ECRI: “Azərbaycanda Ombudsman islahatları yarımçıq qalıb, LGBTI məsələlərinə dair tövsiyələr yerinə yetirilməyib”

ECRI: “Azərbaycanda Ombudsman islahatları yarımçıq qalıb, LGBTI məsələlərinə dair tövsiyələr yerinə yetirilməyib” Foto: coe.int
30 Oktyabr 2025
Mətni dəyiş

Avropa Şurasının müstəqil ekspert orqanı olan İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) Ermənistan, Azərbaycan və Gürcüstanda 2023-cü ildə verdiyi tövsiyələrin icrasına dair nəticə hesabatını dərc edib.

Hesabata əsasən, Azərbaycan Avropa Şurası komissiyasının Ombudsman institutu ilə bağlı tövsiyəsini qismən yerinə yetirib. İrqçi və LGBTI əleyhinə nifrət nitqi ilə bağlı ikinci tövsiyəni isə yerinə yetirməyib. 

Hesabat ECRI-nin altıncı monitorinq mərhələsi çərçivəsində hazırlanıb və hər ölkə üzrə iki əsas tövsiyənin yerinə yetirilmə səviyyəsini qiymətləndirir. Komissiya bu sənədləri hökumətlərin təqdim etdiyi məlumatlar və öz müşahidələri əsasında tərtib edib.

ECRI-nin Azərbaycanla bağlı 2023-cü il hesabatında əsas tövsiyələrdən biri Ombudsman institutunun səlahiyyətlərinin, müstəqilliyinin və effektivliyinin artırılması idi. Qurum xüsusilə Ombudsmanın şəffaf seçilməsi, diskriminasiya ilə mübarizə üçün ayrıca şöbə yaradılması və işçilərin potensialının artırılması kimi addımların atılmasını önə çəkmişdi.

ECRI qeyd edir ki, 2023-cü ilin iyulunda qəbul edilən dəyişikliklərə əsasən, Ombudsmanı artıq Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclis seçir. Bu, “müsbət addım” kimi qiymətləndirilib.

Lakin Komissiya bildirir ki, bu prosedur hələ də tam şəffaf deyil: vakansiyalar açıq elan olunmur, namizədlərin qiymətləndirilməsi üçün aydın və ictimai meyarlar müəyyən edilməyib və icra hakimiyyətinin namizədlərin irəli sürülməsi mərhələsində həlledici təsiri qalır.

ECRI həmçinin Qlobal Milli İnsan Hüquqları Təsisatları Alyansının (GANHRI) Azərbaycan Ombudsmanını “Paris prinsiplərinə qismən uyğun” hesab edərək B statusu ilə akkreditə etdiyini xatırladır.

Hesabata görə, 2023-cü ilin sonunda Ombudsman Aparatında “Bərabərlik hüququnun təmin olunması üzrə şöbə” yaradılıb. Bu şöbə uşaq hüquqları və əlilliyi olan şəxslərin hüquqları üzrə 2024-cü ildə formalaşdırılmış monitorinq qruplarına dəstək verir.

ECRI bildirir ki, bu şöbənin fəaliyyəti diskriminasiya ilə mübarizə və bərabərlik məsələlərini tam əhatə etmir, yəni, Komissiyanın əvvəlki tövsiyəsinə hələ tam cavab vermir.

Ombudsman Aparatının əməkdaşlarına 2024-cü ildə bir neçə təlim keçirilib, lakin ECRI bu tədbirlərin irqçilik və ayrı-seçkiliklə mübarizə mövzusunu əhatə etmədiyini vurğulayır və daha çox davamlı təlimlərə ehtiyac olduğunu qeyd edir.

ECRI-nin ikinci əsas tövsiyəsi Azərbaycanda irqçi və LGBTI əleyhinə nifrət nitqi və nifrət cinayətləri barədə vahid və ətraflı məlumat bazasının yaradılması ilə bağlı idi.

Komissiya bildirir ki, hökumətin təqdim etdiyi məlumatlarda bu sistemin yaradıldığına dair heç bir sübut yoxdur. 2024-cü ildə keçirilən “İnsan Hüquqları Ayı” çərçivəsində nifrət nitqi mövzusunda maarifləndirmə kampaniyası keçirilsə də, ECRI qeyd edir ki, bu tədbir məlumat sisteminin qurulması tövsiyəsinə aid deyil.

Nəticə etibarilə, Komissiya bu tövsiyənin ümumiyyətlə icra edilmədiyini açıqlayıb.

ECRI vurğulayır ki, Azərbaycan Ombudsman institutunun gücləndirilməsi istiqamətində bəzi müsbət addımlar atılsa da, hələ də qanunvericilik və praktiki boşluqlar qalır. Komissiya bu sahədəki tövsiyələrin yalnız qismən yerinə yetirildiyini, nifrət cinayətləri üzrə məlumat toplama sisteminin isə heç həyata keçirilmədiyini qeyd edib.

Hesabatın Ermənistanla bağlı hissəsində Komissiya bildirib ki, cəmiyyətdə dözümlülük və müxtəliflik dəyərlərinin təbliği üzrə maarifləndirmə tədbirləri keçirməyi, qaçqınlar, sığınacaq axtaranlar və miqrantların dəstəklənməsi üçün inteqrasiya strategiyası qəbul etməyi tövsiyə etmişdi.

ECRI qeyd edir ki, Ermənistan 2023–2025-ci illər üçün İnsan Hüquqları Strategiyasında bu istiqamətdə bəzi addımlar atıb, lakin tövsiyələr ya qismən, ya da ümumiyyətlə icra olunmayıb.

Qarabağdan köç edən 100 min nəfərə yardımlar və sosial xidmətlər sahəsində müsbət addımlar olsa da, inteqrasiya siyasəti hələ formalaşmayıb.

Gürcüstanda isə ECRI azlıqlar üçün məktəblərdə gürcü dilinin ikinci dil kimi tədrisinin artırılmasını tam şəkildə həyata keçirilmiş hesab edib.

Lakin hökumət və vətəndaş cəmiyyəti arasında bərabərlik məsələlərini icra edən koordinasiya komitəsi yaradılmadığı üçün ikinci tövsiyə yerinə yetirilməmiş sayılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun