Gürcüstanda ATƏT sədri etirazlara qatıldığına görə 1800 dollar cərimələnib

Gürcüstanda ATƏT sədri etirazlara qatıldığına görə 1800 dollar cərimələnib
16 Oktyabr 2025
Mətni dəyiş

Gürcüstan Daxili İşlər Nazirliyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtoseni 5 min lari (təxminən 1800 dollar) məbləğində cərimələyib. Bu barədə məlumatı Gürcüstanın “Birinci Kanal”ı yayıb.

Məlumata görə, oktyabrın 14-də Elina Valtonen Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyasına qatılıb və etirazçılara dəstək ifadə edən videomüraciət yayıb. O, çıxışında bildirib ki, insanlar “öz ölkələrinin repressiv kursundan narahatdırlar” və “narazılıqlarını dinc şəkildə ifadə etmək tam haqlarına düşür”.

“Interpressnews” agentliyinin məlumatına görə, Elina Valtonen aksiyada “yolun hərəkət hissəsini bağladığına görə” inzibati qaydada cərimələnib.

Gürcüstan Xarici İşlər Nazirliyi bu hadisə ilə bağlı ATƏT Katibliyinə nota göndərib. Rəsmi bəyanatda bildirilir ki, Valtonen rəsmi səfər proqramından kənara çıxaraq “azsaylı, lakin qanunsuz şəkildə Tbilisinin əsas prospektini bağlayan fəallara” qoşulub və “həqiqətə uyğun olmayan bəyanat” səsləndirib. Nazirliyin iddiasına görə, o, bu davranışı ilə “Gürcüstandakı vəziyyət barədə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib”.

Hökumət həmçinin elan edib ki, baş nazir İrakli Kobaxidze Valtonenlə nəzərdə tutulan görüşü onun etiraz aksiyasına qatılmasına görə ləğv edib. Lakin Elina Valtonen bu açıqlamanı təkzib edərək bildirib ki, görüş onun təşəbbüsü ilə “qrafik uyğunsuzluğu səbəbindən” təxirə salınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun