“Abzas Media”nın həbsdə olan jurnalisti Nərgiz Absalamova nüfuzlu “Azad Media” mükafatına layiq görülüb.
Noyabrın 6-da Almaniyanın Hamburq şəhərində təqdimetmə mərasimi keçirilib. Mükafatı “Abzas Media”nın direktoru Günel Səfərova qəbul edib.
Nərgiz Absalamova mərasimə məktub göndərib. Məktubda deyilir:
Mən peşəmin dəyərini hökumətin başlatdığı repressiyalardan sonra daha dərindən hiss etməyə başladım. Həbsdə olduğum 2 il müddətində hər həftə aldığım xəbərlərin sayı get-gedə azalırdı.
Səbəb isə bu müddət ərzində dayanmayan jurnalist həbsləri idi. Hər dəfə bir jurnalist həbs olunanda mənə gələn xəbərlərin sayı da azalırdı. Xəbərsiz qalan təkcə mən deyildim, həm də 10 milyondan çox Azərbaycan vətəndaşı idi. Onlar qarşılaşdıqları problem qarşısında hökumət tərəfindən təkləniblər.
Artıq onların çağırışına gələn bir jurnalist belə azadlıqda qalmayıb. Bu səssizlik avtoritar hökumətlərə etdiyi qanunsuzluqların gizli qalmasına kömək edir. Amma yenə də məni və həmkarlarımı gizli tutmağa çalışdıqları həbsxanadan yazmağa başladıq. Yazılardan sonra hər dəfə müsbət geridönüşlər alanda, problemlər həllini tapanda özümü çox xoşbəxt hiss edirdim.
Təcridxananın rəisi belə “Nə yazsanız, faydası yoxdur” desə də, işimiz dəyərsiz hiss etdirməyə çalışsa da, mən gözümlə dustaqlara münasibətin dəyişdiyini, onlardan illərlə oğurlanan təminatları indi məcbur qalıb verdiklərini görəndə əmin olurdum ki, jurnalistika hələ də gücünü saxlayır. Mən harda olsam da, əminəm ki, yazdıqlarımı mütləq oxuyacaqlar və bu yazdıqlarım cəmiyyətə faydalı olacaq. Müstəqil media hər zaman güclüdür. Jurnalistika hər zaman güclüdür.
Mükafatı Norveçin “Fritt Ord” və Almaniyanin “Zeit Stiftung Bucerius” fondları təqdim edir.
Absalamova bu mükafata ətraf mühitin çirklənməsi, korrupsiya faktları və sosial hüquqların pozulması ilə bağlı hazırladığı videoreportaj və sənədli filmlərə görə seçilib.
2025-ci ilin laureatları arasında həmçinin gürcüstanlı jurnalist Mzia Amaqlobeli, rusiyalı jurnalist Aleksandra Astaxova, Belarusun “Belarus Araşdırma Mərkəzi”, Macarıstanın “Direkt36”, eləcə də Ukraynanın “Gwara Media” nəşrləri var.
“Abzas Media” müstəqil media orqanı olaraq ötən il də “Azad Media” mükafatına layiq görülmüşdü. Nəşrə mükafat qətiyyətli və sistemli şəkildə apardığı korrupsiya araşdırmalarına görə bu mükafata təqdim edilib.
Nərgiz Absalamova 2023-cü il noyabrın 30-da “Abzas Media”ya qarşı açılmış cinayət işi çərçivəsində həbs edilib. O, iş üzrə həbs edilən digər həmkarları kimi valyuta qaçaqmalçılığı və digər maliyyə cinayətlərində ittiham edilib. 2025-ci ilin iyunun 20-də 8 il müddətinə azadlıqdan məhrum edilib.
Yerli və beynəlxalq insan haqları təşkilatları ittihamların saxta olduğunu bildirib, Azərbaycan hakimiyyətindən jurnalistlərin azad edilməsini tələb ediblər.