Dövlət qurumları son 3 ayda milyonlarla vəsaiti tendersiz xərcləyib

Dövlət qurumları son 3 ayda milyonlarla vəsaiti tendersiz xərcləyib
18 Fevral 2025
Mətni dəyiş

“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” 3 ay ərzində 22 satınalma üzrə 3,5 milyon manatdan çox dövlət vəsaitini tender keçirmədən xərcləyib

“Abzas Media”nın araşdırma qrupu dövlət satınalmalarının vahid internet portalında dərc olunan tenderlərin monitorinqini aparıb. Jurnalistlər 2024-cü ilin noyabrında 2181, həmin ilin dekabrında 3127, habelə, 2025-ci ilin yanvarında 1759 olmaqla, ümumilikdə 7067 satınalma müqaviləsini yoxlayıb.

İlkin yoxlamalar zamanı məlum olub ki, bir sıra malların işləri və xidmətlər şübhəli formada bəlli şirkətlərdən satın alınıb, müqavilələr haqqında məlumatlar qanunda nəzərdə tutulan müddətdən gec açıqlanıb.

Halbuki, "Dövlət satınalmaları haqqında" Qanunun 38.11-ci maddəsində qeyd olunur ki, satınalma müqaviləsi imzalandıqdan sonra 3 gün ərzində bununla bağlı məlumatlar dövlət satınalmalarının vahid internet portalında dərc olunmalıdır.

Satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində satın alan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə portalda məlumat yerləşdirilməlidir

Ancaq monitorinqlər zamanı bəlli olub ki, satınalmalara nəzarət edən icraçı orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti [red. hazırkı adı və statusu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi] qanunun bu tələbini nəzərə almayıb.

Yoxlamalar zamanı müşahidə edilib ki, 2024-cü ilin noyabrında imzalanan yüzlərlə satınalma müqaviləsi nəinki 3 iş günü, heç müqavilənin qüvvəyə mindiyi ay ərzində də dərc edilməyib. Ötən ilin noyabrına aid satınalma müqavilələrinin dərci hətta 2025-ci ilin yanvar ayında da davam edib.

Tenderlər haqqında məlumatların dövlət satınalmalarının elektron portalında qanunda nəzərdə tutulan müddətdə dərc olunmaması satınalmaların monitorinqini çətinləşdirməklə yanaşı, müqavilələrinin imzalanmasında şəffaflığın təmin olunub-olunmamasına dair suallar yaradır.

Dövlət satınalmalarının vahid internet portalı yoxlamalar üçün də əlverişsizdir. Belə ki, saytın bağlanmış müqavilələr hissəsində zaman aralığını seçmək mümkün olsa da, tender keçirilmə metodları üzrə axtarışlar etmək mümkün deyil. Sistem tutulmaları və VÖEN-lərlə bağlı məlumatlardakı bəzi yanlışlıqlar yoxlamaları daha da çətinləşdirir.

“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”

Yoxlamalar zamanı əsas üstünlük bir mənbə üsulu ilə imzalanan tenderlərə verilib. Monitorinq zamanı məlum olub ki, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” 3 ay ərzində 22 satınalma üzrə ümumilikdə 3,5 milyon manat dövlət vəsaitini tender keçirmədən xərcləyib.

"Dövlət satınalmaları haqqında" Qanunun 49.1-ci maddəsi "bir mənbədən" satınalma metodunun tətbiqi ilə bağlı şərtləri müəyyən edir. 

Maddə 49.1. Aşağıdakı hallarda satınalan təşkilat bu Qanunun 44.4-cü maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunu tətbiq edə bilər: 

49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda;

49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda; 

49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

Ancaq “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin imzaladığı müqavilələrdən aydın olur ki, bu satınalmalar 49.1-ci maddədə qeyd olunan tələblərlə o qədər də uyğun gəlmir. Müqavilələr əsasən nəqliyyat vasitələrinin və avadanlıqların, tədbirlərin təşkili xidmətlərinin satın alınmasını əhatə edib.

İmzalanan müqavilələrin 3 ay ərzində maliyyə dəyəri

 

 

 

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti

2 satınalma üzrə 307.911,80 AZN

Bir mənbə

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti

18 satınalma üzrə 2.612.973 AZN

Bir mənbə

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti

2 satınalma üzrə 619.918 AZN

Bir mənbə

Faizlə hesablandıqda, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” 3 ay ərzində bütün satınalmaların 100 faizini tender keçirmədən təşkil edib.

Dövlət Ehtiyatları Agentliyi 

Daha çox bir mənbədən imzalanan tenderlərə üstünlük verən qurumlardan biri də Dövlət Ehtiyatları Agentliyidir. Agentlik 2024-cü ilin noyabr, dekabr, habelə, 2025-ci ilin yanvar aylarında 26 satınalma üzrə 2.268.795,91(iki milyon iki yüz altmış səkkiz min yeddi yüz doxsan beş manat doxsan bir qəpik) manatı "bir mənbə", 1.433 (min dörd yüz otuz üç) manatı "birbaşa" satınalma metodu tətbiq edilməklə ümumilikdə 2.270.228,91 (iki milyon iki yüz yetmiş min iki yüz iyirmi səkkiz manat doxsan bir qəpik) manat dövlət vəsaitini tender keçirmədən xərcləyib.

FHN-in Maddi-Texniki Təchizat İdarəsi

Büdcə vəsaitlərinin xərclənməsi zamanı tender keçirmədən, "bir mənbə" üsulu ilə çoxsaylı satınalma müqaviləsi imzalayan qurumlardan biri də Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsidir.

İdarə 2024-cü ilin noyabr, dekabr, habelə, 2025-ci ilin yanvar ayında imzaladığı 22 satınalma müqaviləsinin 15-ni tender keçirmədən, "bir mənbə" üsulu tətbiq edilməklə imzalayıb. Bu isə ümumilikdə 3 ayda 6.037.136 (altı milyon otuz yeddi min yüz otuz altı) manat dövlət vəsaitinin rəqabətsiz və qeyri-şəffaf mühitdə istifadəsinə razılıq verildiyini  göstərir. 

Fövqəladə Hallar Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin imzaladığı satınalma müqavilələri

Fövqəladə Hallar Nazirliyinin özünün və digər tabeli qurumların satınalmalarında da şübhəli məqamlar nəzərə çarpır. Bir sıra tenderlər üzrə müqavilə imzalanan təchizatçılarla bağlı araşdırma aparanda məlum olur ki, onlar yarandıqları gündən etibarən ancaq Fövqəladə Hallar Nazirliyinin və tabeli qurumlarının tenderlərinin qalibi olurlar.

Məsələn, 2020-ci ildə yaradılan "Təməl Tikinti MMC" 2021-ci ildən etibarən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyətinin elan etdiyi 23 satınalma üzrə qalib olub.

2024-cü ilin noyabrında "Təməl Tikinti MMC ilə dəyəri 1.076.821 (bir milyon yetmiş altı min səkkiz yüz iyirmi bir) manat olan 3 satınalma müqaviləsi imzalanıb.  MMC yarandığı gündən bəri ancaq Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyətinin satınalmalarının qalibi elan edilib.

Bundan əlavə, araşdırma dövründə "Fim Group" MMC ilə imzalanan satınalma müqavilələri üzrə də eyni hallar aşkar edilib. Bu şirkət yarandığı 2018-ci ildən etibarən ancaq Fövqəladə Hallar Nazirliyinin və tabeli qurumlarının tenderlərinin qalibi olub.

Belə ki, 2023-cü ilin oktyabrından 2025-ci ilin yanvarına kimi "Fim Group" MMC ilə ümumilikdə 7 satınalma müqaviləsi imzalanıb. Monitorinqin əhatə etdiyi 2024-cü ilin dekabr, habelə, 2025-ci ilin yanvar ayında şirkətlə ümumilikdə 5.249.123 (beş milyon iki yüz qırx doqquz min yüz iyirmi üç) manat dəyərində 4 satınalma müqaviləsi imzalanıb ki, bunun yalnız birində tender keçirilib.

"Abzas Media" hər iki şirkətlə bağlı araşdırmaları davam etdirir. 

Xəstəxanalar...

Ölkədə səhiyyə fəaliyyətinin təşkili üçün istifadə olunan mal və avadanlıqlar əsasən tibbi, spesifik xüsusiyyətlərə malik təchizat olduğundan onların satınalınması zamanı "bir mənbə" və ya "birbaşa" satınalma metodu tətbiq edilməklə müqavilələrin imzalanması başa düşüləndir. Ancaq monitorinqlər zamanı məlum olub ki, bu büdcə qrupuna aid olan dövlət xəstəxanaları digər, alternativləri olan və tibbi əhəmiyyət daşımayan məhsulları da bir çox hallarda "bir mənbə" və ya "birbaşa" satınalma metodu tətbiq etməklə alıblar.

Azərbaycanın müxtəlif rayonlarının mərkəzi xəstəxanaları monitorinq dövründə 351 satınalma üzrə 1.072.796 (bir milyon yetmiş iki min yeddi yüz doxsan altı) manatı bir mənbə, 1.143.493 (bir milyon yüz qırx üç min dörd yüz doxsan üç) manatlıq birbaşa satınalma metodu tətbiq edilməklə, ümumilikdə 2.216.287 (iki milyon iki yüz on altı min iki yüz səksən yeddi) manat dövlət vəsaitini tender keçirmədən istifadə ediblər. Bu satınalmalar əsasən avadanlıqların alınması, texniki dəstək və bir sıra bu kimi xidmətləri də əhatə edib.

Açıq tenderlərlə bağlı faiz göstəricilərinin yüksək olması açıq tenderlərin sayının çox olması mənasını vermir. Qanunda 100 min manatdan yüksək maliyyə dəyəri olan satınalmaların, əsasən, açıq tender metodu ilə keçirilməsi tövsiyə edildiyi üçün, bu qəbildən satınalmalar adətən açıq tender üsulu ilə keçirilir.

Ümumilikdə isə 351 satınalmanın 141-i tender keçirilmədən təşkil olunub. Hətta açıq və kotirovka sorğusu əsasında təşkil olunan yüzlərlə tender də elektron portalda yox, kağız üzərində təşkil olunub.

Rayon icra hakimiyyətlərinin nümayəndəlikləri...

Ölkə üzrə rayon icra hakimiyyətlərinin nümayəndəlikləri ilin son 2 ayında satınalmalarla bağlı xüsusi fəallıq göstəriblər. Bu müddətdə kütləvi satınalma müqavilələri imzalanıb. Yoxlamalarla məlum olub ki, nümayəndəliklər dəftərxana və mətbəə xidmətləri kimi sadə satınalmalar üçün bir yox, bir neçə satınalma müqaviləsi imzalayıblar ki, bu da effektivlik və səmərəlilik baxımından şübhələr doğurur.

Məsələn, Qəbələ rayon İcra Hakimiyyətinin Xırxatala kənd İnzibati ərazi vahidi üzrə nümayəndəliyi 27 noyabr 2024-cü ildə fiziki şəxs Məhəmmədov Cəbrayıl Məhəmməd oğlu ilə "dəftərxana və təsərrüfat mallarının satınalınması" xidmətləri üzrə müqavilə imzalayıb.

2 müqavilənin ümumilikdə 300 (üç yüz) manata qədər dəyəri olub və satınalma şərtləri açıqlanmayıb.

Bir istiqamətdə olan iki xidmətin eyni dövrdə fərqli satınalma müqavilələrilə alınması səmərəlilik və şəffaflıq baxımından mübahisəlidir.

Ancaq Cəbrayıl Məhəmmədovla müqavilə imzalayan təkcə Xırxatala nümayəndəliyi deyil. Monitorinqlər əsasında ortaya çıxıb ki, Qəbələ rayon İcra Hakimiyyətinin bir çox nümayəndəliyi bu fiziki şəxslə müxtəlif satınalma müqavilələri imzalayıb.

2024-cü ilin noyabrında fiziki şəxs Məhəmmədov Cəbrayıl Məhəmməd oğlu ilə bağlanan satınalma müqavilələri

Qaradeyin kənd nümayəndəliyi (239,87 AZN) - bir mənbə

Yengicə kənd nümayəndəliyi ( 477,61 AZN) - bir mənbə

Xırxatala kənd nümayəndəliyi (239,96 AZN) - bir mənbə

Yengicə kənd nümayəndəliyi (237,82 AZN) - bir mənbə

Həzrə kənd nümayəndəliyi (240 AZN) - bir mənbə

Məmmədağalı kənd nümayəndəliyi (1.000 AZN) - kotirovka

Mirzəbəyli kənd nümayəndəliyi (239,71 AZN) - bir mənbə

Məmmədağalı kənd nümayəndəliyi (1.000 AZN) - bir mənbə

Əmirvan kənd nümayəndəliyi (238,92 AZN) - bir mənbə

Bılıx kənd nümayəndəliyi (984,15 AZN) - bir mənbə

Yemişanlı kənd nümayəndəliyi (239,17 AZN) - birbaşa

Aydınqışlaq kənd nümayəndəliyi (239,17 AZN) - birbaşa

Pirəli kənd nümayəndəliyi (499,91 AZN) - bir mənbə

Yenikənd kənd nümayəndəliyi (498,12 AZN) - bir mənbə

Yenikənd kənd nümayəndəliyi (984,15 AZN) - bir mənbə

Bı­­lıx kənd nümayəndəliyi (984,15 AZN) - kotirovka

Mollaaşıxlı kənd nümayəndəliyi (498,12 AZN) - bir mənbə

Şamlı kənd nümayəndəliyi (239,96 AZN) - bir mənbə

Bunud kənd nümayəndəliyi (238,17 AZN) - bir mənbə

Qəmərvan kənd nümayəndəliyi (1485 AZN) - birbaşa

Qəmərvan kənd nümayəndəliyi (239,82 AZN) - birbaşa

Şəfili kənd nümayəndəliyi (238,17 AZN) - birbaşa

1 noyabr 2024 - 30 noyabr 2024

Cəmi 11.281,95

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti

Monitorinqlər zamanı məlum olub ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti yoxlamaların əhatə etdiyi 3 ay ərzində 18.299.925 (on səkkiz milyon iki yüz doxsan doqquz min doqquz yüz iyirmi beş) manatı bir mənbədən, 1.503.549 (bir milyon beş yüz üç min beş yüz qırx doqquz) manatı birbaşa satınalma metodu tətbiq edilməklə, ümumilikdə 19.803.474 (on doqquz milyon səkkiz yüz üç min dörd yüz yetmiş dörd) manat dövlət vəsaitini tender keçirmədən istifadə edib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

 Yoxlamalar zamanı Bakı Metropoliteni ilə bağlı da şübhəli məqamlar aşkarlanıb. Belə ki, "Bakı Metropoliteni" QSC monitorinqlərin əhatə etdiyi 3 ay ərzində 4.689.183,20 (dörd milyon altı yüz səksən doqquz min yüz səksən üç manat iyirmi qəpik) dövlət vəsaitinin bir mənə metodu tətbiq etməklə, 3.700 (üç min yeddi yüz) manat dövlət vəsaitini isə birbaşa satınalma metodu tətbiq etməklə tender keçirmədən xərcləyib.

Monitorinqlər şəffaf tender prosedurlarından istifadə etməyən bir neçə dövlət qurumunu əhatə etməklə, dövlət satınalmalarının vahid internet portalında dərc olunan məlumatlar əsasında aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun