İsrail hökuməti Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasını və girovların azad edilməsini nəzərdə tutan sülh sazişinin birinci mərhələsini təsdiqləyib. “The Times of Israel” xəbər verir ki, sazişə görə, İsrail ordusu Qəzzada əvvəlcədən razılaşdırılmış mövqelərə çəkiləcək, HƏMAS isə 72 saat ərzində israilli girovları azad etməlidir.
Saziş hökumətdə yekdilliklə qəbul edilməyib. İki ultrasağçı nazir – milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriç sənədin əleyhinə səs verib. Mətbuata görə, Ben-Qvir bəzi fələstinli məhbusların azad edilməsinə etiraz edib və ABŞ-dən gəlmiş nümayəndələr - prezident Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi elçi Stiven Uitkoffla mübahisə edib.
Baş nazir Benyamin Netanyahu isə razılaşmanı əsas hərbi məqsədlərdən birinə nailiyyət kimi qiymətləndirib:
“İki ildir hərbi məqsədlərimiz uğrunda mübarizə aparırıq. Əsas məqsədlərdən biri girovların – həm sağ, həm də həlak olmuşların geri qaytarılmasıdır. Biz bu məqsədə çox yaxınlaşmışıq”.
Razılaşmaya əsasən, İsrail 250 ömürlük həbs cəzası çəkən fələstinlini, həmçinin 2023-cü ilin oktyabrında HƏMAS hücumundan sonra həbs edilən daha 1700 Qəzza sakinini azad edəcək. Girovların azad edilməsi ilə paralel şəkildə məhbusların buraxılması prosesi baş tutacaq. Bu mübadilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə, ictimai tədbirlərsiz və mediaya açıqlanmadan həyata keçiriləcək.
İsrailin məlumatına görə, HƏMAS-ın əlində olan 48 israillidən 20-si sağdır.
HƏMAS rəhbərlərindən Xəlil əl-Hayya sazişi “müharibənin sonu” kimi qiymətləndirib. Onun sözlərinə görə, razılaşma Rəfah sərhəd-keçid məntəqəsinin hər iki istiqamətdə açılmasını da nəzərdə tutur.
“Ynet”in məlumatına görə, İsrail ordusunun mövqelərini geri çəkməsindən sonra ölkə Qəzza zolağının təxminən 53 faizinə nəzarəti saxlayacaq. Bu, ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planında nəzərdə tutulduğundan 4 faiz azdır.