Paşinyan: “Ermənistan Türkiyədən Azərbaycana tranzit marşrutu açmağa hazırdır”

Paşinyan: “Ermənistan Türkiyədən Azərbaycana tranzit marşrutu açmağa hazırdır” Foto: Armenpress
30 Oktyabr 2025
Mətni dəyiş

Ermənistanın baş naziri Nikol Paşinyan Paris Sülh Forumunun 8-ci sessiyasında keçirilən “Liderlik kəsişməsində” adlı paneldə çıxış edərək regiondakı kommunikasiya xətlərinin açılmasının bütün tərəflər üçün faydalı olacağını bildirib.

O, çıxışında “Tramp Yolu” adlanan layihədən və Ermənistan-Azərbaycan sərhədlərinin açılması perspektivindən danışıb.

Paşinyanın sözlərinə görə, Vaşinqtonda qəbul edilmiş sülh bəyannaməsində Ermənistanla Azərbaycan arasında nəqliyyat və rabitə xətlərinin açılması nəzərdə tutulur:

“Biz ümid edirik ki, bu çərçivədə Ermənistanla Azərbaycan arasında sərhədlər açılacaq. Nəticədə Fars körfəzi, Oman körfəzi və Qara dəniz arasında yeni əlaqə kanalları, Xəzər və Aralıq dənizləri arasında isə yeni nəqliyyat yolları yaranacaq. Ermənistanın İranla, Rusiya və Mərkəzi Asiya ilə dəmir yolu əlaqəsi olacaq,” – deyə Paşinyan vurğulayıb.

O, Azərbaycanın son qərarını da yüksək qiymətləndirib:

“Bildiyiniz kimi, Azərbaycan ərazisindən Ermənistana tranzit daşımalarla bağlı bütün məhdudiyyətlərin aradan qaldırıldığını elan etdi. Bu, çox mühüm bəyanatdır və mən bunu yüksək qiymətləndirirəm. Bu, Azərbaycanın həqiqətən tarixi qərarıdır”.

Paşinyan əlavə edib ki, Ermənistan da öz növbəsində Azərbaycan üçün kommunikasiya xətlərini açmağa hazırdır:

“Biz Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə yük maşınlarının keçidi üçün marşrut təqdim etməyə hazırıq,” – deyə o bildirib.

Baş nazir regionda bu prosesə qarşı maraqlı olmayan qüvvələrin mövcud ola biləcəyini etiraf edib, lakin bunun uzunmüddətli perspektivdə bütün tərəflərin xeyrinə olacağını vurğulayıb:

“Bəzi dairələr bu yolların açılmasında maraqlı olmaya bilər, amma əslində bu layihədən bütün oyunçular udacaq”.

Paşinyan çıxışının davamında Azərbaycanın və Ermənistanın son dövrlər müəyyən ortaq maraqları dərk etməyə başladığını bildirib:

“Qlobal və regional vəziyyəti təhlil etdikdə, görünür, biz – Ermənistan və Azərbaycan – başa düşməyə başladıq ki, ölkələrimizin taleləri bir-biri ilə bağlıdır. Onilliklər boyu düşmənçilikdən sonra bu, indi bizim üçün daha aydın olur”.

O, Cənubi Qafqaz xalqlarının tarixindəki paralellərə diqqət çəkib:

“XX əsrin əvvəlində biz müstəqilliyi eyni vaxtda əldə etdik və bir neçə ildən sonra – Azərbaycan, Ermənistan və Gürcüstan – hamımız eyni vaxtda onu itirdik. 1991-ci ildə yenidən birlikdə müstəqillik qazandıq. Ola bilsin ki, indi anlayırıq: müstəqilliyimizə qarşı ortaq təhdidlər mövcuddur”.

Sonda Paşinyan qeyd edib ki, Ermənistan hazırda dövlətçiliyin inkişafı, müstəqillik və suverenliyin qorunması istiqamətində fəaliyyət göstərir:

“Biz dövlətlərimizin inkişafına, müstəqilliyimizin və suverenliyimizin qorunmasına fokuslanmışıq. Bu, çox mühüm amildir, baxmayaraq ki, Azərbaycan tərəfi bu məsələyə eyni qiyməti verirmi, əmin deyiləm”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun