Avropa Məhkəməsi Azərbaycan hökumətini “Obyektiv TV işi”nə görə cərimələyib

Avropa Məhkəməsi Azərbaycan hökumətini “Obyektiv TV işi”nə görə cərimələyib Foto: DW
21 Fevral 2025
Mətni dəyiş

Məhkəmənin qərarında qeyd edilir ki, keçmiş Milli Televiziya və Radio Şurası 2010-cu ildə “Obyektiv Radio”ya yayım hüququ verməməklə ərizəçilərin ifadə azadlığı hüququnu pozub

Azərbaycan “Obyektiv Televiziya və Radio Yayımları Şirkəti”nə yayım lisenziyası verməkdən imtina etməklə ifadə azadlığı ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsini pozub. Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) fevralın 18-də çıxardığı qərarda belə deyilib.

2010-cu ildə iddiaçılar  – “Obyektiv Televiziya və Radio Yayımları Şirkəti”nin təsisçiləri Mehman Əliyev, Emin Hüseynov və Rəsul Cəfərov 103.3 FM radio tezliyində yayımlanmaq üçün lisenziya tenderində iştirak ediblər. 

Ərizəçilərdən Mehman Əliyev müstəqil media qurumu olan “Turan” İnformasiya Agentliyinin direktoru, Rəsul Cəfərov isə digər müstəqil kanal olan “Alternative Radio”nun təsisçisi idi.

"Azadlıq Radiosu"nun məlumatına görə, həmin dövrdə bu tezliyi əldə etmək üçün üç namizəd – “Obyektiv Radio”, “Alternative Radio” və “Golden Prince” MMC yarışıb. 2011-ci ilin yanvar ayında müsabiqənin qalibi “Golden Prince” MMC elan edilib və “Araz Radio” adı altında yayıma başlayıb. 

Məhkəmə qərarından əvvəl Rəsul Cəfərov və hökumət arasında razılaşma əldə olunub. Bu razılaşmaya əsasən, Cəfərov ərizəsini geri götürməyi qəbul edib, hökumət isə ona 3.000 avro (3.100 dollar) məbləğində təzminat ödəməyə razılaşıb.

Digər şikayətçilər olan “Obyektiv Radio” və onun təsisçiləri Mehman Əliyev və Emin Hüseynovu məhkəmədə media hüquqları üzrə vəkil Rəşid Hacılı təmsil edib və onlar AİHM-ə olan müraciətlərini davam etdiriblər.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları (OCCRP) layihəsinin dərc etdiyi araşdırmadan sonra “Golden Prince” MMC-nin Əli Həsənovun Oğlu Şamxal Həsənliyə verildiyi məlum olub. Əli Həsənov həmin illərdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri idi. 

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun (RATİ) bu haqda yaydığı məlumatda qeyd edilir ki, AİHM-in bu qərarı Azərbaycanda media qurumlarına lisenziyaların verilməsi prosesinə dərin siyasi müdaxilənin olduğunu göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun