Volodimir Zelenski deyib ki, Ukraynanın iştirakı olmadan aparılan danışıqların nəticələrini qəbul etməyəcəklər
Fevralın 18-də ABŞ və Rusiya rəsmiləri Ukrayna ilə müharibə başa çatandan sonra biznes və investisiya imkanlarını nəzərdən keçirməklə bağlı razılıq əldə ediblər. “The Guardian” nəşrinin yazdığına görə, tərəflərin Səudiyyə Ərəbistanında verdiyi bu bəyanat Trampın Putinin xeyrinə sülh razılaşmasına səy göstərəcəyinə dair narahatlıqların artdığı dövrə təsadüf edib.
Ər-Riyadda keçirilən görüşdə ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna sülh danışıqları üçün yüksək səviyyəli heyət yaradıldığını bildirib. Rubio ilə yanaşı ABŞ tərəfindən görüşdə ABŞ-nin milli təhlükəsizlik üzrə məsləhətçisi Mayk Valz və Trampın Yaxın Şərqdəki xüsusi elçisi Stiv Vitkoff da iştirak edib. Digər tərəfi isə Rusiya xarici işlər naziri Sergey Lavrov, Putinin xarici məsələlər üzrə məsləhətçisi Sergey Uşakov təmsil edib.
Müharibənin başa çatdığı təqdirdə Ukrayna ərazisinə sülhməramlıların yerləşdirilməsi təklifinə münasibət bildirən Lavrov deyib ki, başqa bayraq altında olsa belə, NATO qoşunlarının Ukraynaya göndərilməsi Moskva üçün qəbuledilməzdir.
“Prezident Putinin dəfələrlə vurğuladığı fikirləri həmkarlarımızın diqqətinə çatdırdıq. NATO-nun genişlənməsi Rusiya Federasiyasının maraqlarına və bizim suverenliyimizə birbaşa təhlükə yaradır”, – deyə Lavrov bildirib.
Bu görüş Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədən sonra yüksək səviyyədə təşkil olunan ilk danışıq cəhdi idi. Danışıqlardan sonra açıqlanan ifadələr isə çox diqqətlə seçilib. Rubio görüşü “uzun və çətin olan bu yolda ilk addım” kimi dəyərləndirib və əlavə edib ki, müharibənin başa çatmasını Ukrayna, Rusiya və Avropa da daxil olmaqla bütün tərəflər qəbul etməlidir.
Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev deyib ki, tərəflər bir-birini dinləsələr də kompromislər haqqında danışmaq hələ tezdir. Putin isə Riyad danışıqlarına münasibət bildirməyib.
Vaşinqton və Moskvanın onların maraqlarını kənarda saxlayacağından ehtiyat edən Kiyev və müttəfiqləri bazar ertəsi Avropa Birliyi ölkələrinin və Böyük Britaniyanın iştirakı ilə fövqəladə görüş keçirib. Fransa prezidenti Emmanuel Makron bu görüşdən sonra həm Tramp, həm də Zelenski ilə danışdığını bildirib.
“Biz Ukraynada güclü və davamlı sülhün bərqərar olmasına çalışırıq. Buna nail olmaq üçün Rusiya aqressiyasına son qoymalı, ukraynalıların təhlükəsizliyinə etibarlı qarantiya verməlidir”, – deyə Makron “X” platformasında yazıb.
Ukrayna rəsmiləri bu görüşə dəvət edilməyib. Ankarada səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, onların iştirakı olmadan aparılan danışıqların nəticələrini qəbul etməyəcəklər.