koordinasiya halında işləyən Aİ tərəflərin davamlı sülhə yönəlik işində kömək üçün diplomatik səyini əsirgəməyib, konkret nəticələr əldə olunub.
"Aİ bu kontekstdə dəstək göstərməyə davam edəcək. Biz tərəflərdən, iki ölkənin və xalqlarının əlaqələrinin normallaşdırılmasına, regionda davamlı sülhə gətirəcək konstruktiv və müsbət yanaşma gözləyirik", – Peter Stano qeyd edir.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük hərbi əməliyyatla Qarabağ üzərində suverenliyini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya edilməyib. Son illər sülh danışıqları ABŞ, Aİ-nin, eləcə də Rusiyanın vasitəçiliyi ilə davam edib.
Mətn: AzadlıqRadiosu