ABŞ prezidenti Donald Tramp Azərbaycandan rüşvət almaqda ittiham olunan demokrat konqresmen Henri Kuelyarı əfv edib.
“Azadlıq Radiosu”nun məlumatına görə, Kuelyar bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək prezidentə təşəkkürünü bildirib:
“Bu əfv bizə yenidən başlamaq imkanı verir. Səs-küy aradan qalxdı. Görüləsi işlər var və mən onları birbaşa qarşılamaya hazıram”, – deyə o yazıb.
2024-cü ilin mayında ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatından olan üzvü Henri Kuelyar və xanımı, 67 yaşlı İmelda Kuelyar Meksikada yerləşən bir bankdan və Azərbaycana məxsus neft-qaz şirkətindən ümumilikdə 600 min dollar rüşvət almaqda ittiham olunmuşdu. 68 yaşlı Kuelyar bütün ittihamları rədd edərək özünü günahsız adlandırmışdı.
Onlar Meksikadakı bankın və Azərbaycana məxsus enerji şirkətinin maraqları naminə göstərdikləri lobbiçilik səylərinə görə rüşvətxorluq və pulların yuyulması ittihamları ilə üzləşmişdilər. Bu iş üzrə daha sonra 67 yaşlı Azərbaycan vətəndaşı İradə Axundovaya da ittiham irəli sürülüb. O, ABŞ Ədliyyə Nazirliyində xarici agent kimi qeydiyyatdan keçmədən Azərbaycan maraqlarını təmsil etməkdə suçlanıb. Axundovanın ittihamı qəbul etdiyi və ABŞ hakimiyyəti ilə tam əməkdaşlıq etdiyi bildirilir.
İttihamnaməyə görə, Azərbaycan neft şirkəti əvvəlcə ödənişləri konqresmenin həyat yoldaşı İmelda Kuelyara və Texasda cütlüyün iki övladının adına təsis olunmuş şirkət vasitəsilə həyata keçirib. Həmin şirkətə saxta müqavilə əsasında “naməlum” strateji konsaltinq xidmətləri müqabilində ayda 25 min dollar ödənildiyi iddia olunub.
Sənədlərdə qeyd olunurdu ki, Azərbaycan rəsmiləri ölkənin Ermənistanla ərazi münaqişəsində və Azərbaycan vətəndaşlarının miqrasiya statusu məsələlərində Bakının ABŞ-nin strateji müttəfiqi kimi təqdim olunmasına dəstək qazanmağa çalışıblar. İddialara görə, Kuelyar ABŞ Konqresində qanunvericilik təşəbbüslərinə təsir göstərməli və Azərbaycanın xeyrinə çıxışlar etməli idi. O, bir müddət Konqresdəki Azərbaycan kokusunun həmsədri olub.
Azərbaycan hökuməti bu ittihamlarla bağlı rəsmi mövqe bildirməyib.